“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” – Proses buna doğru gedir…

 

Artıq bir neçə həftədir ki, Ermənistanda kütləvi etiraz aksiyaları davam edir. İtaətsizlik aksiyalarına başlayan erməni müxalifətinin Müqavimət Hərəkatı Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Görünən odur ki, müxaliflər növbəti “məxməri inqilab” üçün məqam tapıblar. Çünki Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində intensiv diplomatik danışıqlar aparılır, müəyyən irəliləyişlər haqqında rəsmilər bəyanatlar verirlər.

Paşinyan ölkəsinin iqtisadi və nəqliyyat təcridinə son qoymaq üçün qonşuları ilə sülh müqaviləsi imzalamaq qərarına gəldiyini elan etdikdən sonra müxalifət onu milli maraqlara xəyanətdə ittiham edib, insanları küçələrə çıxardı. İrəvanda çadırlar qurulub və etirazçılar Nikol istefa verənə qədər orada yaşamaq niyyətindədirlər. Amma Paşinyan kütlənin tələblərinə biganə yanaşır və siyasətini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Ermənistan müxalifəti İkinci Qarabağ müharibəsi başa çatandan bəri Baş naziri devirməyə çalışır. 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderləri Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında Üçtərəfli Birgə Bəyanat imzalayan kimi erməni hakimiyyətinin əleyhdarları küçələrə çıxaraq hökumətin istefasını tələb etdilər. Onlar Paşinyanın müharibənin başa çatmasını nəzərdə tutan Bəyanatı imzalamasını biabırçı və qəbuledilməz adlandırırdılar.

Lakin müxaliflər anladılar ki, Azərbaycanın güclü ordusu qarşısında orduları 44 gün tab gətirə bildisə, növbəti müharibə olarsa, tamamilə məhv ola bilərlər. Bu baxımdan müxalifət bir qədər sakitləşmiş oldu. Daha sonra ötən ilin iyununda növbədənkənar parlament seçkilərində Paşinyanın “Mülki Müqavilə” Partiyasına məğlub olan əsas müxaliflər – keçmiş prezidentlər Köçəryan və Sarkisyanın partiyaları Nikolu devirə bilməyəcəklərini anlamışdılar.

İndi Azərbaycanla normallaşma danışıqları ilə bağlı Paşinyanın açıqlamaları yenidən müxalifləri alovlandırdı və küçələrə çıxdılar. Proses hələ davam edir. Ona görə də Paşinyan hakimiyyətinin sonunun nə olacağı da sual doğurur. Erməni və azərbaycanlı ekspertlər hesab edirlər ki, Paşinyan hakimiyyətini saxlayacaq, lakin müxalifət təzyiqləri dayandırmayacaq.

“Hələlik ermənilərin əksəriyyətinin dəstəyi Paşinyanın tərəfindədir. Onun legitimliyi var və Ermənistan xalqı ona güvənir”, – deyə Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri, erməni politoloq Stepan Qriqoryan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistanda heç kim döyüşmək istəmir, insanlar sülh və sabitlik istəyirlər: “Amma Qarabağ məsələsi ermənilər üçün ağrılı məsələdir. Əgər Baş nazir doğrudan da tələblər zolağını həddən artıq aşağı salıb, rəsmi Bakının bütün tələblərini qeyd-şərtsiz qəbul etsə, o zaman hətta tərəfdarları da ondan üz döndərəcəklər”.

Analitik qeyd edib ki, Paşinyanın ritorikası Köçəryana və Sarkisyanın ittihamına əsaslanır: “Nikol İkinci Qarabağ müharibəsində Ermənistanın zəif olmasının günahını onların hakimiyyəti dövründə görür. Paşinyanın bu arqumentləri hələlik ermənilərin əksəriyyəti üçün məqbuldur. Lakin müxalifətin sıraları yeni simalarla dolduqca, Paşinyan buna qarşı daha mürəkkəb mübarizə aparmalı olacaq”.

“Paşinyanın bütün rəqiblərinin yalnız köhnə elitanın tərəfdarları olduğunu söyləmək düzgün deyil. Bu gün də müxalifətin sıralarında il yarım əvvəl özünü siyasətdən kənar hesab edənlər var. Məsələn, 44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri müxalifdir. Bundan əlavə, keçmiş liderlərlə əlaqəli olmayan yeni siyasi hərəkatlar, tələbələr var. Eyni zamanda, partiyalarda olmayan, sadəcə proseslərə biganə qalmayan insanlar aktivləşirlər”, – deyə Qriqoryan vurğulayıb.

Politoloq qeyd edib ki, qonşularla münasibətlərin normallaşdırılması tələbi birbaşa erməni cəmiyyətinin əksəriyyətindən gəlir: “İnsanlar başa düşürlər ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda status-kvo dəyişib. Biz indi çox şey tələb edəcək vəziyyətdə deyilik. Üstəlik, müharibənin nəticələrindən sonra Rusiya bizi dəstəkləməyə o qədər də həvəsli deyil. Ona görə də Ermənistan cəmiyyətində münasibətlərin normallaşması üçün müəyyən baxış var. Həm də insanlar artıq anlayırlar ki, sülh müqaviləsinin imzalanmasına Ermənistan müxalifəti mane ola bilməz. Amma əgər Azərbaycan tərəfi getdikcə daha sərt tələblər irəli sürməkdə və Paşinyanı onları qəbul etməyə məcbur etməkdə davam edərsə, bu, Baş nazirin reytinqini aşağı salacaq və o, postunu itirəcək. Nəticədə hakimiyyətə sülhdə maraqlı olmayan siyasətçilər gələcək, bu zaman sülh müqaviləsi uzun müddət unudulmalı olacaq”.

