Ukraynadakı böhran Yer kürəsinin 1,7 milyard əhalisini yoxsulluqla təhdid edir – Quterreş
Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluğa sürükləmək təhlükəsi yaradır.
Bunu BMT-nin baş katibi Antoniu Quterreş Çexiyanın “Seznam Zpravy” onlayn nəşrinə müsahibəsində deyib.
“Ukraynadakı hərbi münaqişə dünyanın inkişaf etməkdə olan ölkələrinə səssiz hücumun başlanğıcına çevrilib. Böhran 1,7 milyard insanı və ya bəşəriyyətin beşdə birindən çoxunu son onilliklərdə görünməyən yoxsulluq və aclığa sürükləyə bilər”, – deyə baş katib bildirib.
Rusiya və Ukrayna qlobal buğda və arpa istehsalının 30 faizini, qarğıdalı istehsalının 20 faizini və günəbaxan yağının yarıdan çoxunu istehsal edir. Bu dövlətlərin dünya bazarına çıxardıqları kənd təsərrüfatı məhsulları planetin ən yoxsul sakinlərinin əsas qida mənbəyidir. Afrikanın iqtisadi cəhətdən zəif inkişaf etmiş 45 ölkəsinin idxal etdiyi buğdanın üçdə birindən çoxu Rusiya və Ukrayna tarlalarında yetişir.
“Rusiya dünyanın ən böyük qaz ixracatçısı və ikinci ən böyük neft ixracatçısıdır”, – deyə A.Quterreş xatırladıb. Ukraynadakı hərbi münaqişə kənd təsərrüfatı məhsullarının və enerji resurslarının qlobal ixracına mane olur, qiymətlərin kəskin artmasına gətirib çıxarır ki, bu da sadə vətəndaşlar üçün ən mənfi nəticələrə çevrilir. Eyni zamanda, baş katibin sözlərinə görə, ilk növbədə kasıb təbəqə və ən az sosial müdafiə olunanlar əziyyət çəkir.
BMT-nin humanitar proqramları təhlükə altındadır
2022-ci ilin əvvəlindən dünya bazarında buğda və qarğıdalının qiyməti 30 faiz artıb. Eyni zamanda, A.Quterreş qeyd edib ki, son bir ildə Brent markalı neftin maya dəyəri 60 faiz, qaz və gübrə qiymətləri isə 2 dəfədən çox artıb. Baş katibin sözlərinə görə, Ukraynadakı münaqişə BMT-nin Yer kürəsinin aclıqdan əziyyət çəkən sakinlərinə yardım etmək üçün həyata keçirdiyi humanitar proqramları təhlükə altında qoyub.
“BMT Yəmən, Çad və Nigerdə <…> humanitar əməliyyatları davam etdirmək üçün təcili olaraq 8 milyard dollara ehtiyac duyur. Ərzaqlardan danışarkən mən bütün ölkələri daxili bazarları xarici tərəfdaşlar üçün açıq saxlamağa, kənd təsərrüfatı məhsulları və ərzaq ehtiyatlarının həddindən artıq artmasına və ixraca əsassız məhdudiyyətlərə qarşı mübarizə aparmağa və aclıq riski daha çox olan ölkələri ərzaq ehtiyatları ilə təmin etməyə çağırıram”, – deyə A.Quterreş bildirib.
Bərpa olunan enerji və ehtiyacı olanlara maliyyə yardımı
A.Quterreş BMT-yə üzv dövlətləri bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirməyə çağırıb. Bərpa olunan enerji mənbələri hazırda Ukraynadakı vəziyyətə görə qaz və neft, eləcə də kömürlə baş verən bazar dalğalanmalarına məruz qalmırlar.
Hazırkı vəziyyətdə varlı dövlətlər kasıb ölkələrə maliyyə yardımı göstərməlidirlər ki, bu da baş katibin fikrincə, böhrandan çıxmaq prosesində Yer kürəsinin sakinləri arasında vəsaitlərin ədalətli bölüşdürülməsini təmin edəcək. “Ukraynadakı hərbi münaqişənin və bunun nəticəsində dünyanın ən yoxsul insanlarına hücumun yeganə həlli sülhdür”, – deyə baş katib əlavə edib.