II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıb
II Elizabetin ölümündən sonra onunla uzun illər işləmiş bütün keçmiş işçiləri Böyük Britaniyanın kraliçası haqqında maraqlı məlumatlar veriblər.
Bildirilir ki, onun yemək tərzi və xüsusi seçimləri olub. Məsələn, kraliça heç vaxt bananı birbaşa qabığını soyaraq, dişləyib yeməyib: həmişə onu bıçaqla kəsib, çəngəllə yeyib.
Səhər yeməyində yumurta yeməyi sevən II Elizabetin xüsusi yumurta resepti olub. Kraliçanın keçmiş işçilərindən birinin verdiyi məlumata görə, bişməyinə az qalmış yumurtaya limon qabığı və kokos yağı əlavə edilib. Bu, kraliçanın ən sevimli səhər yeməyi olub.
Çox az adama məlum olan başqa bir məlumat isə II Elizabetin heç vaxt çörəyin üst hissəsini (qabığını) yeməməsi olub. Xüsusilə sendviç yeməyi çox sevən kraliça həmişə çörəyin içi ilə hazırlanan sendviçlərə üstünlük verib. 90-cı illərdə onunla işləmiş kral aşpazı Oven Hodcson xatirələrini paylaşaraq deyib ki, kraliça bu barədə ona bir dəfə xəbərdarlıq belə edib və sendviçi necə hazırlayacağını başa salıb.
Günə ruh yüksəkliyi ilə başlamağı özünə şüar edən II Elizabet hər səhər saat 07:30-da otağının pəncərəsinin altında çalınan qaida (şotland musiqi aləti) səsinə oyandırılırdı. 15 dəqiqəlik musiqi dinləmək kraliçaya gündəlik işinə daha yaxşı fokuslanmaq üçün ruh yüksəkliyi verirdi.
Böyük Britaniya sularında yaşayan bütün qu quşları kraliça II Elizabetə məxsus idi. Bu sularda yaşayan qu quşlarının hər hansı birinə müdaxilə etmək qanuni olaraq cinayət sayılırdı. Kraliçanın qu quşları məşhur idi, lakin onun sahib olduğu tək quşlar deyildi. Böyük Britaniya sularında yaşayan “krallıq balıqları” kimi tanınan balinalar və delfinlər də var idi. “Krallıq balıqları”na da hər hansı bir şəkildə zərər vermək, qu quşlarına zərər vermək kimi, cinayət hesab olunurdu.
Kraliça Elizabetin cəmi dörd övladı var idi. Halbuki o, dörd uşağından başqa, 30 uşağın xaç anası idi. Onların arasında keçmiş gəlini Ledi Diananın qardaşı Erl Spenser də var idi. Digər xaç övladlarının kim olduğu bilinmir, lakin Erl Spenser II Elizabeti son mənzilə yola salınanda belə tək qoymayıb.
II Dünya müharibəsində yük maşınlarını idarə edən və maşın sürərkən tez-tez kameralara tuş gələn kraliça yaxşı sürücü olub. O, heç vaxt sürücülük üçün yazılı imtahan verməyib. Məlumdur ki, kraliça Böyük Britaniyada ictimai yollarda maşın sürmək üçün sürücülük vəsiqəsi tələb olunmayan yeganə şəxsdir.
Maşın sürmək üçün heç bir sənədə ehtiyacı olmayan kraliçanın pasportu da yox idi və həyatı boyunca heç bir pasporta ehtiyac duymayıb. Pasport və sürücülük vəsiqəsi krallıqda onun adına hazırlandığı üçün bu sənədi almasına ehtiyac yox idi. Bu da yalnız hökmdarlara məxsus qayda olub.
Rəngarəng paltarları sevən və xüsusi hazırlanmış papaqları ilə tez-tez kameralara tuş gələn II Elizabet xüsusilə izdihamlı mərasimlərdə, məclislərdə, camaatla qaynayıb-qarışdığı yerlərdə insanların onu görə bilmələri üçün parlaq rənglərə üstünlük verib. Kraliça bu mövzuda çox həssas olub – hamının onu görə bilməsi və izdihamda diqqət çəkməsi onun üçün vacib idi.
II Elizabet II Dünya müharibəsindən qısa müddət sonra şahzadə Filiplə ailə qurdu. O illərdə Britaniya hökuməti ailə qurmağa hazırlaşan gəlinlərə kupon paylayırdı. Hətta Britaniya hökuməti kraliça II Elizabetə gəlinliyi üçün əlavə 200 kupon da hədiyyə etmişdi. Lakin kral ailəsi üzvlərinin ictimaiyyətdən heç bir hədiyyə qəbul edə bilmədiyi deyilib, ona görə də kraliça jest olaraq ona verilən kuponları geri qaytarıb. Çox sadə və adi gəlinlik geyinməyə razılıq verən kraliça kuponları qaytardıqdan sonra ona Norman Hartnel tərəfindən Çin ipəyindən hazırlanmış heyranedici gəlinlik hədiyyə edilib. II Elizabet toyunda həmin paltarı geyinməli olub. Amma o, gəlinlik paltarından çox, adi bir insan kimi gəlinliyinə kupon toplamağı ilə xatirələrdə qalıb.
Mənbə: Ahaber