Bir epoxanın sonu, yoxsa “boz kardinal” “kölgəyə” çəkildi?
Politoloq: “Kaçinski bundan sonra Polşanın “kölgə lideri” olacaq”
Polşanın Baş nazirinin müavini Yaroslav Kaçinski vəzifəsindən istefa verib. Əsas siyasi fiqurlardan olan qocaman Kaçinski eyni zamanda, Polşa Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri vəzifəsini də tərk edib.
“Mən artıq hökumətdə deyiləm. Baş nazir Mateuş Moravietski və bildiyimə görə, Prezident Anjey Duda istefamı qəbul etdilər”, – deyə siyasətçi bildirib.
Bununla yanaşı, Kaçinski 2003-cü ildən rəhbərlik etdiyi hakim Qanun və Ədalət Partiyasının lideri olaraq qalır.
O, 1949-cu ildə Varşavada anadan olub. 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayəti yaxınlığında baş verən təyyarə qəzasında həlak olan Polşa Prezidenti Lex Kaçinskinin əkiz qardaşıdır.
Y.Kaçinski 2010-cu ildə prezidentliyə namizədliyini irəli sürüb, lakin qalib gələ bilməyib. 2006-2007-ci illərdə Polşanın Baş naziri vəzifəsində çalışıb. İstefa verdiyi günədək isə Kaçinski Baş nazirin müavini kimi fəaliyyət göstərib. Ekspertlər onu Polşa siyasi elitasının əsas şəxsi, ölkənin qeyri-rəsmi lideri sayırlar.
Rusiyalı siyasi analitik Nikolay Topornin Kaçinskinin istefasını simvolik hesab edir. Onun sözlərinə görə, Baş nazirin müavini postundan getdikdən sonra Polşanın siyasi sistemində böyük dəyişikliklər olmayacaq. “Lenta.ru”ya danışan analitik Kaçinskinin təqaüdə gedəcəyi ehtimalının az olduğunu, onun bundan sonra “kölgə lideri” kimi fəaliyyət göstərəcəyini qeyd edib.
Politoloq Polşanın gələcəyinin necə inkişaf edəcəyini də dəyərləndirib: “Əgər Kaçinski haqqında danışırıqsa, o, bundan sonra Polşanın “kölgə lideri” olacaq. Kaçinski yüksək vəzifələr tutmasa da, səlahiyyətinə, hazırladığı müqavilələrə, əlaqələrinə görə önəmli siyasətçidir. Səhnədə öndə yox, arxada dayanıb, amma təbii ki, siyasi qərarlarda əsas iştirakçı olub”.
“Hesab edirəm ki, Polşanın siyasətində heç nə dəyişməyəcək. Həm Prezident Anjey Duda, həm də Baş nazir Mateuş Moravietski kifayət qədər gənc siyasətçilərdir. Onların öz siyasi keçmişi var və ümumiyyətlə, sadiq “kaçinskiçi”lərdir. Yəni onlar Kaçinskinin dəstəyi ilə hakimiyyətə gəliblər. Təsəvvür edə bilmirəm ki, onlar qeyri-rəsmi lider Kaçinskinin istefasından sonra siyasətlərini kəskin şəkildə dəyişəcəklər”, – deyə N.Topornin bildirib.
Ekspertin fikrincə, Kaçinskinin istefası yaşı və ya səhhəti ilə bağlı ola bilər: “Bununla belə, əminəm ki, Kaçinski hələ də Polşanın siyasətində təsirini saxlayacaq. “Kölgə lideri” olaraq, bəlkə də, harasa daha az səfərlər etmək üçün bir növ kombinasiya edəcək. Ola bilsin ki, siyasətə bağ evindən yön verəcək. Moravietski və Duda onun dəstəklədiyi siyasətçilərdir və hazırda Polşa siyasətinin əsasını təşkil edən təlimatları həyata keçirməyə davam edəcəklər. Bu baxımdan, Polşa siyasətində nəyinsə dəyişməsi üçün heç bir səbəb görmürəm”./ayna.az