“Gömrük Komitəsi format olunmalıdır” – Həbslər niyə başladı?

 

Dünəndən bəri Dövlət Gömrük Komitəsi (DGK) ətrafında ajiotaj yaranıb. DTX-nın bu qurumda əməliyyat keçirdiyi və bir neçə yüksək rütbəli zabitin saxlanıldığı da qeyd olunub. Rəsmi məlumat verilməsə də, DGK rəhbərliyinin başı üzərində “qara buludların” dolaşdığına şübhə yeri yoxdur.

DGK-da nələr baş verir? Bu qurum ətrafında baş verən ajiotajın səbəbi nədir?
“Gömrük Komitəsi format olunmalıdır” – Həbslər niyə başladı?
REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli təsdiqləyir ki, bu məsələ ilə bağlı rəsmi məlumatlar çox azdır. Onun sözlərinə görə, DGK-nin yenidən format olunmasına ehtiyac var:

“Söhbət ondan getmir ki, indi kimlərisə həbs edib, bəzilərini də işdən çıxara bilərlər. Amma bu, gömrük sisteminin özündəki sistematik problemləri özündə ehtiva etmir. O problemlər həllini tapmalıdır ki, gələcəkdə bənzər hadisələr baş verməsin. DGK-nin ayrıca bir müstəqil qurum kimi fəlaiyyət göstərməsinə ehtiyac yoxdur və ilk bundan başlamaq lazımdır. Çünki büdcə vergi sisteminə görə formalaşırsa, belə olan halda da vəsaitlərin bir məntiqlə toplanması daha yaxşıdır.

Elementar olaraq, DGK-nin rəsmi məlumatına görə, topladığı vəsaitin böyük bir hissəsi ƏDV-dir. Adından da göründüyü kimi, bu ƏDV vergi növüdür, amma bunu DGK toplayır. Sonradan bunun əvəzləşdirilməsi ilə bağlı iş adamlarında müəyyən problemlər yaranır və onlar gələcəkdə kifayət qədər ciddi problemlərlə qarşılaşırlar”.

N. Cəfərli hesab edir ki, gömrüyün özünün fəlsəfəsi dəyişdirilməlidir ki, effektiv olsun:

“Çünki iş adamlarının illərdir şikayət etdiyi orqan gömrük orqanlarıdır. Gömrüyün yaranış fəlsəfəsi, əslində, daxili bazarın qorunması üçün olmalıdır, yəni gömrük orqanları vasitəsilə daxili istehsaçılara dəstək göstərilməlidir. Bizdə isə bu, problemlidir. Daxili istehsal çox zəifdir, bəzi yerlərdə isə, ümumiyyətlə, yoxdur. Məsələn, uşaq yeməkləri, dərman preparatları, bir çox ərzaq növləri və s. Bunların özləri sosial tipli məhsullar olduğuna və yerli istehsal olmadıqlarına görə, bunlara ən yüksək gömrük rüsumun tətbiq olunması doğru deyil”.

“Ümumilikdə, bu sistemin formalaşması, müstəqil bir qurum kimi fəaliyyətinə son verilməsi və kiçicik bir departament kimi İqtisadiyyat Nazirliyinin tərkibinə verilib fəaliyyət göstərməsi daha yaxşı olardı nəinki zaman-zaman belə bir əməliyyatlar keçirib kimisə həbs edələr. Amma iş barəsində heç bir dəyişikliyə səbəb olmadan bu həbslərin həyata keçirilməsi sonradan eyni problemlərin təkrar-təkrar baş verməsinə səbəb olur”, – deyə iqtisadçı yekunlaşdırıb./yenisabah.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password