Gedişat dəyişir: Müharibə Rusiya ərazilərinə keçir – Müsahibə


“ATƏT-in Minsk qrupu formatında danışıqların alınmamasının səbəblərindən biri, bəlkə də birincisi bu idi ki, danışıqlar üçün seçilmiş vasitəçilik formatı buna imkan vermirdi. Maraqlar çox müxtəlif idi, bir tərəfdə Vaşinqton, bir tərəfdə Brüsseli təmsil edən Paris, digər tərəfdə Moskva vardı. Biz bu tərəflər arasında maraqların toqquşduğunu görürdük. Nəticədə bu proses alınmadı. Görünür, Moskva hansısa formada sülh danışıqlarında iştirak etməyi düşünür. Əgər Moskva bu prosesə qoşulacaqsa və bununla bağlı Moskva və Brüssel arasında razılaşma əldə ediləcəksə (bu isə mümkündür görünmür və buna heç bir zəmin yoxdur), demək, proses yenə də dalana dirənəcək”.

Politoloq Ərəstun Oruclunun  müsahibəsini təqdim edirik.

– Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya gedənədək bu yöndə müsbət mesajlar verdi. Üstəgəl, bunun Brüssel və Kremlin gündəliyində olduğuna dair hər iki tərəfdən açıqlamalar verilir, fəallıq göstərilir. Gedişat haqda proqnozunuz necədir, barışıq və ya hadisələrin gözlənilməz yönə dönmə ehtimalı haqda nə deyə bilərsiniz?

– Şübhəsiz ki, Avropa Birliyinin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına moderatorluq etməsi Rusiyada narahatlıq doğururdu. Çünki bölgədə sülhün əldə olunması həm də yaxın gələcəkdə regionun geosiyasi mənzərəsinin aydınlaşması deməkdir. Buna da kimin vasitəçilik etməsi, son nəticədə onun bölgəyə müəyyən təsirinin olacağı anlamına gəlir. Təbii ki, bu mənada, Avropa Birliyinin bu işə müdaxiləsi və ya vasitəçiliyi Moskva tərəfindən birmənalı qarşılanmırdı, biz bunu Lavrovun bəyanatında və Rusiyanın digər səviyyələrdəki yanaşmalarında da gördük. Təsadüfi deyil ki, Brüssel danışıqlarının ardınca Rusiyadan Azərbaycana təzyiqlər başladı və Paşinyan Moskvaya dəvət olundu.

Paşinyan Moskva səfərindən sonra “val”ı dəyişərək, tamamilə fərqli məsələlərdən danışmağa başladı. O cümlədən, Qarabağdakı separatçıların bu prosesdə iştirakının vacibliyini dilə gətirdi. Bu isə faktiki olaraq, sülh danışıqlarından boyun qaçırmaq deməkdir.

Sülh danışıqlarının perspektivinə gəldikdə, bu, yenə də Rusiyanın prosesə müdaxiləsindən və bu müdaxilənin hara qədər olacağından, həmçinin bunun nəticələrindən asılı olacaq. Hələlik gördüyümüz budur ki, Rusiya sülh danışıqlarının Avropa Birliyinin vasitəçiliyi ilə keçirilməsinin qarşısını almağa çalışır. Bunu açıq etməsə də, sözdə dəstəkləsə də, prosesin özünün gedişatına təsirlərdən, onun nəticələrindən görünən budur. Belə şəraitdə sülhün əldə olunması çətin görünür.

ATƏT-in Minsk qrupu formatında danışıqların alınmamasının səbəblərindən biri, bəlkə də birincisi bu idi ki, danışıqlar üçün seçilmiş vasitəçilik formatı buna imkan vermirdi. Maraqlar çox müxtəlif idi, bir tərəfdə Vaşinqton, bir tərəfdə Brüsseli təmsil edən Paris, digər tərəfdə Moskva vardı. Biz bu tərəflər arasında maraqların toqquşduğunu görürdük. Nəticədə bu proses alınmadı. Görünür, Moskva hansısa formada sülh danışıqlarında iştirak etməyi düşünür. Əgər Moskva bu prosesə qoşulacaqsa və bununla bağlı Moskva və Brüssel arasında razılaşma əldə ediləcəksə (bu isə mümkündür görünmür və buna heç bir zəmin yoxdur), demək, proses yenə də dalana dirənəcək.

Digər yandan, Moskva bu prosesdən kənarda qalacaqsa və ya saxlanılacaqsa, onda Rusiya atəşkəs rejimini pozmaqdan tutmuş, bu ölkələrdə sabitliyi pozmağadək əlindən gələni edəcək. Bununla nəyə olacağını isə zaman göstərəcək. Moskvanın bölgədə sabiliyi pozmaq üçün həm Azərbaycanda, həm də Ermənistanda kifayət qədər resursları var.

– Ermənistan müxalifəti Paşinyana təzyiqləri artırır. Çoxsaylı elektorat qatılmasa da, az qala hər gün İrəvanda Paşinyana qarşı etiraz aksiyası keçirilir. Sizcə, müxalifətin bu fəallığı nə ilə nəticələnə bilər?

