Böyük oyunçuların region uğrundakı iqtisadi rəqabəti Azərbaycana dividendlər gətirir
ABŞ və Böyük Britaniya Rusiyanı enerji bazarlarından sıxışdırıb çıxarmaq və bununla da onun büdcəsini formalaşdıran mənbələrin onurğa sütununu qırmaq üçün səylərini birləşdirib. Qərb mövcud tablodakı rəngləri silib ona öz istədiyi rəngləri vermək üçün Azərbaycanın və Türkmənistanın enerji resurslarına doğru boylanır.
Rusiya-Ukrayna müharibəsi davam etdikcə qlobal enerji bazarlarında yeni istiqamətlər yaradılması, mövcud layihələrin şaxələndirilməsi Moskvaya əks cəbhədə dayanan böyük güclərin maraq dairəsindədir.
Dünya nizamının dəyişdirilməsi, qlobal balansın öz oxundan çıxardılması cəhdləri fonunda neft-qaz layihələri uğrunda mübarizə də yeni fazaya daxil olaraq əsl rəqabət meydanına çevrilir.
Avropanın enerji bazarlarının 40 faizi Rusiyadan asılı vəziyyətdədir və Moskva təzyiq üçün daim “qaza basmağı” əlində rıçaq kimi saxlayır, bu isə Qərbin gözünü təbii resurslarla zəngin olan və geostrateji cəhətdən mühüm nöqtələrdə yerləşən ölkələrə doğru əyir.
Qərb, xüsusən də ABŞ və Böyük Britaniya Rusiyanı enerji bazarlarından sıxışdırıb çıxarmaq və bununla da onun büdcəsini formalaşdıran mənbələrin onurğa sütununu qırmaq üçün səylərini birləşdirib.
Qərb mövcud tablodakı rəngləri silib ona öz istədiyi rəngləri vermək üçün Azərbaycanın, Türkmənistanın enerji resurslarına doğru boylanır, Azərbaycan-Türkmənistan enerji əməkdaşlığından faydalanmaq istəyir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
“Nostalji” üzərindəki yenilik
Azərbaycan-Türkmənistan tandemi bir neçə il öncə Transxəzər Boru Kəmərinin çəkilməsi layihəsi ilə enerji bazarlarının gündəmində ağırlıq təşkil edib. Həmin layihəyə əsasən, Türkmənistan qazı Xəzər dənizinin dibi ilə Azərbaycana çatdırılır, oradan da Avropaya çıxarılır.
Bu layihə reallaşmasa da, onun əhəmiyyətini artıran və reallaşmasını sürətləndirən Azərbaycan-Türkmənistan-İran sazişi xüsusi önəm daşıyır.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayının sonunda Türkmənistan qazının İrandan keçməklə Azərbaycana ötürülməsinə dair üç ölkə arasında sənəd imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan hər il İran vasitəsilə Azərbaycana 1,5-2 milyard kubmetr qaz ixrac ediləcək.
Beləliklə, buradakı hədəflər və verə biləcəyimiz proqnozlar:
1. Azərbaycanın tranzit əhəmiyyəti və orta dəhliz statusu artacaq,
2. Türkmənistanın gəlirləri yüksələcək,
3. Blokada şəraitində yaşayan İran da tranzit imkanları ilə pul qazanacaq,
4. Avropa bazarlarında Azərbaycan qazının şaxələndirilməsi üçün yeni mənbə rolunu oynayacaq. Bu mənada ki, həmin qaz xəttinin Cənub Qaz Dəhlizinə qoşulması ehtimalları yaranıb,
5. Türkmənistandan gələn qaz yerli çatışmazlıqların ödənilməsinə kömək edəcək. Yerdə qalan həcm isə regionun mövcud qaz tranzit boru kəmərləri vasitəsilə Türkiyə və Gürcüstana ixrac edilə bilər.
6. Qərb Rusiyanın Avropa bazarlarında tutduğu mövqenin təməllərini laxladacaq.
İranla Qərb sövdələşməyə girib?
Qərbin Azərbaycan və Türkmənistanın enerji resurslarına görə onlara verdiyi iqtisadi-strateji dəyərin ölçüsü böyüyür, hər nə qədər qəribə səslənsə də, İran da enerji resurslarının şaxələndirilməsində oynadığı rola görə Qərbin gözündə dəyər qazanır. Hazırda İrana tətbiq edilən embarqolar fərqli istiqamətlərdədir. Lakin Azərbaycan-Türkmənistan-İran formatında İslam Respublikasını hər hansı sanksiyalar lövhəsinə oturtmaq real görünmür.
