Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib
Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, S.Mehdiyev Naxçıvanda 1973-cü ildə anadan olub, 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb, 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb, 1999–2004-cü illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb, 2004-dən 2006-cı ilin fevral ayına qədər Komitə sədrinin müavini, 2006-cı ilin fevral ayından Komitə sədrinin birinci müavini vəzifəsində çalışıb, 23 aprel 2018-ci ildə Komitənin sədri təyin edilib.