ABŞ regionda güc balansının Azərbaycanın xeyrinə dəyişməsini istəmir
“Amerika bu prosesdə ona görə fəallıq edir ki, regiondakı güc balansının Azərbaycanın xeyrinə dəyişməsini çox da istəmir. Çünki Amerikada güclü erməni lobbisi var. Digər tərəfdən güc balansının dəyişməsi Cənubi Qafqaz regionunda Türkiyənin güclənməsi mənasına gələcək. Amerika hər halda bunu da hesabına yazır. Biz nəzərə almalıyıq ki, Vaşinqtonun müxtəlif regionlarla bağlı siyasəti fərqli ola bilər”.
Bunu beynəlxalq münasibətlər üzrə mütəxəssis Fərhad Mehdiyev ABŞ-ın gözlənilmədən Ermənistan-Azərbaycan münaqişəsində fəallaşmasının səbəblərini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, ABŞ-ın regional siyasəti bəzən Avropa İttifaqından fərqli ola bilir:
“ABŞ-ın siyasəti bəzən Avropa İttifaqının siyasəti ilə uzlaşır, bəzən ayrılır, bəzənm ziddiyyətli olur.
Hazırda Amerika bizim regionumuzda güc balansının Azərbaycanın xeyrinə çox da dəyişməsində maraqlı deyil. Bəli, Vaşinqton prosesləri tədricən nəzərə almağa, yavaştlatmağa və sonda durdurmağa çalışır. Amerika üçün Ermənistanın Qarabağı Azərbaycanın torpağı kimi tanıyıb-tanımamasının elə də fərqi yoxdur. Lakin Zəngəzurda hər hansı ciddi dəyişikliyin olmasını Amerika istəmir. Məsələnin mahiyyəti də burdadır”.
Fərhad Mehdiyev qeyd edir ki, ABŞ böyük dövlətdir və onun təzyiqi də zəif olmur: “Amma mən Amerika siyasətinin bu məsələdə istədiyinə nail olacağını düşünmürəm”./teleqraf.com