Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli
Dünyada olduğu kimi ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam edir. Ümumiyyətlə, bu il ərzində bahalaşma tendensiyasının heç bir ay ərzində səngimədiyi, əksinə, hər keçən müddətdə bir az da sürətlənərək, yüksələn xətt üzrə inkişafı müşahidə edilib. İlin başa çatmasına isə az qalır. Bu o deməkdir ki, 2022-ci il ən böyük bahalaşma ili olaraq yadda qalacaq.
Ötən 2 ay ərzində bahalaşma ən çox çörəyin, un məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının qiymətlərində qeydə alınıb. Ümumiyyətlə, 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər, tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2%, əvvəlki ilin avqust ayına nisbətən isə 20,8 % artıq olub.
Sentyabrda isə bahalaşma daha çox ət və ət məhsullarında qeydə alınıb. İçkilər və tütün məmulatları 18,9% bahalaşıb. Çörək, un, peçenye, makaron, toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, pendir, kəsmik, şəkərli süd, quru meyvələr, içki, şirə, su və mağazalardakı həyat üçün digər önəmli məhsulların da qiymətlərində artım baş verib.
Ümumiyyətlə, ölkəmizdə bahalaşma və inflyasiya göstəricisi 13%-i keçib. Yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 13,2%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9%, qeyri-ərzaq məhsulları üzrə 7,2%, əhaliyə xidmətlər üzrə isə 10% təşkil edib. Avqustda istehlak qiymətləri indeksi iyula nisbətən 9%, ötən ilin eyni ayı ilə müqayisədə isə 14,2% yüksəldi.
Yay ayları bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər nəinki ucuzlaşmadı, heç sabit də qalmadı. Keçən ilin əvvəlindən start götürən proses davam etdi. Bu gün də anoloji vəziyyət qalmaqdadır. Fikrimcə, üzü qışa doğru bəzi məhsullarda daha yuxarı tempə şahid ola bilərik. Belə ki, bunu ilk olaraq dünyada və o cümlədən, Avropada enerji böhranının səngiməyəcəyi gözləntisi deməyə əsas verir. Həm də ümumiyyətlə, üzü qışa doğru qiymətlərin qalxması ənənəvi xarakter daşıyır.
Bəs bu gedişat bizi hara aparır? Bahalaşma və inflyasiya prosesinin davamlılığı tendensiyasının ardıcıl ortaya çıxardığı mənfi fəsadlar necə və hansı yolla aradan qaldırılmalı və ya zəiflətdilməlidir? Bu ardıcıllıq nə vaxt və hansı həddə dayanacaq, yaxud dayana bilər?
Məsələ ondadır ki, proses sırf bizimlə əlaqədar amillərdən qaynaqlanmır. Hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət qlobal trenddən, ümumi tendensiyadan gedir.
Məsələn, ötən ay Türkiyədə inflyasiya son 25 ildə rekord vurub. Sentyabrda ölkədə inflyasiya 3,08% artıb. İllik əsasda artım 83,45% təşkil edib ki, bu da 1997-ci ildən bəri rekord göstəricidir. Niderlandda inflyasiya sentyabrda 1963-cü ildən bəri ən yüksək həddə çatıb. Avqustda 12% təşkil edənn illik inflyasiya sentyabrda 14,5%-ə qalxıb və bu, inflyasiyanın izlənməyə başlandığı 1963-cü ildən bəri müşahidə edilən ən yüksək rəqəm kimi qeydə alınıb.
Xüsusilə enerji qiymətlərinin artmasının inflyasiyaya təsiri olub. Enerji qiymətləri sentyabr ayında əvvəlki ilin eyni ayına görə 200% artıb. Hazırda həm dünyada, həm ölkəmizdə bir tərəfdən bazar çox güclü nəzarət tələb edir, digər tərəfdən isə bunu tam olaraq təmin etmək mümkün sayılmır. O baxımdan ki, qiymətlərə sərt müdaxilə bazar mexanizmi prinsiplərinə ziddir.
Məsələn, bahalaşma və inflyasiya prosesində kənd təsərrüfatı və qida məhsullarının qiymətləri əsas yer tutur. Buna da zərurət yaradan, əsas hərəkət və təkanverici faktor rolunda çıxış edən enerjidaşıyıcılarıdır. Söhbət, qlobal miqyasdan gedir. Bizdə əsas yanacaq növləri üzrə qiymətlər nəzarətdə saxlanır. Bu, həmin yanacaq növlərinin daxildə istehsal edilməsi, yəni neft ölkəsi olmağımızla izah olunsa da, dövlətin “cibinin” hesabına başa gəlir. Ümumiyyətlə, istehlak bazarına nəzarət və müəyyən tənzimləmələr zamanı hökumət ziyana gedir, daha doğrusu, getməyə məcbur qalır. Bu səbəbdən də kompensasiya xarakterli üsul və mexanizmlərə əl atılmalı olur.
İndi tutaq ki, enerjidaşıyıcıları ölkəsi olmasaydıq, bunları da kənardan idxal etsəydik, haqqında danışdığımız bahalaşma və infyasiya göstəriciləri daha faciəli səviyyədə olardı. Ölkəmizdə proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tədbiq edilir. Düzdür, effekt azdır. O səbəbdən ki, ortada obyektiv səbəblər mövcuddur. Bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və sair.
Odur ki, bahalaşmanın səngiməsi üçün prosesin qlobal miqyasda dayanması lazımdır.. Yoxsa, xüsusən ən zəruri istehlak mallarının, qida ilə ərzağın qiymət yüksəlişi hələ uzun müddət müşahidə olunacaq.
Mənfi fəsadları aradan qaldırmaq tədbirlərinə gəldikdə isə, hesab edirəm, birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, başqa sözlə desəm, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır. Yəni, növbəti geniş sosial paket həyata keçirilməlidir. Bu, ilin əvvəlində olacaq. Ancaq həmin vaxta bahalaşma səngiyəcək, ya yox – orası məlum deyil.
Pərviz Heydərov