“Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur”
“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
“Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.
Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr edilmiş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə paradı qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.
Keçən il Milli Qurtuluş günündə, iyunun 15-də Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini birlikdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzaladıq, rəsmən Türkiyə və Azərbaycan müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir. Siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”, – Prezident əlavə edib.