“Sərhədlərin müəyyənləşməsində 1918-ci il xəritələrini əsas götürməliyik” – ÇAĞIRIŞ
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesində diqqət yetiriləcək mühüm məqamlara toxunub. Dövlət başçısı vurğulayıb ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı tarixi, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı xəritələri nəzərə almalıyıq. Ölkə rəhbəri bildirib ki, sərhəd məsələsində diqqəti sadəcə bir xəritəyə yönəldə bilmərik: “İrəvanın Azərbaycanın bir hissəsi olduğu 1918-ci ildən başlayaraq bir çox xəritələr olub. Eləcə də Zəngəzurun Azərbaycanın bir hissəsi olduğu 1920-ci ilin noyabrından əvvəl. Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər”. Prezident qəti şəkildə bəyan edib ki, Ermənistanla sərhədləri müəyyənləşdirərkən 1918-ci ildən 1991-ci ilədək bütün xəritələr götürüləcək: “Əlbəttə, bu bizim birgə İşçi qrupumuzun müzakirələrinin bir hissəsi olacaq”. Dövlət başçısının diqqət yönəltdiyi məqamı dəyərləndirən Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib ki, Ermənistan tərəfi sərhədlərin müəyyənləşməsini manipulyasiya etməyə çalışır. Professorun sözlərinə görə, indiki məqamda Prezident İlham Əliyevin sərhədlərin demarkasiya və delimitasiya prosesində hansı xəritələrdən istifadə olunacağı ilə bağlı qəti fikir bəyan etməsi önəmlidir:
“Məsələ ondadır ki, Ermənistan 1991-ci ildə “müstəqilliyini” əldə edərkən özünü Ermənistan SSRİ-nin varisi kimi təqdim edib. Azərbaycan Respublikası isə Cümhuriyyətin varisi olduğunu açıqlayıb. 1918-ci ildə Ermənistan respublikası qurulanda ərazisi 9 min kvadrat kilometr idi. “Zaqafqaziya Demokratik Federativ Respublikası”nın tərkibində olarkən isə Ermənistanın daha az ərazisi vardı. Hətta o vaxt erməni siyasi təşkilatları və “Daşnaksütyun” partiyası Ermənistanın daha az ərazi ilə dövlət olmasına qarşı çıxırdılar. Hesab edirdilər ki, Ermənistan daha böyük ərazidə qurulmalıdır. Naxçıvana, Qarabağa, İrəvana və Şərqi Anadolunun bir neçə vilayətinə iddia edirdilər. Lakin Gürcüstanın 1918-ci il 26 mayda öz müstəqilliyini elan etməsindən sonra ermənilər çaşqın vəziyyətdə qaldılar və tələsik respublika qurduqlarını bildirdilər. Ermənistan 9 min kvadrat kilometrlik ərazi ilə 4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə anlaşma imzalayıb. 1920-ci ildən sonra Zəngəzur və Dərələyəzin bir hissəsinin Ermənistana verilməsi ilə ərazisi 29,2 min kvadrat kilometrə çatdırılıb”.
Alim vurğulayıb ki, ermənilər Azərbaycanın tarixi torpaqları hesabına öz ərazilərini genişləndiriblər:
“Əgər bu gün sərhədlərin müəyyənləşməsinə baxırıqsa, 1918-ci il xəritələrini əsas götürməliyik. Həmin xəritələr Paris Sülh Konfransında da qəbul olunub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadrat kilometr olub. Prezident bəyan edir ki, Cümhuriyyətdən öncəki dövrlərə də baxmalıyıq. Yüz il öncə Cənubi Qafqazda erməni əhalisi azlıqda idi. Say çoxalsın deyə 500 mindən çox erməni Yaxın Şərqdən İrəvan xanlığının ərazisinə köçürülüb və burada yerləşdirilib. Lakin bir dövlətin qurulması üçün ilkin faktorlar zəruridir. Birincisi ərazi, ikincisi isə əhalidir. Ermənistan dövlətinin qurulması üçün ermənilər bu faktorlara sahib olmayıb. Sovet hökumətindən sonra öz biclikləri və məkirli siyasətləri sayəsində torpaqlarını genişləndirməyə nail olublar”.
Q.Çaxmaqlıya görə, həmin məsələləri yenidən müzakirəyə çıxartmalıyıq:
“Əlimizdə 1920-ci illərdən sonrakı xəritələr də var və onlara əsasən, Qərbi Zəngəzurun çox hissəsi Azərbaycana aiddir. Nüvədi kəndinin 1929-cu ildə Ermənistana verilməsi ilə bağlı qərar verilmişdi, amma 1969-cu ilədək qərar təsdiqini tapmadı. Azərbaycan tərəfi xəritələri ortaya qoyaraq bu ərazilərin ermənilərə aid olmadığını, sonradan verildiyini göstərməlidir. “İrəvan Türk Cümhuriyyəti” olaraq bu məsələyə hər zaman həssas yanaşmışıq. Bununla bağlı ciddi çalışmalarımız var, ayrı-ayrı elmi dairələrdə məsələ qaldırmışıq. Mövqeyimiz belədir ki, əgər Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanacaqsa, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların öz tarixi yurdlarına geri dönüşü də müzakirəyə çıxarılmalı, danışıqlar predmeti olmalıdır. “İrəvan Türk Cümhuriyyəti” Ermənistan adlı dövlət tanımır. Ermənistan Azərbaycan ərazilərində ədalətsizcəsinə qurulmuş süni dövlətdir”./sherq.az