Ermənistan niyə sürətlə sülhə gəlir?
“Qarabağ ətrafında gedən proseslər müsbət istiqamətdədir. Gördüyünüz kimi Prezident İlham Əliyev də bu prosesi, eləcə də Brüsseldə keçirilən görüşü, ermənilərin Azərbaycanın sülh təkliflərinə reaksiyasını müsbət qiymətləndirir. Nikol Paşinyan erməni parlamentində çıxışı zamanı qeyd etdi ki, Qarabağla bağlı əvvəlki tələblərimizdən geri çəkilməli, reallıqları nəzərə almalıyıq. Bu hal müsbətdir. İkincisi, Paşinyan deyir ki, sülh sazişini sürətləndirməliyik, çünki bu, gecikdiyi təqdirdə Ermənistanın başı ağrıya bilər. Bu da müsbət haldır. Əslində belə mənzərə yaranıb ki, sanki ermənilər indi ağlını başına toplamağa və reallığı dərk etməyə başlayır”.
Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Deputat əlavə edib ki, proseslərin bu istiqamətdə irəliləməsi müsbət nəticələrin yaranması baxımından əhəmiyyətli ola bilər.
Müharibədən iki ilə yaxın zaman keçməsinə baxmayaraq Ermənistan tərəfinin daim sülhdən danışıb başqa davranış nümunələri ortaya qoyduğuna, indi yenidən sülh masasına qayıtmasının səbəblərinə gəldikdə Rasim Musabəyov bildirib ki, İrəvanın başqa çıxış yolu qalmır:
“İndi Paşinyan görür ki, bütün iddialarının bünövrəsi dağılır. Onlar rusun ətəyindən yapışmışdı. Amma indi Rusiya sanksiyalar altındadır, dünyadan izolyasiya olunur, zəifləyir. Ümidi ona idi ki, Bakı-Tehran münasibətləri pisləşə və İrəvan bundan istifadə edə bilər. Ancaq bunun tam əksi baş verdi. Eləcə də gözləyirilər ki, Azərbaycan təzyiq altına düşəcək, amma ABŞ gələn il üçün Azərbaycana 164 milyon dollarlıq təhlükəsizlik yardımı edəcək. İrəvanda Avropa Birliyinə böyük ümidlə baxırdılar, amma gördülər ki, birliyin üzv olan dövlətlərin rəhbərləri Bakıya ya telefon edir, ya da özləri gəlib Azərbaycandan qaz və ya yanacaq əldə etməyə çalışırlar. Bütün bunların fonunda İrəvan hökuməti anlayır ki, Azərbaycanın dünyada çəkisi və rolu getdikcə artır, İrəvanın bel bağladığı mərkəzlər isə itirir. Anlayırlar ki, proses bu şəkildə davam edəcək və Ermənistanın durumu isə indikindən daha pis olacaq. Bütün bu səbəblərdən Nikol Paşinyan ağlıllanmağa, münaqişənin qəti həllinə dair müsbət siqnallar ifadə etməyə başlayıb”.
Bununla belə deputat xatırladıb ki, Paşinyanın siyasətdəki gedişlərinin səmimiyyətlə əlaqəsi yoxdur: “Siyasətdə səmimiyyət olmur. Ancaq reallıq və bu reallığın dərk edilməsi var”.