Müharibəyə görə bu siqaretlər Bakıda bahalaşdı
“Tabaterra” QSC 16 noyabr 2018-ci il tarixindən Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi fəaliyyət göstərir. Müəssisəmizdə ümumilikdə 100-dən artıq çeşid olmaqla yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır.
Bu barədə QSC-dən məlumat verilib.
“Lisenziya əsasında istehsal etdiyimiz beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin mart ayına kimi həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların fabrikimizə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir.
Bildirmək istərdik ki, qeyd etdiyiniz “Sobranie” və “Vinston” ticarət markaları Japan Tobacco International şirkətinə məxsusdur. “Vinston” markalı məhsullar şirkətimiz tərəfindən 2019-cu ildən, “Sobranie” markalı məhsullar isə 2021-ci ildən fabrikimizdə istehsal olunur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir. Qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan çeşidlər üzrə də xammal təchizatı üçün mənbə artıq təyin olunmuş və yaxın zamanlarda təchizatçı şirkət tərəfindən tələb olunan xammallar müəssisəmizə göndəriləcəkdir.
Eyni zamanda bildiririk ki, müəssisəmiz tərəfindən istehsal olunan digər çeşidlərin tədarükündə heç bir problem yoxdur və davamlı şəkildə bazara təqdim olunmaqdadır”, – QSC-dən bildirilib.