Əliyev-Paşinyan danışıqlarının Praqa RAUNDU: Müzakirələrin arxa fonu

 

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan dördtərəfli formatda görüş keçirdilər.

Azərbaycan-Ermənistan ali səviyyəli dialoqunun Praqa raundu danışıqlar masasının konfiqurasiyasını yeni elementlərlə zənginləşdirən platforma rolunu oynadı.

Azərbaycan sülh müqaviləsinə doğru çətin eşalonları keçib, indi ortada qalan mövzular daha çox texniki məsələlər kimi xarakterizə oluna bilər, hərçənd ki, bunun özü də həddindən artıq asan məsələlər siyahısında yer almır.

İlham Əliyev dördtərəfli görüşün birinci hissəsindən sonra Azərbaycan telekanallarına verdiyi müsahibədə sülhə yavaş-yavaş yaxınlaşıldığını deyib və bu sahədə Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirib.

Bu, o deməkdir ki, Avropa İttifaqının sülh təşəbbüsləri əsasən bütün oyunçuların maraqlarına cavab verən ideyaları stimullaşdırır, çünki Avropa Birliyinin məqsəd və vəzifələri sırasında böyük siyasi ambisiyalar yox, ali iqtisadi parametrlər dayanır.

Görüşün təşkilindəki təşəbbüskarlar – Avropa İttifaqı və bu birliyin əsas hərəkətverici qüvvəsi Fransa Rusiya ilə kəskinləşən gərgin münasibətlər xəttinin tərəfdarı deyil və bir növ ABŞ-la Moskva arasındakı gərginliyi azalda bilən vasitəçilik missiyası ilə addımlar atırlar.

Hərçənd ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini erməni maraqlarına işləyən müstəviyə sürükləmək üçün dəridən-qabıqdan çıxırdı, lakin mövcud geosiyasi reallıqlar onun bu niyyətlərini havaya sovurdu.

Mövzunun Fransa üzrə istiqamətini inkişaf etdirmək üçün dördtərəfli formatdakı görüşdən öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Əliyevlə Paşinyanın qeyri-formal görüşünün baş tutmasına diqqət çəkmək lazımdır.

Ərdoğan regionda Türkiyənin ağırlıq mərkəzi rolunda çıxış etdiyinin mesajlarını Makrona ötürür, elə buna görə də Makrona zarafat və ironiya ilə “Gəl səni də Türk Dövlətləri Təşkilatına (TDT) qəbul edək” deyir. Onun Əliyev və Paşinyanla görüşünü Macarıstanın baş naziri Viktor Orban da müşayiət etdi.

Mesajın hədəfi budur ki, TDT alternativ bir mərkəzə çevrilmək potensiallarına malikdir və təşkilatın Avropada da dəstəkçisi var. Ərdoğanla Əliyevin Praqadakı təmasları bir növ TDT-nin hadisələrə reaksiyasını rəmzləşdirirdi.

Ərdoğan özünün vasitəçiliyi ilə keçirilən Əliyevlə Paşinyanın görüşündə Makronu ofsaydda saxlamağı bacardı. Ərdoğan Türkiyənin Cənubi Qafqazdakı mövcudluq radiusunu genişləndirməyi hədəfləyir və bu istiqamətdə üzdə görünən nəticələrlə yanaşı, ictimaiyyətə açıqlanması məqbul sayılmayan addımlar da atılır.

Ərdoğan Praqada keçirdiyi görüşlərdən sonra təşkil etdiyi mətbuat konfransında Ermənistanla və Paşinyanla ikitərəfli görüşü ilə bağlı suallara adət etdiyimiz siyasi-diplomatik manevrlərlə cavab verdi. Görünür ki, ortada olan razılaşmalar danışıqlara zərbə vurmamaq və ya rəqib tərəflərin əks-fəaliyyətinə rəvac verməmək üçün açıqlanmır.

Hərçənd ki, Paşinyan yenə də əl-ayağa düşərək vurnuxacaq və beynəlxalq dəstək axtarışlarına girişəcək, bununla belə, bu, sülhyaratma prosesinə həlledici bir zərbə vuracaq məzmun qazanmayacaq.

Praqanın ötən gün şahidlik etdiyi gərgin siyasi danışıqların Azərbaycan-Ermənistan üzrə hissəsi nəhayət Əliyev-Paşinyan-Mişel-Makron danışıqlarının yekunu kimi bəyanatın qəbulu ilə nəticələndi.

Bəyanatda ən vacib məqam Azərbaycan və Ermənistanın BMT-nin Nizamnaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etmələridir. Əslində, həmin bənd mahiyyət etibarı ilə yeni bir nida sayılmır, ona görə ki, Paşinyan özü də əvvəllər 1991-ci ildəki ərazi bütövlüyünə dair sənədlərə istinad edərək onu qəbul etdiyini bildirib.

