Əsirlikdəki “Azov” döyüşçülərini kim qətlə yetirib? – “Bu, zabit şərəfi barədə anlayışı olmayan dövlətin cinayətidir”

 

Bu gün səhər Rusiya kanallarında Donbasdakı Olenovka yaşayış məntəqəsində yerləşən həbsxananın guya Ukrayna tərəfindən “HİMARS” sistemlərilə bombalanmasına dair məlumat yayılıb.

Həmin xəbərə görə, ilk olaraq hadisə nəticəsində əsirlikdə olan 40 “Azov” döyüşçüsünün həlak olduğu, 75 nəfərin yaralandığı, eləcə də 8 həbsxana əməkdaşının xəsarət aldığı müəyyən olunub. Sonradan ölənlərin sayının 53-ə çatdığı bildirildi.

Hadisədən dərhal sonra Kremlin təbliğatçıları xəbər yaydılar ki, Ukrayna tərəfi bilərəkdən bu həbsxananı bombalayıb və “Azov” döyüşçülərini məhv edib. Qondarma “dnr”-in başçısı, separatçı Denis Puşilin isə bildirib ki, guya Ukrayna tərəfi “azovçular”ın “istintaqa ifadə verməyə başladığını bildiyindən”, həmçinin təslim olmaq, əsir düşmək istəyən ukraynalı döyüşçüləri qorxutmaq üçün həmin həbsxananı bombalayıb və plan budur ki, guya bu mənzərəni görənlər təslim olmaq barədə düşünməsinlər və sona qədər döyüşsünlər.

Buna cavab olaraq Ukrayna tərəfi bildirib ki, bu dəhşətli hərbi cinayətin Ukrayna Silahlı Qüvvələrinə heç bir aidiyyatı yoxdur və həmin əraziyə onlar tərəfdən hər hansı artilleriya və raket zərbəsi endirilməyib. Əksinə, həmin gecə məhz Rusiyanın Olenovka istiqamətində artilleriya zərbələri endirdiyi qeydə alınıb. Ukrayna tərəfi hesab edir ki, Rusiya Mariupolda təslim olarkən həyatlarına təminat verdiyi “Azov” döyüşçülərindən məhz bu cür qisas almaq, onları bu yolla məhv etmək qərarına gəlib.

Bunu təsdiq edən faktlardan biri də odur ki, həmin döyüşçülərin bugünlərdə yeri dəyişdirilərək, hamısı sənaye zonasında yerləşən bir baraka toplanıb. Bununla bağlı Ukrayna kəşfiyyatındakı mənbə “Ukrainskaya Pravda”ya bildirib: “Bu, “Azov” döyüşçülərinin olduğu barak idi. Onları həmin yerə bugünkü artilleriya zərbəsindən bir neçə gün əvvəl köçürmüşdülər. Biz hələ başa düşə bilməmişdik ki, bunu nə üçün edirdilər”.

Qeyd olunur ki, Rusiya xüsusi olaraq, “Azov” döyüşçülərini digər dustaqlardan ayıraraq, ayrıca baraka köçürüb və iyulun 29-da məhz həmin barakı əsirlikdəki döyüşçülərlə birgə məhv edib. Bu versiyanı təsdiqləyən məqamlardan biri də odur ki, həmin bombardman nəticəsində həbsxana əməkdaşlarından heç kim həlak olmayıb. Guya 8 əməkdaşın zədələndiyi barədə deyilənlər isə yalan və “gözdən pərdə asmaq üçün” yayılan məlumat hesab olunur.

Doğrudan da Ukraynanın dirəniş və qəhrəmanlıq simvoluna çevrilən “Azov” döyüşçülərini məhv etmək üçün rəsmi Kiyevin heç bir motivi yoxdur. Əksinə, onların guya bilərəkdən Ukrayna tərəfindən qətlə yetirilməsi xəbəri Zelenski hakimiyyətinin ziyanına işləyən amildir. Bu zərbənin guya “azovçular”ın ifadə verməyə başlaması, yaxud digər ukraynalı hərbçiləri təslim olmaqdan çəkindirmək üçün vurulduğuna dair Rusiya tərəfinin iddiaları isə olduqca primitiv və məntiqsiz təsir bağışlayır. Belə ki, “azovçular”ın hansı ifadə verib-verməyəcəyinin Ukraynanın bu müharibədəki fəaliyyətinə hər hansı təsiri ola bilməz və bu döyüşçülərin deyə biləcəyi xüsusi bir qeyri-adi dövlət sirri, yaxud başqa bir şey də yoxdur. Təslim olmağa gəlincə, ukraynalıları bu cür “qorxutmaq” barədə iddialar yalnız çürük Rusiya təbliğatının ağlına gələ bilərdi…

Qeyd edək ki, “Azov” alayının yaradıcısı Andrey Beletski də əsirlikdəki döyüşçülərin Rusiya tərəfindən qətlə yetirildiyini bildirib və bəyan edib ki, bu cinayətdə əli olan hər bir kəsin cəzalandırılması üçün əllərindən gələni edəcəklər: “Alayın döyüşçüləri bir neçə gün əvvəl ayrıca binaya köçürülüblər. Artıq aydındır ki, bu, zabit şərəfi anlayışı olmayan, Cenevrə konvensiyasına, müharibə aparılması qanunlarına, qaydalarına, ənənələrinə məhəl qoymayan dövlətin əvvəlcədən planlaşdırdığı aktdır. Rusiya düzgün döyüşdə “Azov”a qalib gələ bilmədi, ona görə də bizi bu yolla məhv etmək istəyir”.

Beletski əlavə edib ki, Ukrayna hərbçiləri və kəşfiyyatı həlak olanlar və bu cinayəti törədənlərlə bağlı məlumatlar toplamaqla məşğuldur.  /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password