Şuşada müəyyən olunan strateji hədəflər: Diaspor fəaliyyətinin gələcək konturları cızılır
Şuşada keçirilən Zəfər Qurultayı müstəqil Azərbaycanın tarixində daha bir əlamətdar hadisə olaraq yaddaşlarda əbədi qalacaq. Bu tarixi hadisənin əhəmiyyətini tam şəkildə dərk edə bilmək üçün dünya azərbaycanlılarının sayca beşinci – Zəfər Qurultayına aparan yolu diqqətlə nəzərdən keçirmək gərəkdir.
Sirr deyil ki, müasir geosiyasi vəziyyət vahid bir amal uğrunda mübarizənin bütöv bir konsepsiya şəklində mümkün olan bütün cəbhələrdə eyni zamanda aparılmasını tələb edir. Bu isə ölkələrin daxilində olduğu kimi, xaricdə də mübarizənin məqsədyönlü şəkildə aparılmasını, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün diaspor təşkilatlarından düzgün istifadəni və bütün bunların ortaq mexanizm daxilində idarə olunmasını labüd edir.
Bu gün Şuşada keçirilən Zəfər Qurultayı da məhz Azərbaycanın sözügedən mexanizmlərin hazırlanması və tətbiqində bütün dünya üçün parlaq nümunə olduğunun sübutuna çevrilib.
Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə təşəbbüskarı olduğu dünya azərbaycanlılarının qurultayları müstəqil Azərbaycanın böyük bir tarixi dövrdə apardığı mübarizədə milli həmrəyliyin mənbəyinə, əsas istinad nöqtəsinə çevrildi.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin bu strategiya bütünlükdə Azərbaycan cəmiyyətinin, onun diaspor təşkilatlarının ortaya qoyulmuş hədəf uğrunda səfərbər olması ilə nəticələnib.
Belə ki, bu dövrdə Azərbaycan dövləti və xalqı Qarabağda 30 ilə yaxın mövcud olmuş işğalla heç vaxt barışmayacağını birmənalı şəkildə bəyan edib. Azərbaycan xalqı və xarici ölkələrdəki Azərbaycan diasporu məhz bu həqiqətin fərqində olaraq ortaq mübarizə sərgiləyiblər.
Bütün bu prosesdə isə milli həmrəylik ideyalarının ifadə olunması, vahid milli məqsədlərin və mübarizə üsullarının müəyyən edildiyi dünya azərbaycanlılarının qurultayları mühüm rol oynayıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlayan bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət alıb və Azərbaycan dövlətinin xaricdəki həmvətənlərimizlə koordinasiyalı fəaliyyətinin səmərəli təşkilinə zəmin yaradıb. Xüsusən 44 günlük Vətən müharibəsi bu uzaqgörən təşəbbüsün və uğurlu xarici siyasi xəttin önəmini aydın şəkildə ortaya qoyub.
Belə ki, xaricdə yaşayan milyonlarla azərbaycanlı öz xalqının, Azərbaycan dövlətinin haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq missiyasını uğurla yerinə yetirdi. Müharibə dövründə informasiya cəbhəsində fəal iştirak edən soydaşlarımız erməni təxribatlarının qarşısının alınmasında mühüm rol oynadılar. Bir çox hallarda Azərbaycan diasporunun və xalqımızın təşəbbüsləri, apardığı strateji mübarizə ölkəmizə qarşı mümkün təzyiqlərin belə qarşısını almaqda yardım etdi. Azərbaycan 44 günlük savaşda bütün cəbhələrdə layiqli qələbə qazandı. Azərbaycan Ordusu döyüş meydanında Ermənistan ordusunu, Azərbaycan siyasəti faşist və şovinist erməni diplomatiyasını, Azərbaycan gəncliyi və diasporu isə Ermənistanın çoxmilyonluq troll ordusunu informasiya müstəvisində darmadağın etdi.
Postmünaqişə dövrünün yeni reallıqları Azərbaycan diasporu qarşısındakı tapşırıqlarda da müəyyən dəyişikliklərə səbəb olub: Çünki artıq müharibənin başa çatıb, münaqişə tarixə qovuşub və Azərbaycan tarixi ədaləti təkbaşına bərpa edib.
