Bakıda fransız kino günləri başladı: Hansı filmlər nümayiş olunacaq?
İyunun 7-də “Azərbaycan sinema” kinoteatrında “Fransız kino həzzi: 100% klassiklər” layihəsi çərçivəsində Rober Bressonun “Baltazar” filminin Azərbaycan dilində nümayişi baş tutub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransız İnstitutu və Fransa səfirliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutan nümayişdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross iştirak edib.
Belə gözəl təşəbbüs üçün təşkilatçılara təşəkkür edən səfir Zakari Qross zalın dolu olmasını Azərbaycanda əsil kino bilicilərinin mövcudluğunun göstəricisi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən AKİ katibi Əli İsa Cabbarov Rober Bressonu dünya kinosunun tanrısı adlandırdı və Azərbaycan Kinematoqrafçılar İttifaqının layihələrindən biri olan film nümayişlərində belə filmlərin olmasının vacibliyini vurğulayıb. O bildirib ki, Kinematoqrafçılar İttifaqı Fransa səfirliyi ilə təkcə nümayişlər təşkilində yox, kinomuzun inkişafına gətirən müxtəlif layihələrdə əməkdaşlığa hazırdır.
Cinemaplus kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə belə yüksək mənəvi dəyəri olan filmlərin “Azərbaycan sinema” kinoteatrında nümayiş olunmasından məmnun olduğunu bildirib.
Tədbirin sonunda film haqqında məlumat verən Murad Abıyev və Aygün Aslanlı rejissorun yaradıcılığını tamaşaçılarla müzakirə ediblər.
“Fransız kino həzzi: 100% klassiklər” layihəsi çərçivəsində nümayişlər davam edəcək.İyunun 14-də 1934-cü ildə Jan Viqo tərəfindən çəkilən “Atalanta” filmi təqdim olunacaq. Film “Atalanta” gəmisinin kapitanı Janın, kənd qızı Cülyetta ilə evliliyi və onların Parisə bal ayı səyahətindən bəhs edir.
İyunun 21-də isə tamaşaçılar “Uçuş zolağı” və “Sibirdən məktublar” qısa filmlərinə baxa biləcəklər.
Rejissor Kris Markerin çəkdiyi, qısametrajlı və yeganə bədii filmi hesab edilən “Uçuş zolağı”nda üçüncü dünya müharibəsinin termonüvə zərbəsindən sonra sağ qalan parislilərin yeraltı katakombalarda yaşamasından bəhs edilir. Film fantastik janrda lentə alınıb və tamaşaçıya antiutopik hisslər yaşadır.
Markerin “Sibirdən məktublar” sənədli filmi isə Sibirin təbiətindən, orada yaşayan insanların həyatından, cəmiyyətin müasirləşməsindən bəhs edir.