Azərbaycanın mümkün cəza tədbirləri – Paşinyan sülhdən imtina edərsə, Ermənistanı nə gözləyir?

 

19 apreldə Moskvada Vladimir Putin-Nikol Paşinyan görüşündən sonra İrəvan Brüssel razılaşmalarını arxa palana keçirir. Hər halda 19 apreldə verilən birgə bəyanatdan və Paşinyanın Ermənistan parlamentinin iclasında dediklərindən belə nəticə çıxarmaq mümkündür.

Qısaca ifadə etsək, Ermənistan rəhbərliyi Rusiyanın da istədiyi kimi, Azərbaycanla sülh razılaşmasını imzalamaq istəmir, Qarabağın statusu ilə bağlı əvvəlki mövqeyinə qayıdır. Paşinyan prosesin üçtərəfli bəyanatlar çərçivəsində Minsk Qrupunun egidası altında aparılmasını da yenidən vurğulayır.

Bütün bunlar rəsmi Bakının elan etdiyi prinsiplərə qarşıdır. Artıq Azərbaycan Prezidenti sülhün rədd elməsinin müqabilində atılacaq addımları elan edib: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü rəsmən tanımadığını elan edəcək, habelə Qarabağdakı ordu hissələri istənilən əmri yüksək peşəkarlıqla yerinə yetirmək üçün hazır vəziyyətdə dayanıb.

Bəs, Bakının əlində başqa hansı təzyiq, sanksiya imkanları var? 

Bu barədə politoloq Fərhad Məmmədov araşdırma aparıb. Ekspert xatırladır ki, Ermənistanın təcavüzü başlayandan Azərbaycan işğalçıya qarşı sanksiyalar tətbiq edib. “Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, beynəlxalq ictimaiyyət işğalçı ölkəyə təzyiq mexanizmlərindən istifadə etmədi ki, bu da Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə şərait yaratdı. Əksinə, Rusiya külli miqdarda silah bağışladı, Qərb isə maliyyə yardımı etdi: ABŞ 5 milyard, Fransa və Aİ 2 milyarddan çox”, – o qeyd edib.

F.Məmmədovun sözlərinə görə, Azərbaycan birtərəfli qaydada Türkiyə ilə birlikdə beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edib. Təhlilçi Bakının əlində olan, bu günə qədər istifadə edilmiş və edilə biləcək təzyiq mexanizmlərini da sadalayıb.

Müharibədən əvvəl istifadə olunmuş:

– Azərbaycan-Ermənistan sərhədi bağlanıb;

– Türkiyə-Ermənistan sərhədi bağlanıb;

– Şimalda və Naxçıvanda sərhəddə hərbi vəziyyətə uyğun olaraq iki korpusu dislokasiya olunub;

– Nəqliyyat blokadası: Naxçıvanın blokadasına cavab olaraq, Ermənistanın Rusiyaya dəmir yolu ilə daxil ola bilməməsi və Bakı-Tbilisi-Qars xəttindən istifadəsinə imkan verilməməsi;

– Ermənistanın güc tətbiqi ilə pozduğu Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün güc tətbiq etmək hədəsi.

Fərhad Məmmədov bildirir ki, 2020-ci il müharibəsi Azərbaycanın əlində yeni təzyiq mexanizmləri formalaşdırıb:

– Kəlbəcər, Laçın, Qubadlı, Zəngilanın azad edilməsindən sonra Ermənistanla yeni sərhədin yaradılması. Xatırladım ki, Ermənistanın Qarabağda yerləşdirdiyi iki ordu korpusu müharibədə darmadağın edildi, indi onları sözügedən sərhədə toplamalı və infrastruktur qurmağa məcburdurlar. Həmin birliklərin bəzi hissələri isə sülhməramlıların müvəqqəti qaldıqları ərazilərdədir;

– Gorus-Qafan yolunun bağlanması;

– Qaragöl ətrafında və Göyçə gölü istiqamətində sərhədin dəqiqləşdirilməsi, yeni “təcrid” mövqelərinin yaranması;

– İranla Araz çayının üzərindən Naxçıvana və Türkiyəyə nəqliyyat dəhlizi haqqında memorandum imzalanması;

– Qarabağda hərbi qüvvələrin dislokasiya olunması, bölgənin hərbiləşdirilməsi, yeni hərbi hissələrin yaradılması;

– Beynəlxalq təşkilatların nümayəndələrinin gündəliyi Azərbaycanın maraqlarına uyğun gəlmirsə, obyektiv və məntiqli deyilsə, onların Qarabağa gəlişinə imkan verilməməsi;

– Ermənistandan Qarabağa gedən qaz kəmərinə nəzarət;

– Su ehtiyatlarına qismən nəzarət;

– Rabitə və internet xətlərinin bloklanması.

Ekspert daha sonra potensial təzyiq mexanizmlərindən bəhs edib. O, Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina edərsə və qarşıdurma ssenarisi seçərsə, Bakının ata biləcəyi addımlardan bəhs edib:

– Qərbi Zəngəzura, Göyçə və Basarkeçərə ərazi iddiaları – delimitasiya edilmədən demarkasiya;

– Ermənistan-Türkiyə normallaşmasının dayandırılması;

– Ermənistan Zəngəzur dəhlzinin açılmasından imtina edərsə, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması;

– Qarabağda erməni silahlı birləşmələrinin hərbi infrastrukturunun məqsədyönlü şəkildə məhv edilməsi – Qarabağın demilitarizasiyası;

– İl yarım ərzində Qarabağın su ehtiyatlarının tam idarə olunması;

– Ermənistandan paralel, amma işıq, qaz, internet infrastrukturu olmayan yeni Laçın dəhlizinin yaradılması;

– Azərbaycan Hərbi Hava Qüvvələrinin Qarabağ səmasında hərbi təlimləri;

– Ermənistana dəymiş ziyanla bağlı məhkəmə iddiaların qaldırılması (Noyabrın 10-da üçtərəfli bəyanatla Paşinyan işğal faktını etiraf edib);

– Əvvəllər işğal olunmuş ərazilərdə işləyən şirkətlərə qarşı iqtisadi və ekoloji zərərin ödənilməsi tələbi ilə məhkəmə iddialarının qaldırılması;

Daha bir neçə mexanizm var, amma indi onlar haqqında danışmağa dəyməz”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password