Xankəndi separatçısının böhtanını Rusiya həvəslə yaydı
Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət sahəsində olan Xankəndidə hələ də fəaliyyət göstərməyə çalışan və özünü utanmadan “dövlət naziri” kimi sırımağa çalışan separatçı tör-töküntüsü Artak Beqleryan Azərbaycanın ünvanına böhtan atmağa çalışıb.
Beqleryan bir müddət öncə Qarabağda “savaşmağa gəlmiş silahlılar”ın Ukraynada Rusiyaya qarşı döyüşə göndərilməsinin mümkünlüyünü iddia edib.
O deyib ki, guya həmin zaman “ermənilərə və xaça qarşı” döyüşmək üçün Suriyadan 5-7 min arası döyüşçü gəlib:
“Bəlkə də onlardan bəziləri müharibədən sonra azad edilən ərazilərdə qalıblar. Ola bilsin ki, həmin şəxslər Ukraynaya Rusiyaya qarşı döyüşmək üçün göndərilsin”.
Yalan və böhtanın təqdim edilməsindəki vurğular hər kəsə bəllidir: ermənilər guya bu cür şərləmələrlə Azərbaycandan qisas aldıqlarını və düşmənçiliklərini davam etdirdiklərini göstərməyə çalışırlar.
Ancaq məsələ Beqleryanın bu iddiaları səsləndirməsində deyil: İkinci Qarabağ müharibəsi zamanı kimin sıralarında terrorçu döyüşdüyünü və o terrorçuların necə məhv edildiyini hamı bilir. Zatən Beqleryan da “olsa bilsin ki”, “bəlkə də” ifadələri ilə öz sözünə özünün də inanmadığını, ağ yalan danışdığını göstərir. Onun guya “xaç savaşı” maskalanmasında da nə qədər böhtan atdığı Ukraynada gedən “xaçsız savaşdan” hər kəsə bəllidir.
Problem odur ki, bunu Rusiyanın ən böyük və rəsmi agentliklərindən biri olan “RİA Novosti” açıq lentindən dünyaya yayır.
Xəbərin özünün necə yalan olduğunu hər kəsdən əvvəl RİA əməkdaşlarının bildiyinə heç bir şübhə yoxdur. Ancaq RİA Azərbaycana qarşı bu gülünc, öz-özünü təkzib edən, peşəkarları iyrəndirən yalanı gözgörəsi yaymaqla münasibətini ortaya qoyur.
Yəni məsələ ermənidə deyil, erməni yalanını təqdim edəndədir!/axar.az