– Bu da dediyim təsir vasitələrindən biridir. Heç kimə sirr deyil ki, bu gün Paşinyana qarşı çıxan, onu “satqınlıq” və “xəyanət”də ittiham edən Sərkisyan-Köçəryan klanı rusiyayönümlüdür. Şübhəsiz ki, Rusiyanın da bu prosesə təsiri var. Onlar maksimum şəkildə Azərbaycanla sülh danışıqlarından çəkindirməyə çalışırlar. Biz bundan əvvəl də Ermənistanda belə bir prosesi görmüşük. Paşinyan hakimiyyətə gəldikdə Qarabağ məsələsi ilə bağlı danışıqların tərəfdarı olduğunu bildirdi, ilk gündən belə mövqe sərgiləyirdi. İsrarla əvvəlki tələblər üzərində dayanmayacağını göstərirdi, amma son nəticədə Paşinyanı “xain”, “satqın”, “erməni maraqlarına xəyanət edən” adlandıraraq, onu radikallaşdırdılar. Bu da 2020-ci ilin payızında 44 günlük Qarabağ müharibəsi ilə bitdi.

Düşünürəm ki, Ermənistandakı rusiyayönümlü müxalifət bu taktikadan istifadə etməyə davam edəcək. Amma Paşinyanın onların diktə etdiyi yolu gedib-getməyəcəyini demək çətindir. Hər şey Ermənistan daxilindəki vəziyyətdən asılıdır. Ermənistan daxilindəki durum isə istər sosial-iqtisadi, istər siyasi, istərsə də cəmiyyətin parçalanması baxımından yaxşı deyil. Rusiya yenə də birmənalı şəkildə Ermənistanı öz nəzarətində saxlamaqdadır. Baxmayaraq ki, Paşinyan rusiyapərəst siyasətçi deyil, amma istər Bakı, istərsə də Ankara ilə apardığı danışıqlarda Rusiyanın təsirindən çıxa bilmir.

– ABŞ Prezidenti Co Bayden ikinci dəfədir 1915-ci il hadisələri ilə əlaqədar “erməni soyqırımı” ifadəsini işlədir. Niyə o, öz sələflərinin yolu ilə getmədi, yəni bu ifadədən qaçmadı?

 

– Mənə elə gəlir ki, biz artıq buna alışmalıyıq. Çünki qondarma erməni soyqırımı aparıcı ölkələrin bir çoxu tərəfindən tanınıb. ABŞ bunu tanıyan son ölkələrdən biridir. Məlumdur ki, Baydenə qədər heç bir ABŞ prezidenti bunu etməmişdi. Yəni bu, sırf bir manipulyativ, Türkiyəyə təsir etmək üçün ortaya atılmış bir məsələdir. Bu həmişə belə olub, məsələnin heç bir mənəvi tərəfi yoxdur, sırf siyasi təsir və ya təzyiq vasitəsidir. Digər yandan, Amerika siyasətçilərinin bu ölkədəki erməni icmasından, yaxud bir sıra ştatlarda fəal olan erməni seçicilərdən səs almaq istəyindən irəli gəlir. Bu mənada, Demokratlar daha aktivdirlər.

Düşünürəm ki, bütün bunları nəzərə alaraq, bunu xüsusi faciə kimi qəbul etmək lazım deyil. İstər Bayden, istərsə də on beş ölkənin liderinin hər gün “erməni soyqırımı” deməsi heç nəyi dəyişmir. Türkiyə real gücdür. Azərbaycan Türkiyə ilə müttəfiqdir və Ermənistanın nəinki qlobal, heç regional siyasətdə heç bir rolu yoxdur. Bu cür bəyanatlar isə yalnız hansısa formada “ürəkbulanma effekti” yarada bilər, siyasi və ya geosiyasi baxımdan effekti isə sıfıra bərabərdir.

– Rusiya-Ukrayna müharibəsinin indiki gedişatı haqda fikriniz necədir? Bütün Ukraynanı iki günə tutmaq planı suya düşən Rusiyanın indiki halda hədəfləri nə ola bilər və buna çatmaq ehtimalı nə qədər mümkündür?

– Rusiya-Ukrayna müharibəsinin indiki fazasında ilk baxışdan görünən budur ki, rus ordusu daha çox bu ölkənin cənub və şərqini nəzarətə götürməyə çalışır. Bunda da məqsədi budur ki, bununla həm ilhaq etdiyi Krıma quru yolunu açsın və Ukraynanı Qara dənizdən təcrid etsin. Eyni zamanda, təbii ki, Rusiya raket, artilleriya, bomba zərbələri ilə Ukraynanın dinc şəhərlərini vurmaqda davam edir. Bunlar həmin şəhərlərdir ki, bu ərazilər Rusiyanın hədəfində olan bölgələrə daxil deyil. Bunda da məqsəd Ukraynanı iqtisadi cəhətdən bir qədər də zəiflətmək, onu sarsıtmaq, daha çox dağıntılara və itkilərə nail olmaq və Ukraynanın infrastrukturunu sıradan çıxarmaqdır. Rusiya hələ də bu dağıdıcı taktikadan istifadə edir, yəqin ki, bundan sonra da istifadə etməyə davam edəcək.

