“Qaraqalpaqıstandakı hadisələrdə kənar oyunçuların da əli var”
Qaraqalpaqıstandakı hadisələrdə kənar oyunçuların da əli var.
Bunu özbəkistanlı analitik, siyasi elmlər doktoru, “Bilim Karvoni” qeyri-dövlət elmi müəssisəsinin direktoru Fərhod Tolipov bəyan edib.
O, qeyd edib ki, Qaraqalpaqstanın Konstitusiyada təsbit olunmuş dövlət statusu sadəcə formallıqdır.
“Faktiki olaraq belə bir status yox idi. Region Özbəkistanın digər bölgələri ilə birlikdə normal inkişaf edirdi. Və təbii ki, ayrılmadan söhbət gedə bilməzdi.
Deməli, təxribatçıların hərəkətləri ilə bağlı versiya inandırıcı ola bilər. Bunu, ən azı aksiyalarda yalnız hiddətlənmiş gənclərin iştirak etməsi təsdiqləyir. Qaraqalpaqıstandan olan ağsaqqalların, alimlərin, məşhurların səsi eşidilmir, onlar küçələrə çıxan gənclərin əhval-ruhiyyəsini bölüşmürlər. Bu ilin yanvarında Qazaxıstanda baş vermiş hadisələri xatırlayın. O zaman da xarici qüvvələrin təxribatları haqqında danışılırdı.
Əminəm ki, Qaraqalpaqstanda hakim fikir qardaş özbək xalqı ilə birlikdə sülh şəraitində yaşamaqdır. Müstəqilliyin tam 30 ilində biz bütün bayramları birlikdə qeyd etdik, konsertlər verdik. Bütün rayonların nümayəndələri toplaşmışdılar. Qaraqalpaqlar arasında hiddət üçün heç bir səbəb ola bilməzdi. Və Qaraqalpaqıstanın dövlət statusu haqqında bəndin aradan qaldırılması insanların həyatında heç nəyi dəyişməyəcəkdi”, – deyə o bildirib.
“Qaraqalpaqların sayı, bəzi mənbələrə görə, bir milyondan azdır – təxminən 800.000. Respublika Ustyurt yaylasında yerləşir. Bu nəhəng səhra ərazisidir. Onu hissələrə bölüb başqa vilayətlərə vermək iqtisadi baxımdan məntiqsiz olardı. Bu torpaqlar Xarəzm xanlığı dövründə məskunlaşmaq üçün qaraqalpaqlara verilib. Nukusda (Qaraqalpaqıstanın paytaxtı) acıqlı uşaqlara bir sual vermək istərdim – siz öz xalqınızın tarixini, Qaraqalpaqıstanın tarixini bilirsinizmi?”, – deyə ekspert sual edib.
O, izah edib ki, Özbəkistanda uzun müddətdir siyahıyaalma aparılmır. Odur ki, ölkədəki qaraqalpaqların sayı bəzi mənbələrdə deyildiyi kimi, 2 milyona yaxın da ola bilər. Amma, ölkənin ümumi əhalisinin 36 milyon olduğunu nəzərə alsaq, bu nisbəti təsəvvür etmək elə də çətin deyil./oxu.az