Rusiyanın hədələdiyi iki ölkədən tarixi qərar – Ankaranın mövqeyi necə olacaq?
Rusiya Ukraynaya hücumu davam etdirdiyi vaxt Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etməyə hazırlaşır.
Türkiyənin də daxil olduğu 30 üzvlü NATO-ya qoşulmaq üçün hər bir üzv buna razılıq verməlidir.
Türkiyənin NATO-da veto hüququna diqqət çəkən ekspertlər Ankaranın Qərbdən müəyyən tələb və gözləntilərinin ola biləcəyini deyirlər.
Mütəxəssislər xüsusilə PKK və FETÖ-yə verilən dəstəyin dayandırılması ilə bu terror təşkilatlarının ABŞ və Avropadakı fəaliyyətlərinə son qoyulmasının tələb oluna biləcəyini bildirirlər.
Digər tərəfdən, İsveç və bəzi NATO ölkələrinin YPG/PKK terror təşkilatına dəstək verdiyini vurğulayan ekspertlər İsveç və Finlandiyanın NATO-ya üzv olmasının bu mənada Türkiyə üçün fürsət ola biləcəyini və müttəfiqlərini terror təşkilatına dəstək verməkdən çəkindirə biləcəyini söyləyirlər.
Təhlükəsizlik siyasəti üzrə ekspert Məsud Haqqı Çaşının fikrincə, Finlandiya və İsveçin NATO üzvü olmasının Türkiyənin əleyhinə olub-olmamasına baxmaq lazımdır:
“Əgər NATO sisteminə üzv olmaq istəyən ölkə demokratik ölkədirsə və sərhəd problemi yoxdursa, üzv ola bilər. Türkiyənin veto qoymaq və ya danışıqlar aparmaq kimi hüquqları var. Türkiyə Finlandiya və İsveçdən PKK/YPG-yə dəstəyini dayandırmalarını tələb edə bilər. eyni zamanda, Rusiya NATO-nun genişlənməsinin dayandırılmasını istəyir, amma Qərb buna razı deyil, mübarizə aparır.
Bu baxımdan, müharibə Finlandiya və İsveçə qədər yayıla bilərmi? Rusiya Finlandiyanı vuracaqmı? Bunlara baxmaq lazımdır. Etiraz etməyə əsasımız yoxdur. Belə bazarlığa girmək Türkiyənin xeyrinə deyil. Digər tərəfdən də düşünmək lazımdır. Türkiyə veto hüququndan istifadə edərsə, “Türkiyə Rusiyanı dəstəkləyir” deyə bilər. Artıq ləkələmək üçün səbəb axtarırlar. Türkiyə bu dəfə NATO-da oyunu pozan ölkə mövqeyinə düşür”.
Beynəlxalq əlaqələr üzrə ekspert Tarık Oğuzlu isə Türkiyənin bəzi məsələləri gündəmə gətirməli olduğunu düşünür.
Oğuzlu Ankaranın Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussenin NATO rəhbərliyinə karikatura gərginliyinə görə etiraz etdiyini xatırladıb: “Sonrakı müzakirələrdə Türkiyə müəyyən mənada istədiyini aldı”.
Ekspert Türkiyənin son dövrlərdə Qərblə münasibətlərini bərpa etməyə çalışdığına diqqət çəkib:
“Türkiyə gərginlik yaratmayacaq. Milli maraqlar bunu tələb edir. Türkiyə də səsvermədə veto qoymayacaq”.
Rusiya NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçi buna görə hədələyib./teleqraf.com