Şəhid olan əsgərlərimiz Bakıda, Naxçıvanda və Ağstafada torpağa tapşırıldılar
Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev dəfn olunub.
Onun cənazəsi Naxçıvanın Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu dəfn olunub.
2003-cü il il təvəllüdlü şəhid əsgər Samir Xudiyev Sabaunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib
Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisədə hər iki əsgərimiz şəhid olub.
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.