Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib

 

Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də nüfuzlu media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Baş prokuror Kamran Əliyev giriş nitqi ilə çıxış edib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün bütün şərait yaradılıb. Media inkişaf etmədən cəmiyyətin düzgün tərəqqisi mümkün deyil və ona görə də ulu öndər Heydər Əliyev media ilə bağlı bütün institutların inkişafına böyük diqqət yetirib.

K.Əliyev deyib ki, Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub: “Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib. Medianın cəmiyyətdə rolu böyükdür. Prezident mediaya xüsusi diqqət göstərir və onun fəaliyyəti ilə gündəlik maraqlanır”.

Baş prokuror qeyd edib ki, XXI əsrin cəmiyyətləri və dövlətləri medianın inkişafı olmadan inkişaf edə bilməz: “Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda media dördüncü hakimiyyətdir. Bunu hər kəs təsdiq edə bilər”.

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilmiş, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password