Rusiyanın Ukraynanın şərqini işğal edərək, bu ölkəni Qara dənizdən təcrid etmək və Krıma quru yolunu açmaq planına asanlıqla çatacağını düşnmürəm. Əlbəttə baş tuta bilər, amma Ukraynanın buna qarşı təslim olacağı və geri çəkiləcəyi gözlənilən deyil. Nəzərə almaq lazımdır ki, artıq Ukrayna hücum silahları, təyyarələr əldə edib, tanklar və ağır artilleriya verilib, çox güman ki, hücum xarakterli başqa texnikalar da göndərilib. Ola bilsin, Ukrayna çalışır ki, müharibəni Rusiya ərazilərinə keçirsin. Artıq bunun ilkin işartıları görünməkdədir. Biz öncə Beloqradda bəzi obyektlərin vurulmasını gördük. İki gün əvvəl bu proses Rusiyanın başqa bir vilayətinə Bryanska keçdi. Çox güman ki, bu davam edəcək. Bundan başqa, Qara dənizdə Rusiya donanmasının flaqmanı – “Moskva” kreyseri vuruldu.

Bir sözlə, müharibənin Rusiyanın istədiyi üzrə və ya planı çərçivəsində olacağını düşünmürəm. Çünki Rusiya təkcə Ukrayna ilə yox, bütün NATO və Qərblə döyüşür. Görünür ki, Rusiya bu savaşa yaxşı səviyyədə hazırlaşmayıb. Hələlik vəziyyət budur. Amma yenə də deyirəm ki, Rusiyanın uğursuzluğa düçar olacağı istisna deyil. Hətta Rusiya o əraziləri işğal etsə belə, Ukraynanın dayanacağını düşünmürəm.

– Rusiya Finlandiya və İsveçi hədələyərək, onları NATO-ya üzvlükdən çəkindirməyə çalışır. Hər iki ölkə isə təhdidə baxmayaraq, üzvlükdə qərarlı olduğunu bildirir. Rusiyanın hədəsi qarşılığında üzvlük prosesi baş tutsa, bu, hansı gəlişmələrə yol aça bilər?

– Bu günədək neytrallıqlarını qoruyub-saxlamış İsveç və Finlandiyanın birdən-birə NATO-ya maraq göstərməsi və parlamentlərində bununla bağlı qərar verməsi,Rusiyanın işğalçı siyasətindən qorunmaq məqsədilə atılmış addımdır. Yəni Rusiya özünün mürtəce və işğalçı planları ilə uzun illər neytrallıqlarını qorumuş bu ölkələri NATO-ya üzvlüyə sövq etdi. Məlumdur ki, Rusiyanın bu işğalçı planları təkcə Ukraynaya yox, həm də Qərbə və Avropaya qarşıdır. Bunu heç rusiyalı ekspertlər və Kremlin təbliğatçıları da gizlətmirlər. Belə olan halda həmin ölkələr baş verənləri nəzərə almalı və hansısa kollektiv müdafiə sisteminə qoşulmalıdırlar. Onlar üçün yeganə məqbul olanı da NATO-dur.

Düşünürəm ki, bu ölkələr yay aylarında, bəlkə də daha tez NATO-ya üzv qəbul olunacaqlar. NATO baş katibi Yens Stoltenberq də bildirdi ki, bununla bağlı sürətləndirilmiş prosedurdan istifadə ediləcək.

Rusiyanın bu halda hansı addımı atacağını söyləmək çətindir. Bununla belə, bu ölkələrlə sərhədlərinə qoşun yığa, İsveç istiqamətində dənizdəki qüvvələrinin sayını artıra, təhrikedici siyasət yürüdə bilər və s. Amma Rusiyanın NATO ilə açıq döyüşə girəcəyi inandırıcı görünmür. Rusiyanın Ukraynadakı müharibədə üzləşdiyi durum və sərgilədiyi “hərbi strategiya”sı onun NATO ilə üz-üzə gəlmək gücündə olmadığını göstərdi. Amma biz həm də onu gördük ki, Rusiyanın siyasəti gözlənilməz çalarlara malikdir. Buna görə də hər şey ola bilər. İsveç bir qədər aralı olduğu üçün çətin olsa da, Finlandiya, elə NATO üzvləri olan Litva və Polşaya qarşı təhrikedici və ya təcavüzkar addımlar atıla bilər. Təbii ki, bu halda müharibənin coğrafiyası genişlənəcək və bunu təsəvvür etmək çətindir. Ümid edək ki, Rusiya siyasətçiləri buna gedəcək qədər ağılsız deyillər./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password