Çindən ilk sanksiya – İşıq sürəti ilə Rusiyadan çıxdılar
Çinin dron istehsalçısı DJI şirkəti Rusiya və Ukraynada fəaliyyətini dayandırıb. Şirkətin açıqlamasına görə, qərar bu ölkələrdə yerli qanunlara uyğunluq təmin edilməməsi səbəbindən qəbul edilib.
DJI Ukrayna müharibəsi səbəbindən Rusiyada fəaliyyətini dayandıran ilk Çin şirkəti olub.
Çinin beynəlxalq şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırmaqda tərəddüd edir, çünki Pekin Moskvaya qarşı iqtisadi sanksiyalara qarşıdır. Bundan əvvəl “Didi Global” mobil taksi proqramı Rusiyadakı xidmətlərini dayandırmaq qərarından imtina etmişdi.
Rusiya mətbuatının məlumatına görə, telekommunikasiya avadanlıqları istehsalçısı “Hauwei” də federasiyanın bəzi mobil operatorları ilə əlaqələrini dayandırmağı və Rusiyadakı işçilərinin bir qismini ixtisar etməyi planlaşdırır.
Pekin Rusiyanı Ukrayna ilə müharibəsində açıq şəkildə qınamaqdan çəkindiyi, müharibənin dayandırılmasına kifayət qədər çalışmadığı və Kremlin tezislərini dəstəklədiyi üçün tənqid hədəfidir.
Ukrayna baş nazirinin müavini Mixail Fyodorov ötən ay Rusiya qoşunlarının raketlərini idarə etmək üçün DJI-nin pilotsuz təyyarələrindən istifadə etdiyini iddia edib.
Avropanın ən böyük texnologiya bazarı şəbəkələrindən biri olan “Media-Markt” aprelin 21-də Rusiya ordusuna verdiyi dəstəyə görə mağazalarında DJI məhsullarının satışını dayandırdığını açıqladıqdan sonra şirkət hərbi məqsədlər üçün dron istehsal etmədiyini və məhsullarında silahların quraşdırılmasına qarşı olduğunu bildirib.
DJI Sincan-Uyğur Muxtar Bölgəsindəki türk və müsəlman azlıqları hədəf alan elektron izləmə sistemlərinə texniki dəstək verməsi səbəbiylə ABŞ-ın 2021-ci ildə sanksiya siyahısına daxil etdiyi Çinin texnologiya şirkətləri arasında yer alıb. Bundan sonra sanksiyalardan əvvəl mülki pilotsuz təyyarələrin satışında dünya bazarında 70 faizə yaxın olan şirkətin payı 54 faizə qədər azalıb./teleqraf.com