Ermənistan üçün hamı günahkardır: Paşinyan KTMT-dən nə istəyir?

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Vladimir Putinlə Moskvada keçirdiyi görüş rəsmi İrəvanın Qarabağla bağlı siyasətinə növbəti ağır zərbəni vurub. Nikol Paşinyan yenə də ATƏT-in Minsk qrupunun rolu ilə bağlı müzakirələrə başlamağa cəhd etsə də, Vladimir Putin öz bəyanatında Dağlıq Qarabağ ifadəsini işlətmədi, “Biz Qarabağ probleminin həllində fəal birgə fəaliyyətimizi artıq üçtərəfli formatda Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə davam etdiririk” söylədi.

Bundan məmnun qalmayan Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılmasının 20 illiyinə həsr olunan sammitdə şikayət xarakterli bəyanatla çıxış edib. O, Ermənistanın ötən illər ərzində yaranmış müəyyən problemlərlə bağlı KTMT-yə müraciətlərinin heç bir fayda vermədiyini, Ermənistanın gözlədiyi reaksiyanın gəlmədiyini deyib.

Nikol Paşinyan sammitdə guya ötən il Azərbaycan hərbçilərinin Ermənistan sərhədini pozması ilə bağlı iddialar irəli sürərək KTMT-ni bu məsələyə münasibətdə səssiz qaldığını bildirib. Halbuki Azərbaycan həmin vaxt beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edirdi və Ermənistanın KTMT-ni ona aid olmayan işlərə qarışmağa sövq etməsi ilə bağlı çağırışları məsələni siyasiləşdirmə cəhdindən başqa bir şey deyil.

Paşinyan KTMT-yə üzv olan ölkələri “Ermənistana dost olmayan ölkəyə” silah satmaqda da ittiham edib və həmin ölkələrin 44 günlük müharibədəki reaksiyasının Ermənistanı və erməni xalqını sevindirmədiyindən gileylənib. Hazırda KTMT-yə rotasiya əsasında sədrlik edən bir ölkənin rəhbərinin beynəlxalq tədbirdə digər üzv ölkələrə bu cür hörmətsizlik nümayiş etdirməsi ilk növbədə Rusiyanın aparıcı rol oynadığı hərbi-siyasi blokda Ermənistanın qalmasının nə dərəcədə məqsədəuyğun olmasını sualını doğurur.

Digər tərəfdən, əgər Paşinyan Azərbaycanın Rusiya və Belarusdan aldığı silah-sursatı nəzərdə tutursa, bu barədə Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan yalnız adı çəkilən iki ölkə deyil, bir sıra dövlətlərlə bu sahədə əməkdaşlıq edir. Azərbaycan silahları xaricdən pulla alır, Ermənistana isə pulsuz verilir. Bu baxımdan Paşinyanın öz müttəfiqi olan Rusiyaya qarşı ədalətsiz münasibəti başa düşülən deyil.

Azərbaycan Ermənistan istisna olmaqla KTMT-yə üzv ölkələrin hamısı ilə səmərəli əməkdaşlıq qurub, Rusiya ilə hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir sıra addımlar atıb. Ona görə də 44 günlük müharibədə Ermənistanın Azərbaycanın öz suveren ərazilərində apardığı müharibəyə digər ölkələri, xüsusilə də KTMT-ni cəlb etmək cəhdləri beynəlxalq hüquq cəhətdən yolverilməz idi, ancaq rəsmi İrəvan hələ də bu reallığı anlamır.

Rəsmi İrəvan yalnız KTMT-ni deyil, Avropa İttifaqını da onlara kömək etməməkdə ittiham edir. NATO-ya qarşı yaradılmış bir təşkilatda təmsil olunub, NATO-nu və Avropa İttifaqını yardım etməməkdə günahlandırmaq siyasi səbatsızlığın ən gözəl nümunələrindən biridir və bu, öz günahını başqasının üstünə atmağa bənzəyir.

Azərbaycan Ordusu işğaldan azad etdiyi ərazilərdə vəziyyətə tam nəzarət edir. Müharibə dövründə və ondan sonra baş verən proseslərdə Ermənistan rəhbərliyinin KTMT-yə etdiyi müraciətlər, qaldırdığı əsassız hay-küy bir daha onların acizliyini, qorxaqlığını və riyakar siyasətini göstərdi. Bunun əvəzində KTMT-nin xarici fondlardan maliyyələşən Ermənistan hakimiyyətinin çağırışlarına cavab verməməsi tamamilə haqlı idi. Çünki müharibəyə qədər Ermənistan hakimiyyəti bütün beynəlxalq davranış qaydalarını pozaraq, KTMT-nın baş katibini həbs etmişdi. Bununla da kifayətlənməyib bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyinə veto qoymuşdular. Bütün bunların müqabilində Ermənistanın təşkilatdan yardım umması yalnız ikrah doğurur və bunu KTMT-yə üzv ölkələrin dövlət başçıları da yaxşı bilir.

Artıq Ermənistanda KTMT-yə münasibət dəyişib. Siyasi rəhbərliyin bu sahədəki fəaliyyəti cəmiyyətdən də yan keçməyib, ermənilər tez-tez ölkənin bu təşkilatdan çıxması haqqında müzakirələrə qoşulur. Müzakirələrin məğzi nifrət ruhuna köklənib və ermənilər düşünür ki, KTMT Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz. Üstəlik, təşkilat Ermənistan-Azərbaycan münaqişəsində öz mövqeyini inkişaf etdirmədi və fəaliyyətini məcburi çağırışlarla məhdudlaşdırdı.

Ermənistanda KTMT dedikdə Rusiya başa düşülür və bu təşkilatın fəaliyyəti anti-Rusiya çağırışlarının tərkib hissəsidir. Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdən öncə demişdi ki, Ermənistanı KTMT-nin təsirindən çıxaracaq. İndiki vəziyyətdə isə Paşinyan yalnız Rusiyanın postsovet məkanında geosiyasi təsirini saxlamağa xidmət edən təşkilatın fəaliyyətini tənqid etməklə kifayətlənir. 44 günlük müharibədəki uğursuzluğun Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərarın verilməsi üçün ən əlverişli fürsət olmasına baxmayaraq, Paşinyan Moskvanın kəskin reaksiyasından qorxub bu addımı atmadı.

Hətta bu ilin yanvarında Qazaxıstanda baş verən gərginliklər fonunda Ermənistanın KTMT-nin tərkibində Qazaxıstana 100 nəfərlik “sülhməramlı missiya” göndərməsi belə Paşinyanın KTMT ilə bağlı tərəddüdlərinin erməni cəmiyyətində kəskin tənqid edilməsinə səbəb oldu. Əsas fikir bundan ibarət idi ki, Ermənistan KTMT-nin konsensus əsasında Qazaxıstana qoşun yeritmək qərarına mane ola bilməzdi, lakin həmin ölkəyə erməni hərbi qrupun göndərilməsindən çəkinməli idi./gundeminfo.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password