“ABŞ Rusiya və Fransa olmadan Qarabağ məsələsini…” – Brayza şok detalları açdı

 

Sualları ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Ermənistanın Azərbaycana qarşı son təxribatlarına reaksiya verənlərdən biri də ABŞ oldu. Vaşinqtonun mövqeyi Azərbaycan cəmiyyətində təəssüflə qarşılandı. Hər kəsi bu sual düşündürür ki, ABŞ niyə aşkar şəkildə ermənistanyönlü mövqe tutur?

– Mən hələ ABŞ-ın Azərbaycanın Ermənistanla sərhədində toqquşmaların son mərhələsinə rəsmi reaksiyasını görməmişəm. ABŞ-ın cavabının Azərbaycanda təəssüf yaratması məni təəcübləndirmir. Fikrimcə, ABŞ-ın siyasəti Minsk qrupu prosesini yenidən başlatmağa cəhd etmək və ya heç olmasa ABŞ və Fransanın vasitəçilik etmək və yekun sülh sazişi yaratmaq səylərini yenidən başlatmaqdır.

Görünür, ABŞ sülh sazişinin Madrid prinsiplərinin bütün elementlərini ehtiva etdiyinə inanır. Bu, mahiyyət etibarilə Azərbaycanın torpaqlarının Azərbaycanın nəzarətinə qaytarılması müqabilində Ermənistanı sülhlə təmin edəcək bir razılaşma idi. Madrid prinsiplərinin əsas elementi Dağlıq Qarabağın hüquqi statusunun dəyişdirilməsi ehtimalı idi ki, bu, Ermənistanın da həqiqətən istədiyi bir şey idi. Ermənistanın baş naziri Nikol Paşinyan isə Ermənistanı Azərbaycanla müharibəyə sürükləməklə həmin fikri rədd etdi.

Beləliklə, Ermənistan müharibədə məğlub olduqdan sonra Azərbaycan Dağlıq Qarabağın hüquqi statusunda istənilən hüquqi dəyişikliklə razılaşmanı artıq qəbul etmədiyini bəyan elədi. Lakin mənə elə gəlir ki, Vaşinqton hələ də Fransa kimi Qarabağın hüquqi statusunun dəyişdirilməsi ilə bağlı müzakirənin ola biləcəyinə və lazım olduğuna ümid edir. Azərbaycan bunu rədd edir, Ermənistan belə bir müzakirənin olmasını istəyir və ABŞ bu mövqeyi dəstəkləyir.

Bunun səbəbini ABŞ-ın ermənipərəst mövqe nümayiş etdirməsi ilə əlaqələndirməzdim. Fikrimcə, bu ona görədir ki, ABŞ hökumətinin tərkibindəki xarici siyasət təşkilatlarında – yəni Ağ Evin Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentində Qarabağın hüquqi statusu ilə bağlı razılıq əldə olunmasa, münaqişənin davam edəcəyini düşünürlər. Amma yenə də Azərbaycan bu fikri rədd edir və hüquqi statusun tənzimləndiyini bildirir.

Onu da qeyd edim ki, erməni diasporunun Vaşinqtonda, xüsusən də ABŞ Konqresində çox güclü təsiri var. Prezident tərəfindən idarə olunan icraedici hakimiyyətdə daha az olsa da, bu təsir ABŞ-ın tribunalarında qismən öz əksini tapıb. Bu təsir azərbaycanlılarda ABŞ-ın münaqişənin Azərbaycan yanaşmasını görmədiyi, əksinə Ermənistana üstünlük verildiyi düşüncəsini yaradır.

– Sizin Ermənistanın son addımları ilə bağlı fikriniz necədir: Ermənistan məğlub olacağını bilə-bilə niyə belə təxribatlara əl atır?

– Nikol Paşinyanın Azərbaycanla yenidən silahlı toqquşmaya getmək istədiyini düşünmürəm. Eyni zamanda, Azərbaycanın hazırda II Qarabağ müharibəsində qalib gəlməklə status-kvo gücünə sahiblənməsi səbəbindən Paşinyanın Prezident İlham Əliyevlə imzaladığı bütün sazişlərin həyata keçirilməsinə tərəfdar olduğu fikrindəyəm.