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Paşinyan hakimiyyətini qoruya biləcək. Analitik  şərhində bildirib ki, bu gün İrəvan küçələrində baş verənlər, itaətsizlik aksiyası keçirənlər Moskvadan gələn təlimatı yerinə yetirirlər.

“Erməni müxalifəti mitinqləri Rusiyanın sifarişiylə keçirir. Rusiya istəyir ki, Ermənistan Türkiyə və Azərbaycanla barışmasın, arada düşmənçilik qalsın, Qarabağ məsələsi həll olunmasın. Niyyət də odur ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti uzansın. Axı barışıq olarsa, o zaman sülhməramlıya, daha doğrusu, rus əsgərinə ehtiyac qalmayacaq. Münaqişə ocağı qalsın, Azərbaycan və Ermənistan rəhbərliyi də vaxtaşırı Moskvaya getsinlər, Rusiya rəhbərliyindən xahiş-minnət etsinlər. Rusiya bunu istəyir. Ona görə də, Ermənistanda olan əlaltılarını hərəkətə gətirib”, – deyə həmsöhbətimiz söyləyib.

Onun fikrincə, Paşinyan Qarabağ məsələsini birdəfəlik həll etmək, ölkəsini dirçəltmək, qonşularla münasibətləri yaxşılaşdırıb, iqtisadi gücünü artırmaq istəyir: “Paşinyan dərk edir ki, Qarabağ məsələsi Ermənistanın boynundan asılmış ağır daşdır. Paşinyan ermənilərə deyir ki, gəlin bu daşdan qurtulaq. Erməni cəmiyyətinin də əksəriyyəti Nikolu dəstəkləyir. Ona görə də Paşinyan hakimiyyətini qoruyacaq. Əsas olan odur ki, erməni cəmiyyəti Paşinyanın hakimiyyətdə qalmasını istəyir”.

“Baxın, aksiya edənlər, küçələrdə sülənənlər kimlərdir? – Ermənistanı bu günə kimi qarət edənlər, viran qoyanlar. İndi Rusiyanın göstərişi ilə meydana çıxan Kreml agentləri xalqın müəyyən kəsiminin cəhalətindən və vəzifəsini itirmiş adamların tamahkarlığından istifadə edirlər. Bu mitinqlərdə əsasən vəzifəli adamlar, onların qulluqçuları iştirak edirlər. Mitinq iştirakçılarının ən çox sayı 10-15 min olur, bəzən 5 minədək düşür. Çünki heç kim onlara qoşulmur, rəğbət bəsləmir. Sarkisyan, Köçəryan və digərlərini də ermənilərin özləri söyürlər. Rusiya da etirazçıları tam dəstəkləyə bilmir – öz hayındadır. Putinin bir əli Ukraynada, o biri əli NATO ilə davadadır. 10 min etirazçı ilə nəyəsə nail olmaq mümkün deyil”, – deyə Əlizadə vurğulayıb.

Müsahibimiz hesab edir ki, itaətsizlik aksiyaları keçirənlərin heç bir gələcəyi yoxdur və bununla Paşinyanı devirə bilməyəcəklər: “Paşinyan da gün gələcək sülh müqaviləsi imzalayacaq, İrəvanda Bakı və Ankaranın, Bakı və Ankarada da Ermənistan səfirliyi olacaq”.

Politoloqun dediyinə görə, Köçəryanın, Sarkisyanın dövründə hakimiyyətdə olmuş oğrular yenidən hakimiyyətə gəlməyə çalışırlar: “Elə bilirsiniz ki, onların məqsədi Qarabağdır? Əlbəttə ki, yox! Onlar istəyirlər ki, yenidən vəzifəyə gəlib, var-dövlətlərini artırsınlar. Diqqət edin, küçələrdə “Nikol xaindir” deməkdən başqa söylədikləri nə var? Hansı proqramı, hansı məramnaməni ortaya qoyublar? Heç birini! Birinin dilindən Qarabağla bağlı hansı addım atacaqları barədə kəlmə də çıxmayıb. Erməni cəmiyyəti bunları görür, sülh istəyənlər, müharibəni rədd edənlər çoxdur və onlar Paşinyanın tərəfindədirlər”.

“Bu gün Ermənistanda sülh istəyənlərin səsi daha bərkdən çıxır. Sarkisyan və onun tərəfdarlarının şüarlarından, çıxışlarından belə anlaşılır ki, onlar sülh istəmirlər. Onda buyursunlar, müharibə etsinlər. Hansı ordu ilə müharibə aparacaqlar? Ordu qurmaq üçün pul lazımdır. Onlarda da pul yoxdur. Rusiya onlara havayı silah verəcək? Rusiyanın özünün bu gün vəziyyəti yaxşı deyil. Bütün bunları hər kəs görür”, – deyə analitik fikrini tamamlayıb./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password