Pelosinin Tayvana səfəri ciddi mənfi nəticələrə gətirib çıxaracaq – Çin XİN
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ ciddi əks tədbirlərlə üzləşəcək.
Bunu “TASS”a Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Tsun deyib.
“ABŞ-ın bu hərəkətləri ciddi mənfi nəticələrə gətirib çıxaracaq. ABŞ-a qarşı ciddi əks tədbirlər görüləcək. İnsanlar bu barədə heç bir illüziyaya qapılmamalıdırlar”, – deyə Fu Tsun bildirib.
Nüvə riskləri
Fu Tsun bildirib ki, Çin N.Pelosinin Tayvana səfəri səbəbindən yaranmış vəziyyətdə nüvə riskləri görmür.
“Nüvə silahlarına gəlincə, mən onun başqa dövlətlər tərəfindən istifadəsinin risklərini görmürəm”, – deyə o bildirib.
Hərbi ssenari
Onun sözlərinə görə, Çin ölkəni sülh yolu ilə birləşdirmək üçün hər şeyi edəcək, lakin hərbi ssenaridən də imtina etmir.
“Tayvan və Çinin birləşməsi ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, biz ölkənin sülh yolu ilə birləşməsi üçün əlimizdən gələni edirik, lakin hərbi variantdan da imtina etmirik. Səbəb odur ki, potensial separatçılara qarşı kifayət qədər çəkindirici qüvvəmiz olmalıdır”, – deyə o bildirib.
Böyük Britaniya və Fransanın nüvə arsenalları
Çin XİN-in Silahlara Nəzarət Departamentinin direktorunun sözlərinə görə, Çin hesab edir ki, Böyük Britaniya və Fransa nüvə silahlarının azaldılması prosesinə daxil edilməlidir.
“Bəli, əlbəttə ki, arsenallar məhdudlaşdırılmalıdır. Rusiya nüvə silahlarının azaldılması çərçivəsində bu iki ölkənin prosesə daxil edilməsini təklif edib”, – deyə Fu Tsun bildirib.
Rusiya və ABŞ-ın nüvə silahları
Fu Tsun hesab edir ki, Rusiya və ABŞ nüvə silahlarını azaltmağa davam etməlidir.
“Birincisi, iki ən böyük nüvə dövləti Rusiya və ABŞ silahlarını azaltmağa davam etməlidirlər”, – deyə o bildirib.