Torpağa görə də cərimə gəlir: – Kimlərə şamil olunacaq?
Azərbaycanda torpaqdan təyinatı üzrə istifadə edənlər onun hər hektarına görə 6 manat, istifadə etməyənlər isə 200 manat vergi ödəyəcəklər.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
“Sentyabrın 19-da “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası” təsdiq edilib və bu qaydada dediyim məsələlər öz əksini tapıb.
Cərimə məsələsi 2016-cı ildə imzalanmış müvafiq fərmanda olsa da, bunun tətbiqi üçün lazımi meyarları yox idi. İndi isə həmin meyarlar var və onların əsasında “Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq.
Altsistem hazır olandan sonra cərimə tətbiq ediləcək”, – deyə o, qeyd edib. Nazirlik rəsmisinin sözlərinə görə, yeni altsistem “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sisteminin (EKTİS) tərkibində olacaq, aidiyyəti dövlət qurumları torpaqdan istifadə və torpaqların kadastrı ilə bağlı məlumatları bu sistemə ötürəcək:
“Burada əsas məsələ kənd təsərrüfatı təyinatlı torpaqların məhdud olmasıdır. Odur ki, biz torpaqları qorumalı və təyinatı üzrə, dayanıqlı istifadə etməliyik. Bunun üçün torpaq qanunvericiliyimizdə tələblər var. Son qərar bu baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi hansısa arasdırma varmı və bu, özəl torpaq sahələrinə aiddirmi? İqtisadçı-ekspert Natiq Cəfərlinin bildirdiyinə görə,təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı geniş açıqlama yoxdur:
“Bu, özəl torpaq sahiblərinə aid edilməməlidir. Özəl torpaq sahibi özü bilər, nə əkir, nə vaxt əkir. Əgər torpaq tamamilə həmin şəxsin özünə malikdirsə, buna hansısa bir formada təsir etmək imkanları konstitusion qaydada belə, mümkün deyil. Konstitusiyada mülkiyyət toxunulmazlığı ilə bağlı bəndlər var. Yox, əgər icarədədirsə, dövlət orqanları, icra hakimiyyəti, bələdiyyə tərəfindən uzun müddət icarəyə götürülübsə və heç bir əkin işi aparılmırsa, o zaman icarə verən müqavilədə göstərilən şərtlər daxilində hansısa bir formada irad bildirə, yaxud təsir edə bilər.
İstifadə edilməyən torpaqlardan yüksək vergi tutmaq təklifi ona hesablanıb ki, insanlarda stimul yaransın, vergi ödəməkdən çəkinsin, öz torpaqlarından istifadə etsinlər. Sadəcə, məni narahat edən odur ki, formulda “nəzərdə tutulmuş istiqamətdə istifadə edilməmək” dedikdə nə nəzərdə tutulur? Burada sırf əkilib-biçilməməkmi nəzərdə tutulur, yoxsa torpaq icarəyə götürdükdə, məsələn, kartof üçün verilibsə, orada pambıq əkib? Bu qaydaların pozulması kimi sayılacaq, yoxsa elə bir bölgü aparılmayacaq. Bunu da dövlət orqanları dəqiqləşdirsələr daha yaxşı olar.
Burada da bir məntiqsizlik var. Ola bilər ki, torpaq istifadəçisi pambıq əkmək üçün uzunmüddətli kirayəyə götürüb, ancaq sərf etməyib kartof əkib. Bu onun günahı, yaxud hansısa formada qayda pozuntusu deyil. Əslində, o kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Ancaq ola bilər ki, orada hansısa tikinti, məsələn, əkinçilik üçün icarəyə götürsə də, orada restoran tikib. Bu artıq mübahisələndirilə bilən bir məsələdir”.
Bu gün bölgələrdə torpaq sahiblərinin çoxunun torpaqlarının yalnız bir nəfər əlində cəmləşməsinə gəldikdə isə ekspert deyir ki, əgər qanunvericiliyin tələbləri pozulmursa, subarenda nəzərdə tutulubsa, burada elə bir problem görmürəm:
“Əksinə, qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması varsa, icarə ilə bağlı dövlət orqanları tərəfindən o icarənin yenidən baxılması şərti həmişə müqavilədə göstərilir. Postmajor situasiyada, yəni onların nəzərdə tutulduğu qaydalara uyğun olmayan icarə fəaliyyəti ilə məşğul olursa, o zaman icarəyə verən öz hüquqlarından istifadə edib müqavilədə nəzərdə tutulan qaydada icarəni poza bilər”./cebhe.info