Afina səfərindən imtina edib, Türkiyəyə gəldi – Səbəb
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə rəsmi səfəri iki ölkə arasında yeni dönəmin başladığını göstərir.
Bu sözləri açıqlamasında Türkiyə Yaxın Şərq Araşdırmalar Mərkəzinin mütəxəssisi Mehmet Raqiboğlu deyib.
Ekspertin sözlərinə görə, səfərdə bir neçə əhəmiyyətli məqam var:
“Birinci məqam səfərin zamanı ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan aprel ayının sonunda Səudiyyə Ərəbistanına səfər edib. Aradan çox qısa bir müddət keçdikdən sonra Ərəbistan vəliəhdi və müdafiə naziri, eyni zamanda təmsil etdiyi dövlətin ən nüfuzlu şəxslərindən olan Məhəmməd bin Salmanın Türkiyəyə səfər edərək prezidentlə görüşməsi mühüm faktdır.
İkincisi, bildiyimiz kimi, Türkiyə və Yunanıstan arasında münasibətlər gərgindir. Vəliəhdin əslində təxminən bir ay əvvəl Yunanıstan, Cənubi Kipr, Misir və İordaniya səfərindən sonra ölkəmizə gəlməsi planlaşdırılırdı. Lakin o, Yunanıstan və Cənubi Kipr səfərini qeyri-müəyyən vaxta təxirə saldı, Misirə, İordaniyaya, oradan isə Türkiyəyə gəldi. Səudiyyə Ərəbistanı Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşdüyünü göstərərək həm də ölkəmizə jest etmiş oldu. Digər tərəfdən, Misir və İordaniya ilə əlaqələr Ər-Riyad üçün xüsusi önəm kəsb edir. Məhəmməd bin Salmanın həmin dövlətlərdən sonra Türkiyəyə səfəri Ankaranı da bölgənin vacib aktoru kimi gördüklərinin təzahürüdür.
Üçüncüsü isə ABŞ-la bağlıdır. Belə ki, Co Bayden bir ay sonra Yaxın Şərqə səfər edəcək və o, yenə də sözügedən səfər zamanı vəliəhdlə görüşməyəcəyi haqqında açıqlamalar verir. Ankaranın da Vaşinqtonla hazırki münasibətlərinə baxdığımız zaman səfərin həm də ABŞ-dan narazılığın nəticəsi olduğunu ifadə etmək mümkündür”.
Raqiboğlu Ər-Riyadın hazırda təhlükəsizlik və iqtisadi sahədə də Türkiyə kimi güclü tərəfdaşa ehtiyac duyduğunu vurğulayıb:
“İkitərəfli iqtisadi əməkdaşlığa gəldikdə isə onu deyə bilərəm ki, Türkiyənin hazırki iqtisadi modeli isti pul axınına yox, uzunmüddətli sərmayə qoyuluşuna əsaslanır. Neftin qiymətinin artmasına görə Səudiyyə Ərəbistanında büdcədə nəzərdə tutulandan 400 milyard dollar daha çox vəsait var. Ər-Riyad ABŞ və Ukrayna ilə müharibəyə görə Avropa ölkələri ilə də problemlər yaşayır. Ona görə də əlində olan vəsaiti Türkiyə kimi sabit ölkələrə sərmayə qoyaraq dəyərləndirmək istəyir. Bir başqa məsələ də Körfəz ölkələri arasında olan rəqabətdir. Hazırda Türkiyənin Qətərlə əlaqələri çox yaxşıdır, BƏƏ ilə də münasibətlər normallaşır. Səudiyyə Ərəbistanı isə adını çəkdiyimiz ölkələrdən geri qalmaq istəmir.
Prosesin bir də regional təhlükəsizliklə əlaqəsi var. Fikrimcə, hazırda bölgədə İrana qarşı bir cəbhə formalaşdırılır. Trampın zamanında bu cəbhə Türkiyə, İran və Qətərə qarşı formalaşdırıldı. Yəni ABŞ, Misir və BƏƏ Türkiyə ilə İranın qarşısında idi. İndi isə sanki bunun əksi olan bir vəziyyət formalaşır. Türkiyənin İsraillə yaxınlaşması getdikcə dərinləşir, eyni zamanda regionda İrana qarşı cəbhə meydana gəlir. Baydenin qarşıdakı səfərində də məqsədi İran məsələsidir. Bu nöqteyi-nəzərdən Səudiyyə Ərəbistanı hələ də İranın təhdidlərinə cavab verə bilmir və ABŞ-dan da dəstəkləri yoxdur. Ona görə Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməklə Ər-Riyad güc balansını tarazlaşdırmaq istəyir. İran da Suriya məsələsinə görə Türkiyədən çox narahatlıq duyur. Fikrimcə, yaxın zamanda Səudiyyə Ərəbistanının ölkəmizlə müdafiə sənayesi sahəsində müştərək layihələrin həyata keçirilməsi təklif və təşəbbüsləri də olacaq”.