Vətən müharibəsi əlillərinə 20 avtomobil təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 20 nəfər Vətən müharibəsi əlilinə minik avtomobilləri təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri və müharibə veteranları ilə bağlı geniş miqyaslı sosial dəstək paketi icra olunduğunu vurğulayıb.
Qeyd olunub ki, bu dəstək paketi üzrə artıq 119 min şəxsə 243 min xidmət göstərilib. Dəstək tədbirlərinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib. Həmin dövrdə onlara 3900 mənzil verilib.
Ümumilikdə ötən dövrdə isə 12900-dən çox mənzil və fərdi bu kateqoriyalara aid vətəndaşlara təqdim olunub.
Sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə əlillərinin avtomobillə təminatıdır. Təqdim edilən 20 avtomobil də daxil olmaqla müharibə əlillərinə 2022-ci ildə 120, postmüharibə dövründə 284, ümumən ötən dövrdə 7500 avtomobil verilib.
Yeni avtomobillə təmin olunan müharibə əlilləri onların rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işləri razılıqla qeyd edib, göstərilən hərtərəfli qayğıya, bu gün isə avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.