Sərhəddəki mülki missiya və ya Rusiya-Qərb toqquşması Ermənistan ərazisinə köçürülür

 

Analitik: “Maraqları nəzərə alınmasa, rəsmi Bakı öz ərazisində fəaliyyət göstərməyən missiya ilə əməkdaşlıqdan imtina imkanını özündə saxlayır”

Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı (Aİ) liderlərinin oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşündə Aİ mülki missiyasının Ermənistan-Azərbnaycan sərhədinə gətirilməsi razılaşdırılıb. Görüşlə bağlı Yelisey sarayının yaydığı bəyanatda bildirilir ki, missiya sərhədin Ermənistan tərəfində monitorinqlər aparacaq. Buna Ermənistan razılıq verib, Azərbaycan etiraz etməyib. Mülki missiya oktyabrda fəaliyyətə başlayacaq və 2 ay işini davam etdirəcək.

Bəyanatda missiyanın nə ilə məşğul olacağı konkret qeyd edilməsə də, ekspertlər bildirirlər ki, mülki missiya monitorinq aparacaq, eyni zamanda, sərhədlərin delimitasiyasına köməklik göstərəcək.

Aİ missiyasının bölgəyə gəlişi ilə bağlı bir sıra fikirlər səsləndirilir. Bəzi politoloqlar qeyd edirlər ki, bu, Qərbin bölgəyə fiziki gəlişidir. Hətta bəzi ehtimallara görə, bu, Rusiya-Ermənistan münasibətlərini gərginləşdirəcək, eyniz amanda, Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasına səbəb ola bilər.

Milli Məclisin üzvü, deputat Zahid Oruc deyir ki, əslində Qərbin niyyəti hərbi missiyasını bölgəyə göndərməkdir. Onun sözlərinə görə, Fransa bir ildən çoxdur ki, Azərbaycanla hələ müəyyənləşməmiş sərhəddə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və dövlətimizə hər cür təzyiq edir: “Son Praqa görüşündə yalnız mülki missiyanın, özü də bizim ərazilərə deyil, Ermənistana göndəriləcəyi qərarı Prezident İlham Əliyevin hərbi qələbəmizi beynəlxalq diplomatiya səngərində də qətiyyətlə qoruduğunu göstərdi”.

“Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa ad altında sərhədə can atırlar. Məkrli plana dövlətimizin haqlı etirazı əleyhimizə ikinci cəbhənin açılması, sərhəddin səngərə, döyüş zolağına çevrilməsi təhlükəsi ilə bağlıdır. Ona görə də Prezident İlham Əliyev Şarl Mişelin ləyaqətli, əsil Avropa lideri kimi davranışları ilə müqayisədə Emmanuel Makronun apardığı oyunu pozur”, – deyə deputat hesab edir.

Millət vəkili qeyd edib ki, hələ bir ay əvvəl ölkəmizi hərbi təcavüzdə günahlandıran Fransa müdafiə naziri sərhəddə gələn heyətin məhz ordu qüvvələri olacağını açıq deyir: “Yəni neytral qüvvələrin deyil, siyahısı Ağ Ev və Yeliseydən verilən hərbçilər gəlib iki xalqın sərhəddini cızacaqlar. Delimitasiya və demarkasiya komissiyasını Rusiya ilə yaradan Ermənistana haqlı olaraq, Kolllektiv Təhlükəsizlik Təşkilatı da etiraz edib. Çünki formal da olsa bu hərbi blokun üzvü olan dövlət Fransa və Amerika hərbi kontingentini gətirib sərhəddini qoruyan rus ordusu ilə bir bayraq altına necə yığacaq? Şübhə yoxdur ki, indi regiona sülh gətirmək istəyənlər 2005 və 2011-ci ildə Bakının tələbi ilə işğal olunmuş ərazilərə gedən ATƏT-in Faktaraşdırıcı Missiyasının balalarıdır. O vaxt 7 rayonun yer üzündən silindiyini görməyən, Zəngilana, Qubadlıya “gözü bağlı” gələnlər indi torpaqlarımıza binoklla baxan hərbi generallarını gətirib Göyçə dağlarına düzmək istəyirlər”.

Analitik Asif Nərimanlı isə deyib ki, Praqa görüşündə razılaşdırılmış mülki missiyanın regiona gəlişi Avropanın və Ermənistanın maraqlarına uyğun görünür. Onun sözlərinə görə, Qərb bu missiya ilə bölgədə iştirakçılıq payını artırır və Rusiya qarşısında güc balansını müəyyən qədər təmin edir.

