Pelosinin İrəvan səfərinin sensasion detalları… – Arkov
Elə siyasətçilər var ki, onları arxayınlıqla “siyasətçi-qarğa”lar adlandırmaq olar. Bu, şübhəsiz ki, ötən gün İrəvana gedən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə də aiddir. Pelosi qarğa kimi Ermənistanda özünü son dərəcə destruktiv aparırdı: iyrənc şəkildə Bakıya, Moskvaya, KTMT-yə tərəf səsini çıxardı, iki Qafqaz xalqının yeni sağalmağa başlayan qanlı yaralarını qoparmağa başladı. Və faktiki olaraq Ermənistandakı radikallara Cənubi Qafqazda yeni müharibəyə başlamaq üçün kart-blanş verdi, Ermənistanın hücum etmək hüququnun olduğunu bəyan etdi.
Bu sözləri ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.
“Xeyr, xanım Pelosi Ağ Evdəki bəzi insanlar qədər axmaq deyil. Ermənistandakı radikallar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini yenidən işğal etmək arzusundadırlar. Xanım Pelosi də qədim dostu Bayden kimi köhnə antisovetdir və onun qalmaqallı bəyanatları postsovet məkanında təkcə Rusiya deyil, Türkiyə və İranın da istər-istəməz girəcəyi yeni genişmiqyaslı müharibənin qızışdırılmasına yönəlib. Hər üç ölkənin ABŞ-la, yumşaq desək, narahat münasibətləri var. Bu, faktiki hərbi əməliyyatlarla yanaşı, Avrasiyanın mühüm hissəsinin – Hind okeanından Atlantik okeanına qədər – iqtisadiyyatının inkişafı üçün yeni təmələ çevrilən Şimal-Cənub layihəsinin həyata keçirilməsində uzun illər fasiləyə gətirib çıxaracaq. Bu, müəyyən dərəcədə Çinin Yeni İpək Yolu layihəsinin həyata keçirilməsinə də təsir edəcək.
Yəni bu siyasi qarğanın İrəvanda dedikləri ağlını itirmiş qoca demokratın cəfəngiyyatı deyil, Vaşinqtonun real niyyətlərinin mesajıdır.
O ki qaldı rəsmi İrəvanın açıq-aşkar təxribat xarakterli və böyük ölçüdə yalan dolu bəyanatlarına, Ermənistan rəhbərliyində bu təlxəklərin peşəkarlarla, yəni təcrübəli siyasətçilərlə əvəzlənməsinə ciddi ehtiyac var. O siyasətçilər ki, öz fəaliyyətlərində xalqlarının maraqlarını rəhbər tutacaq, ölkənin gələcəyini qonşuları ilə sıx əməkdaşlıqda quracaq, rifah və təhlükəsizlik vəd edən transavrasiya əlaqələrinin formalaşmasında fəal iştirak edəcək. Yəni İlham Əliyevlə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla eyni cərgədə olmağa çalışacaq siyasətçilər. Təəssüf ki, bu gün Ermənistan rəhbərliyində xarakterik əlamətləri ilə yetkinlik dövründə psixoloji ilişib qalan personajlar görürük. Onlar marionet taleyindən sevinclərini gizlətmirlər və məcburən özlərini və ölkələrini dağıdıcı və çirkin layihələrin həyata keçirilməsi üçün alət kimi təklif edirlər. Ukraynanın timsalında biz bunun sonda nəyə gətirib çıxara biləcəyinin acı nəticələrini görürük”, – Arkov bildirib./axar.az