BVF-nin ölkəmizdə ÜDM-ə dair nikbin proqnozları nədən irəli gəlir?
Pərviz Heydərov yazır…
Beynəlxalq Valyuta Fondu (BVF) Dünya Bankı (DB) ilə birgə qlobal iqtisadiyyata dair bədbin proqnozlar irəli sürdüyü halda ölkəmizlə bağlı gözləntisini yaxşılaşdırıb. Adıçəkilən qurum bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 3,7% artıq olacağını bildirib.
Qurumun cari ilin aprel ayı üzrə proqnozu isə 0,9% bənd bundan aşağı idi. BVF gələn il isə Azərbaycan iqtisadiyyatının 2,5% böyüyəcəyini və sonrakı illər ərzində artımın bu rəqəm ətrafında qalacağını vurğulayıb.
Etiraf etməliyik ki, olduqca nikbin proqnozlardır. Hətta, hökumətin gözləntilərindən də nikbin proqnozlar… Hökumət bu il üçün real ÜDM istehsalını əvvəl 3,4% proqnozlaşdırmışdı. Söhbət il başlamamışdan öncədən gedir.
2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada isə qeyd edilir ki, İqtisadiyyat Nazirliyinin hazırladığı 2023-cü il, sonrakı 3 il üzrə ssenaridə makroiqtisadi proqnoz göstəricilərinə əsasən cari ildə ölkədə ÜDM-in real artımı 3,5% təşkil etməklə 11 milyard 700 milyon 300 min manat olacaq.
Yeri gəlmişkən, o cümlədən qeyri-neft-qaz ÜDM-nin artımı 7,3% olmaqla 6 milyard 700 milyon 100 min manat təşkil edəcək ki, bu, neftin 1 barelinin orta illik ixrac qiymətinin 2023-2026-cı illər üçün 50 ABŞ dolları civarında fərz edilməklə proqnozlaşdırılıb.
Göründüyü kimi hökumətin irəli sürdüyü rəqəmlər BVF-nin gözləntisindən az təşkil edir ki, bu da təsadüfi deyil. Çünki bunu yaradan əsas səbəblər var. Bunlardan birincisi ondan ibarətdir ki, qlobal iqtisadiyyatda “dağınıqlıq yaranması” səbəbindən bütün ölkələrdə inflyasiyanın durmadan yüksəldiyi və istehsalın zəiflədiyi fonda Azərbaycanda artım nəyinki azalmır, hətta genişlənir.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və sahibkarlar tərəfindən 9 milyard 800 milyon 100 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çox ÜDM istehsal edilib ki, ilin başa çatmasına hələ iki aydan bir az artıq vaxt qaldığından real artım hətta hökumətin də, BVF-nin də proqnozlardan yuxarı səviyyədə təşkil edə bilər.
İkinci səbəbsə odur ki, ölkə iqtisadiyyatı keçən il 2020-ci ildəki pandemiyadan sonra tez bərpa olundu. Və tənəzzüldən ikiqat artıq çıxdı. Xatırladaq ki, 2020-ci ili 4,3% enişlə başa vurmuşduq. Halbuki, 2019-cu ilin yekununa 2,2% artım qeydə alınmışdı.
Ümumiyyətlə, pandemiya ili olan 2020-ci ili yaxşı başa vurduq: ÜDM istehsalı həcmi 4,3%-dən də çox enə bilərdi.
Lakin, hökumətin gördüyü tədbirlər – atdığı addımlar nəticəsində pandemiya şəraitinin həm daxildən, həm də xaricdən yaratdığı təzyiq və təsirlər müqavimətlə qarşılaşdı ki, Azərbaycan kəskin maliyyə itkilərinə məruz qalmayaraq borc istəyən ölkələr sırasına düşmədi.
2021-ci ildə 5,6%-lik iqtisadi yüksəliş əldə edildi.
BVF-yə nikbin yanaşmağa əsas verən üçüncü səbəb və yaxud faktorsa ondan ibarətdir ki, ölkəmizin dövlət gəlirlərinin əsasını təşkil edən dünya enerji bazarında artıq xeyli müddətdir əlverişli konyunktur vəziyyət hökm sürür.
Etiraf etməliyik ki, ölkəmizin həm pandemiyanın təsirlərindən tez yaxa qurtarmasında, həm də yüksək dinamika nümayiş etdirməsində neftin dünya bazar qiymətlərinin yüksək səviyyədə olması mühüm rol oynayıb və oynamaqda da davam edir. Yuxarıda növbəti il üçün hətta qeyri-neft-qaz ÜDM-nin artımından danışarkən belə, neftin 1 barelinin orta illik ixrac qiymətinin 2023-2026-cı illər üçün 50 ABŞ dolları civarında proqnozlaşdırıldığını təsadüfən qeyd etmədim.
Hökumətin neftin orta illik ixrac qiymətini qarşıdakı 3 il ərzində 50 ABŞ dolları səviyyəsində nəzərdə tutması xüsusən, əlavə perspektivlər vəd etməkdədir.
Lakin… Dinamikaya rəvac verən qeyri-neft-qaz sektorudur. Son illər ərzində məhz bu sahədə müsbət tendensiya və ixracın artması faktoru ümumi iqtisadi inkişafa və artıma töhfə verib və verir. Yuxarıda cari ilin yekununa ölkədə ÜDM-in real artımının 3,5% təşkil edəcəyini qeyd etməklə ardınca təsadüfən, qeyri-neft üzrə ÜDM-in də 7,3% çoxalaraq 6 milyard 700 milyon 100 min manata bərabər olacağını qeyd etmədim.
Ümumiyyətlə, proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft-qaz ÜDM-nin həcminin 2023-cü ilin sonuna 7 milyard 300 milyon 100 min manat, 2026-cı ildə isə 9 milyard 200 milyon 300 min manata qədər artacağı və real artım tempinin 4,5-5,1% olacağı gözlənilir.
Gələcəyinə, yəni 2026-cı ilə doğru isə ÜDM-in real artım tempi tədricən zəifləyəcək ki, bu da neft-qaz sektorunun sözügedən göstəricidə real artım tempinin azalacağı faktından irəli gələcək.
Yeri gəlmişkən, Valyuta Fondunun ÜDM-in 2027-ci il üzrə artım proqnozu 2,5% təşkil edir. Hökumətə görə isə bu rəqəm 3,4% təşkil edəcək.
İqtisadi artımın əsas hərəkətverici qüvvəsi rolunda çıxış edən neft sektorunun qeyri-neft-qazla yerlərini dəyişəcəyi nəticəsində 2026-cı ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı 78%-ə, neft sektorunun isə 22%-ə çatmalıdır.