Azərbaycanda Rusiya əleyhinə yazılar qadağan oluna bilər? – “Bu sazişdən sonra gözləmək olar ki…”

 

Xarici işlər naziri Ceyhun Bayramov ötən gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıb. Maraqldır, görəsən, bundan sonra Rusiya əleyhinə tənqidi yazılara Azərbaycanda məhdudiyyətlər tətbiq olunacaqmı? Hansı media bundan sonra Rusiyanın işğalçı müharibəsini “xüsusi əməliyyat” adlandıracaq?…”

Bunları Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün “feysbuk” hesabından etdiyi paylaşımda yazıb.

Ekspert qeyd edib ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə əlaqəli sazişin hökumət başçısı və ya aidiyyatı qurumlar, məsələn, DTX və ya RİNN tərəfindən deyil, məhz XİN rəhbəri tərəfindən imzalanması düşündürücü bir məqamdır: “Düşünmək olar ki, Azərbaycandakı informasiya resurslarının, xüsusilə də rusdilli saytlarımızın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi haqqında tənqidi yazılar və Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən “RİA Novosti”-nin ölkə ərazisində bloklanması Rusiyanı narahat edib. Məlumdur ki, artıq Rusiyanın rəsmi strukturları bizim bir çox informasiya resurslarımızı bloklayıb. Bu sazişdən sonra gözləmək olar ki, bloklanan Azərbaycan resurslarının Rusiya ərazisində sərbəst fəaliyyəti təmin olunacaq”.

Osman Gündüz əlavə edib ki, Azərbaycanın informasiya mühitində Rusiya əleyhinə tənqidi yazılara məhdudiyyətlər tətbiq edilməsi də mümkün variantlar sırasındadır: “Bu, xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli yazılarda özünü biruzə verəcək. Məlumdur ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsini “xüsusi əməliyyat” adlandırır. Güman edirəm ki, bizim rəsmi media qurumlarından da bu qaydanı gözləmək istəniləcək. Müstəqil medianın isə işğalçı müharibəni “xüsusi əməliyyat” adlandıracağını gözləmirəm”.

Ekspert bu sazişin tam olaraq reallaşacağına şübhə ilə yanaşdığını bildirib: “Çünki sazişdə qeyd olunan müddəalar CERT qurumlarının, bu sahədəki səlahiyyətli qurumların ciddi əməkdaşlığını tələb edir. Hansı ki, XİN-də belə imkanlar, səlahiyyətlər yoxdur. Güman edirəm ki, bunu sənədi imzalayanlar da bilməmiş olmazlar. Çünki informasiya və kiber mühitdə bizə qarşı ən böyük təhdidlər məhz Rusiya tərəfdən, xüsusilə də erməni lobbisinin iştirakı ilə baş verir. Bu sazişin əhəmiyyəti yalnız o ola bilər ki, Rusiyada erməni lobbisinin Azərbaycana qarşı informasiya savaşı, erməni separatizminin Rusiya mediası tərəfindən təbliği nisbətən səngiyə bilər. Həmçinin Rusiyanın dövlət nəzarətindəki media qurumları Azərbaycan əleyhinə xəbərləri, reportajları yayımlamağı bir müddət dayandıracaq. Bu sazişdən sonra Azərbaycanın media mühitində Rusiya maraqlarına uyğun məhdudiyyətlərin hansı səviyyədə olacağını isə zaman göstərəcək”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password