Hesab edirəm ki, Paşinyan imzaladığı sazişləri həyata keçirmək istəyir, lakin onun siyasi rəqibləri bu sazişlərin icrasına maneə yaradır. Əslində onun bir çox siyasi opponentləri Azərbaycanla münaqişənin davam etməsini istəyir. Halbuki bu vəziyyət Ermənistan üçün çox pis olacaq. Onlar düşünürlər ki, Azərbaycanla hərbi münaqişənin yenidən başlaması, hətta Ermənistan üçün çox uğursuz olsa belə, Paşinyanı siyasi cəhətdən zəiflətməyə və hakimiyyəti ələ keçirməyə kömək edəcək.

– Ermənistan müdafiə naziri bu yaxınlarda bir həftəlik ABŞ-da oldu. Amerikadan da İrəvana müxtəlif səviyyələrdə səfərlərin sayı artıb. İki ölkə arasındakı bu yaxınlaşma nədən irəli gələ bilər?

– Ermənistan rəsmilərinin Vaşinqtona səfərlərinin artdığı və ya onların Azərbaycan rəsmilərinin səfərləri barədə xəbərim yoxdur, ona görə də sualınızı cavablandırmaqda çətinlik çəkirəm. Ermənistanla ABŞ arasında heç bir yaxınlaşma yoxdur, çünki münasibətlərdə heç vaxt qırılma olmayıb. Yalnız münasibətlərdə ayrılıq olarsa, yaxınlaşma ola bilər. Ona görə də bu sualla bağlı deyə biləcəyim çox şey yoxdur.

– Rusiya ilə bir masa arxasında otura bilməyəcəyi ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək ABŞ-ın nəyinə lazımdır?

– Düçünürəm ki, ABŞ Avropa İttifaqından başqa vasitəçiliyə faydalı təşkilat görmədiyinə görə Minsk Qrupunu təkrar həll prosesinə qoşmaq istəyir.

İnsanlar Minsk Qrupuna irad tutur ki, heç nəyə nail olmayıb, amma fikrimcə, bir çox şeyə nail olub. Minsk Qrupu Azərbaycan və Ermənistan liderlərinə hələ 2009-cu ilin yanvarında münaqişənin həlli üçün razılığa gəlməyə imkan verdi. Azərbaycan və Ermənistan əhalisi bu əsas prinsipləri qəbul etməyə hazır deyildi, lakin bu, böyük nailiyyət idi. Bununla belə, mən hesab edirəm ki, Minsk Qrupunun bir üzvü Rusiya olarsa səmərəli fəaliyyət göstərə bilməz, çünki Rusiya açıq-aydın şəkildə sülhməramlı namizəd deyil. O, Ukraynaya əsassız müdaxiləsi ilə bu ölkədə sülhü pozub.

Eyni zamanda, Fransanı da obyektiv bir vasitəçi kimi görməyin mümkün olmadığını hesab edirəm, çünki biz hamımız xatırlayırıq ki, 2020-ci il noyabrın 10-da atəşkəs bəyanatı imzalanan gün Fransanın o vaxtkı xarici işlər naziri çıxış edərək mahiyyətcə Fransanın Ermənistanın tərəfində olduğunu və Qarabağın hüquqi statusunun yenidən danışıqlar masasında müzakirəsini görmək istədiyini bildirdi.

Beləliklə, sülh vasitəçisi və ya danışıqlar aparan şəxs kimi etibarlı olmayan Rusiya və tərəf seçmiş Fransa varsa, Minsk Qrupu həmsədrlərinin necə işləyə biləcəyini bilmirəm. Minsk Qrupunun özü həmsədrlərdən daha böyükdür və həmsədrlərdən başqa, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyən və bunda maraqlı olan bir çox dövlətlərdən ibarətdir.

Ola bilsin, ABŞ Minsk Qrupunu Fransa, Rusiya və ABŞ həmsədrləri olmadan davam etdirmək istəyir. Eyni zamanda ola bilər ki, ABŞ Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasında bütün Minsk Qrupunun konstruktiv rol oynamasına və münaqişəyə əbədi son qoyacaq yekun sülh müqaviləsinin əldə olunmasına kömək etmək niyyəti güdsün.

Bununla belə, yenə deməliyəm ki, Avropa İttifaqı yekun sülh sazişinin əldə edilməsi istiqamətində çox yaxşı iş görür, həmçinin tərəfləri beynəlxalq sərhədlərini necə müəyyənləşdirmək barədə razılığa gəlməyə təşviq və kömək edir. Buna görə də, məncə, prosesdə Avropa İttifaqının liderlik etməsi məntiqlidir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password