“Ermənistan isə bununla sərhədin delimitasiyasında istəyini təmin edə biləcəyini hesab edir. Eyni zamanda, Rusiyanın təsirini azaldır, delimitasiyanın SSRİ xəritələri ilə müəyyən edilməsini gündəmdən çıxarmaq və Azərbaycanın bu xəritələrə əsaslanaraq, sərhəd xəttini hərbi müstəvidə bərpa etməsi perspektivinin qarşısını almaq imkanı qazana bilər”, – Nərimanlı vurğulayıb.

Siyasi icmalçı qeyd edib ki, bu, Azərbaycanın sərhədlə bağlı planına uyğun görünmür: “Belə olan halda, ortaya Azərbaycanın missiyanın gəlişinə niyə etiraz etmədiyi sualı çıxır. Hesab edirəm ki, burada Bakının hansı gediş etdiyi və nə planlaşdırdığına diqqət etmək lazımdır. Birincisi, Azərbaycan son sərhəd insidenti zamanı nəzarəti bərpa etdiyi mövqelərdən geri çəkilmir – bəyanatda bununla bağlı heç bir qeydin olmaması sərhəd döyüşlərində əldə edilən nəticələrin buna görə Bakıya ən çox təzyiq edən Qərbdə qəbul edildiyi deməkdir. İkincisi, “sərhəddə monitorinq missiyası” Azərbaycan yox, Ermənistan ərazisində fəaliyyət göstərəcək. Demək ki, Prezident İlham Əliyev missiya ilə Azərbaycan ərazisinə daxil olmadan əməkdaşlıq etmək məsələsində razılaşıb”.

A.Nərimanlı hesab edir ki, bu məqamların siyasi proseslərə təsir edəcəyi aydın görünür: “Bakı Avropanın istəklərini müəyyən qədər nəzərə almaqla yanaşı, müşahidə missiyasını öz ərazisinə qoymamaqla Rusiyanın da maraqlarını nəzərə almış oldu. Həmçinin Ermənistan Avropanı öz ərazisində, həm də bölgədə Rusiyaya rəqib kimi gətirir və bu, Moskvanın maraqlarına qarşı ciddi gedişdir. Bununla Rusiyanın İrəvana qarşı Azərbaycanın maraqlarının nəzərə alındığı gediş edəcəyi perspektivi güclənir. Deməli, Əliyev Qərbin Azərbaycana qarşı cəbhə almasına imkan vermir, Rusiyanın Ermənistana qarşı cəbhə almasına zəmin yaradır. Və proseslərin mümkün inkişafında birinci istiqaməti – İrəvan-Moskva qarşıdurmasını formalaşdırır. Bunun fonunda ikinci istiqamət – Rusiyanın Ermənistana təsir imkanlarının zəifləməsi perspektivi də var. Bakı bu perspektivdə də sərhədin delimitasiyasının Ermənistanın istədiyi kimi olması imkanlarını zəiflədir”.

Analitik xatırladıbn ki, mülki missiyanın bölgədə davamlı yox, maksimum iki ay müddətində qalacaq və əsas işi delimitasiya-demarkasiya komissiyasına kömək etmək olacaq: “Bakının komissiyanın gündəliyinə daxil etdiyi sərhədin SSRİ dövrünün xəritələrinə uyğun müəyyən edilməsi prinsipi dəyişmir. Azərbaycanın maraqları nəzərə alınmasa, rəsmi Bakı öz ərazisində fəaliyyət göstərməyən missiya ilə əməkdaşlıqdan imtina imkanını özündə saxlayır. Azərbaycan və Ermənistan Praqa bəyanatında BMT və Almatı bəyannaməsinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü tanısa da, bu, sərhədin delimitasiya edilməsi qarşısında ciddi əngəl deyil. Delimitasiyadan sonra ərazilər beynəlxalq sənədlərdə sərhəd müqaviləsinə uyğun təsbit edilə bilər”.

“Beləliklə, Bakı Qərb cəbhəsini neytrallaşdırır, Moskva-İrəvan qarşıdurmasına zəmin yaradır və Rusiya-Qərb toqquşmasını mülki missiyanın yerləşəcəyi Ermənistan ərazisinə köçürür”, – deyə analitik fikrini tamamlayıb./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password