Ancaq bu dəfə bəyanat formasında bunun ifadəsi önəm daşıyır və sülh müqaviləsinin bəndləri üçün ikitərəfli və çoxtərəfli formatda ortaq məxrəc yaradaraq xüsusi əhəmiyyət qazanır. Bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq.

İkinci istiqamət budur ki, bu sənəd də Ermənistanın əlinə Qarabağ mövzusuna vurğu edən kontekst vermir və Azərbaycan öz ərazisindəki ermənilərin hüquqlarını daxili qanunvericilik funksiyaları ilə tənzimləmək hüququnu möhkəmləndirir.

Üçüncü, bəyanat sadəcə Ermənistanın sülhdən boyun qaçırmaması üçün vacib sənəd hesab oluna bilər, lakin mümkündür ki, sonrakı gedişatlarda Ermənistan Azərbaycanın delimitasiyaya dair tələblərinin həcmi ilə razılaşmasın.

Həmin an isə növbəti hərbi əməliyyatlara zəmin yaradan yeni başlanğıc nöqtəsi ola bilər. Görüşdə açıqlanmasa da, hesab etmək olar ki, sentyabrdakı sərhəd toqquşmalarının ərazi üzrə dəyişiklik yaradan nəticələri müzakirə masasında yer alıb və Ermənistandan bufer zonaya dair zəmanətlər tələb edilib. Lakin bunun konturlarının həmin görüşdə dəqiqləşdirilməsi inandırıcı gəlmir, sadəcə ola bilər ki, Əliyev Paşinyan qarşısında vaxt qoyub.

Bəyanatda Avropa İttifaqının sərhəddəki missiyası da razılaşdırılıb. Belə ki:

1. Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasına köməklik edəcək.

2. Azərbaycan da həmin missiya ilə əməkdaşlıq edəcək.

3. Missiyanın fəaliyyəti müvəqqətidir, iki ay üçün nəzərdə tutulub.

4. Missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir.

Ermənistanın Avropa İttifaqı missiyasını öz sərhədlərinə buraxmasını, Rusiya özünə atılan kəllə kimi dəyərləndirə bilər və bu mənada, Moskva İrəvanı cəzalandırmaq üçün yeni mexanizmləri dövriyyəyə salacaq.

Azərbaycan və Türkiyə prosesləri rəqib güclərin qızışaraq Cənubi Qafqaz regionunu poliqona çevirmək həddinə çatdırmamaqda maraqlıdır. Hərçənd ki, Avropa İttifaqı və Fransa birgə monitorinq missiyası yaradaraq regiona daxil olmaq planlarını işə salmaq istəyirdi və bu, həm Ankaranın genişlənən maraqlarına qarşı idi, həm Bakının maraqları ilə ziddiyyət təşkil edirdi, həm də Rusiyanı qıcıqlandıra bilərdi.

Azərbaycan öz ərazisində belə missiyaya razılıq vermədi, çünki bu, dünya nizamında böyük güclərin əsəblərinin tarıma çəkilməsi fonunda regiona təhdid gətirə bilərdi.

Ümumilikdə Praqadakı görüşlər və əldə edilən nəticələr Azərbaycanın maraqları ilə tam üst-üstə düşür, ancaq bundan əvvəl Fransa Ermənistana havadarlıq istəyinə düşərək Bakıya təzyiq etmək istəyirdi.

Bununla belə, İlham Əliyevin göstərdiyi qətiyyət və prinsipiallıq, Türkiyənin Azərbaycana həlledici hərbi-siyasi dəstəyi, Rusiyanın Bakı ilə qarşıdurma yaratmaq meylindən qaçması, Avropa İttifaqının tərəzisində Bakının ağırlığı Azərbaycanın əlini gücləndirən vasitələrə çevrildi.

Proseslər Azərbaycanın və Türkiyənin qırmızı xətlərinə yaxın durmaq həddinə qədər çata bilməyəcək, çünki Fransanın ABŞ-la əl-ələ verərək atdığı addımların effektivlik dərəcəsi yoxdur.

PROQNOZLAR:

1. Sülh müqaviləsinə yaxınlaşma onu göstərir ki, sənədin qaralama mətni hazırdır. Buna baxmayaraq, Azərbaycan İrəvandan zəmanətlər almaq üçün şərtlər seriyasını davamlı hala salacaq.

2. İrəvan sülh gündəliyini qara rənglə boyamağa cəhdlər göstərəcək və Azərbaycanın güc tətbiqi ilə üzləşmək riski ilə qarşılaşa bilər.

3. Rusiya hələlik Praqa danışıqlarının nəticələrini qısqanclıqla qarşılamayacaq, lakin ABŞ həmin yekunu öz xeyrinə çevirmək məqsədləri güdərsə, Moskvanın cavabı olacaq.

4. İnandırıcı gəlmir ki, Rusiya onun çətiri altından çıxıb Qərbə sığınmağa çalışan Ermənistana dəstək dursun, buna görə də Kreml Azərbaycana sərmayə yatıraraq İrəvana başqa təzyiqləri işə salacaq./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password