“Yunanıstan və Ermənistan süni şəkildə yaradılmış dövlətlərdir” – Toğrul İsmayıl
“Son zamanlar ABŞ Yunanıstanda mövcudluğunu, o cümlədən də hərbi varlığını artırıb”.
Türkiyəli politoloq, Kahramanmaraşda “Sütçü İmam” Universitetinin professoru Toğrul İsmayıl açıqlamasında bu barədə danışıb.
Onun sözlərinə görə, bu, artıq müttəfiq yanaşması deyil, bir dövlətin (Yunanıstanın) ərazisindən digərinin (ABŞ) istifadə etməsidir.
“Türkiyəyə gəlincə, ölkəmiz NATO-nun üzvüdür, burada amerikalıların istifadə etdiyi “İncirlik” hərbi hava bazası var. Amma tərəfdaşlıq heç də həmişə haradasa müttəfiqin hərbi bazalarının olub-olmaması ilə ifadə olunmur. Vaşinqton və Afina arasında tərəfdaşlığın bundan sonra necə inkişaf edəcəyini görmək mənə maraqlı olardı. Yunanıstan Aralıq dənizində ciddi bir dövlət olaraq qəbul edilmir. ABŞ Yunanıstan ərazisindən bir növ tramplin kimi istifadə edəcək.
Bir vaxtlar Avropa İttifaqı Yunanıstanı öz tərkibinə daxil etdi, Avropa və bütövlükdə Qərb nədənsə daim bütün yunan şıltaqlıqlarını yerinə yetirir. Yunanıstan NATO-dan çıxdı, sonra yenidən onu qəbul etdilər”, – deyə türkiyəli politoloq qeyd edib.
O, Yunanıstanla Türkiyə arasında münasibətlərdən də bəhs edib:
“Yunanıstanın ambisiyaları həmişə həddindən artıq olub. Yunan dostlarımız inciyə bilər, amma indiki Yunanıstan nisbətən yaxınlarda, məhz Qərb dövlətləri tərəfindən Osmanlı İmperiyasının ərazisində yaradılmışdır. Bəli, yunanlar orada yaşayırdılar, lakin yüz illər boyu onların dövlətçiliyi yox idi, romalılar eramızdan əvvəl III əsrdə onu bitirmişdilər. Ondan sonra hansısa yunan dövləti olmadı.
Yunanıstan da, yeri gəlmişkən, Ermənistan kimi süni yaradılmış dövlətdir. Buna görə də yuxarıda qeyd etdiyim kimi, ambisiyaları yüksəkdir. Onlar müxtəlif ərazilərə – keçmiş Roma İmperiyasına, Osmanlı İmperiyasına, müasir Türkiyəyə iddialıdırlar. Birinci Dünya müharibəsi zamanı isə Qərb ölkələrinin təzyiqi ilə Osmanlı İmperiyası dağılanda, Yunanıstan Türkiyənin bir hissəsini işğal etdi. Bəs nəticədə nə oldu? Türk xalqı sözün əsl mənasında yunanları dənizə atdı.
“Casus belli”nin olduğunu düşünmürəm, yunanlar şişirdirlər. Amma istəsələr, müxtəlif beynəlxalq məhkəmələrə müraciət etsinlər. Onlara beynəlxalq normaların olduğunu izah edəcəklər.
İtalyanların vaxtilə Yunanıstana verdiyi adalara gəlincə, əsas şərt onları hərbiləşdirməmək idi. Amma bunun əksi oldu. Və daha bir şey – Türkiyə sərhədlərindən bir neçə kilometr aralıda bir ada var və buna görə bizim dəniz məkanımız olmayacaq? Bu gülməlidir. Yunanlar başqa ölkələrdə, xüsusən də qonşu ölkələrdə hörmətsizlik kimi qəbul edilən ambisiyalarını cilovlamalıdırlar. Türkiyə güclü dövlətdir və biz Yunanıstanla NATO-nun üzvüyük.
Yeri gəlmişkən, hələ 1997-ci ildə Yunanıstan rəsmiləri bəyan etmişdilər ki, Ermənistanın düşmənləri Yunanıstanın düşmənləridir və mən bu bəyanatlara reaksiya vermişəm. Yunanların beynəlxalq normalara yanaşması göz qabağındadır. Yunanlar anlamalıdırlar ki, onlar NATO-dadırlar, Şimali Atlantika Alyansı onları qoruyur. Ona görə də qəbul olunmuş müqavilələrə əməl etmək lazımdır…”/oxu.az