Belə olan halda isə xaricdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri üçün yeni hədəf və məqsədlərin təyin edilməsi, bu prosesin yenə də vahid milli həmrəylik konsepsiyası şəklində icrasına nail olmaq üçün Zəfər Qurultayının çağırılmasına gərək yarandı. Şuşada aprelin 22-23-də keçirilən Zəfər Qurultayının tarixi əhəmiyyəti xüsusən bu məqamlar nəzərə alındıqda ortaya çıxır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, müharibə başa çatsa da, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də sonlanmayıb. Belə olan halda isə mübarizənin və erməni yalanlarının ifşa prosesinin yeni reallıqlar kontekstində aparılması məqsədəuyğundur. Diaspor təşkilatları da məhz fəaliyyətlərində bu məqamları nəzərə almalıdırlar. Yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması işində, hər zaman olduğu kimi, bundan sonra da xaricdə yaşayan həmvətənlərimiz mühüm rol oynamalıdırlar.
Çünki xaricdə yaşayan azərbaycanlılar bu mübarizəyə öz töhfələrini vermək üçün daha geniş imkanlara malikdirlər. İlk növbədə ona görə ki, diaspor nümayəndələrimiz yaşadıqları ölkələrin ictimaiyyəti, siyasi dairələri ilə birbaşa təmasda olduqları üçün qondarma fikir və iddialara dərhal adekvat cavab vermək şansına sahibdirlər.
Təbii ki, diaspor təşkilatlarının işi sadəcə bununla yekunlaşmamalı, tarixi həqiqətlərin təbliği və dünya ictimaiyyətinin müvafiq məsələlərdə maariflənməsi üçün cəhdlərin sayı artırılmalıdır.
Məsələn, Qarabağın, Zəngəzurun tarixi, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətinin, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə, eləcə də 1988-89-cu illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətlərin, Azərbaycan reallıqlarının, postmünaqişə dövrünün gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasında məhz xaricdə yaşayan həmvətənlərimiz açar rol oynamalıdırlar.
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan ilə daim təmasdadırlar, bu təmas sayəsində diaspor təşkilatları arasında koordinasiya təkmilləşdirilir. Dünya azərbaycanlılarının qurultayları, o cümlədən Şuşada keçirilən Zəfər Qurultayının tarixi əhəmiyyətə malik olmasını şərtləndirən amillərdən biri də budur.
Azərbaycanlılar dünyanın hansı guşəsində yaşamalarından asılı olmayaraq öz Ana Vətənləri ilə əlaqələrini qoruyub saxlamalı, öz mədəniyyətlərinə, tarixlərinə sahib çıxmalıdırlar. Bu zaman isə onların dövlətin dəstəyini arxalarında hiss etmələri mütləqdir. Şuşadakı Zəfər Qurultayı eyni zamanda bu qayğı və diqqətin ifadəsi baxımından mühüm hadisədir.
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə işğalın fəsadları ilə üzləşməli, böyük məhrumiyyətlərlə yaşamalı olub. Bu gün isə artıq tarixi ədalət bərpa olunub və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixi mübarizəsi zəfərlə sonlanıb. Bu müddət ərzində dünyadakı hər bir azərbaycanlı bu müqəddəs missiyaya öz töhfəsini verməyə çalışıb. Bu gün isə Şuşada həmin böyük bir dövrü əhatə edən proseslərin, milli həmrəylik ideyalarına söykənən birgə mübarizənin tarixçəsi və nail olduğu nəticə ortaya çıxır. Şuşada dünya azərbaycanlılarının qarşısında yeni məqsədlər qoyulur, strateji hədəflər, tapşırıqlar müəyyən edilir və gələcək fəaliyyət prinsipləri aydınlaşdırılır.
Şuşadakı Zəfər Qurultayı ilə yeni zəfərlərin, yeni ideyaların, yeni nailiyyətlərin əsası qoyulur. Azərbaycan dövləti və dünyadakı hər bir azərbaycanlı üçün postmünaqişə dövrünün reallıqlarını düzgün təbliğ etmək, reallıqların təhrif olunmadan dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq missiyası ali məqsəd kimi təyin olunur. Zəfər Qurultayı uzun illər aparılmış mübarizədəki qələbənin simvoluna çevrilməklə bərabər, həm də qazanılacaq yeni uğurların və nailiyyətlərin müjdəçisinə çevrilir.