Çünki belə mexanizm Qərb üçün də sərfəlidir, İrana da hava-su kimi lazımdır. Ona görə də Qərblə İranın enerji axınının bu istiqaməti üzrə sövdələşməyə getdiyini söyləyə bilərik.
İranın məqsədi özünü əsas qaz təchizatçısı kimi göstərərək Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək və Qərbin enerji bölüşdürülməsi üçün ayıracağı vəsaitdən gəlir götürməkdir.
Bakı-Aşqabad-Tehran üçlüyünün sazişinin nüvəsi Türkiyə üçün də çox faydalıdır, bu mənada “həmin sənəd mühüm siyasi mesajlarla zəngindir” deyə bilərik.
Qlobal iqtisadi qüdrətlər iddialıdır
Transxəzər qaz kəməri layihəsindən danışarkən onu Çin mərkəzli Transxəzər beynəlxalq nəqliyyat marşrutunun nüvəsindən qoparıb fikir yürütmək yanlış olardı. Transxəzər layihəsi Çinin qlobal iqtisadi qüdrətinin tərkibində də aktuallıq qazanır. Pekin “Bir kəmər, bir yol” təşəbbüsünü elan edərkən avtomobil yolları, dəmir yolları, dəniz zolaqları şəbəkəsinin elementlərinin Xəzər regionundan və Qafqazdan keçməsini hədəfləyir. Bu hədəfləri asanlaşdıran isə Transxəzər qaz kəməri layihəsidir və Çin buna görə Azərbaycana, Türkmənistana, İrana, eləcə də Qazaxıstana, Qara dəniz sahilində yerləşən Türkiyəyə və Gürcüstana böyük önəm verir.
Yəni Çin Qərbin dəstəklədiyi və maliyyə təminatını qarşılamağa hazır olduğu layihələri özünün ekspansiya siyasətinə fayda gətirən elementə çevirmək istəyir. Çinin strateji dövlət ağlı reallaşacaq Zəngəzur dəhlizini də orta dəhliz statusunda qiymətləndirir.
Qərb isə Çinin yüksələn iqtisadi qüdrətinin önünə keçməyi və onun fürsətcil davranaraq layihələrdən pay qoparmaq siyasətini anlayışla qarşılamır, hərçənd ki, bu məsələdə Qərbin özündə də fikir ayrılıqları var.
Ancaq Çin israrlı konsepsiyasına “əlvida” deyən də deyil, Mərkəzi Asiya ilə Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək üçün yeni potensialların yaradılması uğrundakı rəqabət yeni mərhələyə qədəm qoyacaq.
Bakının rəğbətini qazanmaq uğrunda çəkişmə
Sözsüz ki, indi bağlı qapılar arxasında aparılan danışıqların motivində regionda saysız-hesabsız iqtisadi və logistik imkanların açılması üçün cəlbedici düsturlar verilir. Nəqliyyat dəhlizlərindən tam gücü ilə istifadə etmək üçün diplomatik danışıqların intensivləşdirilməsi təəccüblü deyil.
Görünür ki, Azərbaycanın bu məsələdə rolu ön planda tutulur, ona görədir ki, son vaxtlar Qərb tərəfindən Bakıya edilən səfərlər, dövlətə ünvanlanan xoşməramlı mesajlar çoxalmağa başlayıb.
Qərbin və Çinin enerji marşrutlarını təşviq etməsi Xəzər neftinin və qazının Rusiya ərazisindən yan keçərək təyin olunan coğrafiyaya çatmasına hesablanır. Moskva isə enerji bazarlarında alternativlər yaratmaqdan məhrum edilir, hərçənd ki, Kremlin həmişə “B” planı olur.
Amma nə olursa-olsun, Moskva gəlirli biznesini və Avropa İttifaqının Rusiya qazının idxalından asılılığı ilə təmsil olunan təsirini itirməkdən qorxur.
Nəticə olaraq güman etmək olar ki, böyük oyunçuların region uğrundakı iqtisadi rəqabəti Azərbaycana dividendlər gətirir. Bu, Azərbaycanda, Xəzər dənizinin ona məxsus olan hissəsində, işğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşunu stimullaşdıracaq.
İkincisi, güman etmək olar ki, Qərblə Çin enerji resurslarının şaxələndirilməsində razılıq əldə edəcək, amma Moskva oyundan kənarda duracaq.