AB neft idxalını qadağan etsə, Rusiya nə qədər itirəcək?

 

Avropa Birliyi Rusiyadan neft idxalına embarqo tətbiq etmək niyyətindədir. Söhbət AB-nin idxalının 25 faizini ödəyən Rusiya neftindən imtinadan gedir.

Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bu qadağanın Rusiyanın gəlirlərinə kəskin təsir edəcəyini bildirib.

“Xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunur. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub.

Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqdam ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollardan artıq ziyana başa gələcək. Neftin hazırkı qiymətləri ilə bu, daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımından nəinki qısa, hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil”.

Millət vəkilinin sözlərinə görə, neft embarqosu qara qızılın qiymətinin kəskin artmasına səbəb ola bilər:

“Doğrudur, Qərb OPEK daxili mənbələr hesabına bazara daha çox neft çıxarmağa çalışır və bu da davam edəcək. Amma OPEK-in özünün də qısa zamanda boşluğu doldurmaq imkanları yüksək deyil. Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji ölkələrinin, o cümlədən Azərbaycanın valyuta gəlirlərinin artmasına gətirib çıxarsa da, birjalardakı qeyri-müəyyənlik uzunmüddətli dövr üçün səmərəli olmaya bilər. Bütün bunlar ilə yanaşı reallıq bundan ibarətdir ki, hələ bir müddət birjalarda volatillik yüksək olaraq qalacaq. Bu yarışda isə qazananlar ilə yanaşı uduzanların da sayı az deyil”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password