Fransa-İran yaxınlaşması – Türkiyə və Azərbaycana qarşı yeni həmlə
“Fransa və İranın ortaq nöqtələrindən biri də anti-Azərbaycan mövqeyi ilə bağlıdır”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Fransa və İran arasında yaxınlaşmaya diqqət çəkib:
“İranda rejimə qarşı etiraz aksiyaları davam edir. Artıq etirazlar İran sərhədlərini aşıb. Avropa ölkələrində yaşayan İran vətəndaşları bu ölkənin səfirliklərinin önünə gələrək etiraz aksiyaları keçirirlər. İranda olduğu kimi Avropada da İran vətəndaşlarının etirazları polis tərəfindən zorakılıqla qarşılanır və dağıdılır. Buna misal olaraq, Fransanın paytaxtında İran səfirliyi önündə keçirilən aksiyanın zorakılıqla dağıdılmasını göstərə bilərik.
Amma Fransa hökuməti və təhlükəsizlik orqanları ermənilərin Azərbaycanın Parisdəki səfirliyinə barbar hücumunun qarşısını almaq əvəzinə, baş verənləri qıraqdan izləmişdi. Yəni bu vəhşiliyə qəsdən şərait yaradılmışdı.
Fransa Prezidenti Emmanuel Makron bu günlərdə Nyu-Yorkda iranlı həmkarı İbrahim Rəisi ilə görüşmüşdü. İkitərəfli əlaqələrin müzakirə olunduğu görüşdə Makron Rəisini Fransaya dəvət etmişdi. Hesab edirəm ki, Fransa və İranın ortaq nöqtələrindən biri də anti-Azərbaycan mövqeyi ilə bağlıdır. Hər ikisi Azərbaycana qarşı Ermənistana dəstək verir.
44 günlük müharibədən sonra həm İran, həm də Fransa Azərbaycana qarşı olan mövqelərini aşkar formada ortaya qoyub. Bu mənada mövqeləri üst-üstə düşür. Buna görə də istisna etmirəm ki, Fransa və İran arasında Ermənistana siyasi və digər istiqamətlərdə dəstəyin verilməsi yönündə müzakirələr aparılır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Tehran və Parisin əməkdaşlığı Cənubi Qafqazda sülhə deyil, müharibə riskinin yüksəlməsinə xidmət edir:
“Halbuki Cənubi Qafqazdakı mövcud geosiyasi reallıq Fransanın maraqlarına uyğun olmalıdır. Məsələn, Qərblə Şərqi birləşdirən Zəngəzur dəhlizindən Fransa da istifadə edə bilər. Amma erməni lobbisinin təsiri altında olan Parisin anti-Türkiyə siyasəti imkan vermir ki, olaylara ayıq başla baxsın. İranla Fransanın mövqeyi bu nöqtədə də üst-üsə düşür. İranın Ermənistana dəstəyini artırımasının əsas səbəblərindən biri də Türkiyənin 44 günlük müharibədən sonra bölgədə artan hərbi-siyasi və iqtisadi gücüdür. Fransa və İran Cənubi Qafqazdakı yeni reallıq – Türkiyə varlığı ilə barışmaq istəmir.
İran və Fransanın bu səylərinin onlar baxımından müsbət nəticələri olmayacaq. Çünki dalandakı Ermənistanın dünyaya çıxışı Türkiyə üzərindən keçir”./teleqraf.com