Həbs xəbəri yayılan general İqbal Babayev danışdı: – “Geriyə yol yoxdur…”
Dövlət Təhlükəsizlik Xidmətinin dünən keçirdiyi əməliyyatda saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini, general İqbal Babayev yayılan şayiələrə münasibət bildirib.
General buna görə təəssüfləndiyini deyib: “Yaxşı olar ki, belə informasiyaları yayarkən diqqətli olsunlar. Bu cür yalan xəbər yaymaqla özlərini hörmətdən salmasınlar. Media nümayəndələrinə təşəkkür edirəm ki, bu məsələlərə həssaslıqla yanaşdılar və yaylan şayiəni tirajlamadılar”.
İ.Babayev hazırda işinin başında olduğunu qeyd edib:
“Mən həmişə dövlət və dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm. Heç vaxt adımın hansısa bir neqativ məsələlərdə hallanmağına imkan verməmişəm və verməyəcəm. Hazırda işimin başındayam. İnnovasiya layihələrin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hal hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram və nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm, innovativ layihələr həmişə narahatçılıq yaradır, amma geriyə yol yoxdur.
Sonda onu demək istərdim: İstənilən sahədə peşəkarlıq insanı ucaldır, gücləndirir və özünü daha da güvənli hiss etdirir. Bu sahə olsun ya jurnalistika, ya elm, ya mühəndislik və s. fərq etməz. Mən bütün sahədə çalışan mütəxəssislərə arzum budur ki, peşəkarlığı istiqamətində öz üzərində işləsinlər”./bakupost.az