Rusiya Qarabağda yeni cəbhə aça bilər? – Metyu Brayza ilə müsahibə
Suallarımızı ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Brüsseldə Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Görüşdə bir sıra məsələlər razılaşdırıldı, hətta ilk dəfə üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin telefon danışığı oldu. Rusiyasız bir prosesdən danışırıq. Sizin Avropa Birliyinin vasitəçiliyindən gözləntiniz necədir, müsbət nəticəsinin olacağını düşünürsünüzmü?
– Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşün uğurlu alındığı görünür.
Hər iki lider Dağlıq Qarabağ münaqişəsini birdəfəlik və həmişəlik həll etmək istədiklərini aydın şəkildə bildirdilər. Bu, sülh müqaviləsinin imzalanması deməkdir. Əsas prinsiplər 2009-cu ilin yanvarında Əliyevlə o vaxtkı Ermənistan Prezidenti Serj Sərkisyan arasında əldə edilmiş ilkin rəsmi razılaşmalar idi. Ermənistan bu əsas prinsiplərlə razılaşdı.
Əliyevlə Paşinyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəldilər. Bu tarixi anda bu problemin birdəfəlik həll ediləcəyi ilə bağlı potensial olduğunu düşünürəm. Bu konfliktin tam başa çatması sərhədlərin inkişafına da təsir göstərə bilər. Həm Azərbaycan, həm də Türkiyə sərhədlərində iqtisadi artımı və investisiyaların bərpa edilməsini, çiçəklənmə və sabitliyi görə bilərik və bu, çox vacibdir.
Rusiya Prezidenti Vladimir Putinin bu konteksdə sülhməramlı rol oynayacağı inanılmaz görünür. Rusiyanın Ukraynaya müdaxiləsi bunu deməyə əsas verir. Putinin Azərbaycanla Ermənistan arasında son vəziyyəti sabitləşdirməyə cəhd edib-etməyəcəyi haqqında çoxlu ehtimallar var idi. Fikrimcə, Azərbaycan və Ermənistan arasında sülhə nail olunması, təhlükəsizliyin təmin edilməsinə Avropa İttifaqı yardım göstərməlidir.
– ABŞ-dan verilən açıqlamada da rəsmi Vaşinqtonun tərəflərə yardıma hazır olduğu bildirildi. ABŞ-ın bu prosesə qoşulması həlledici ola bilərmi? Azərbaycanda isə belə bir fikir var ki, Ağ Ev Ermənistanın tərəfindədir. Bəs indiki məqamda Azərbaycan ABŞ-a güvənə bilərmi?
– ABŞ-ın iştirakı ilə vasitəçilik prosesi Azərbaycan və Ermənistan arasında çox faydalı ola bilər. ABŞ-ın Ermənistanı dəstəklədiyi barədə yanaşma doğru deyil. Uzun illər ərzində Co Baydenin vitse-prezident olduğu zaman Birləşmiş Ştatlardakı müxtəlif diaspor qrupları, o cümlədən Ermənistan, Yunanıstan, Polşa, Almanya, Ukrayna fondları ilə əlaqə saxlasa da, bu, təzyiqi azaltmaq üçün idi.
Mən Prezident Baydenlə birbaşa işləyirəm və Ermənistanı dəstəklədiyini görməmişəm. Hətta düşünürəm ki, Amerika üçün Azərbaycan vacib tərəfdaşdır . ABŞ Azərbaycana iqtisadi, siyasi olaraq daim uğurlar arzulayır.
– Rus sülhməramlıları və separatçıların Qarabağda təxribatlara əl atması haqda xəbərlər də gəlir. Vəziyyət kifayət qədər gərgin görünür. Necə düşünürsünüz: Ukraynada ciddi itkilərə və uğursuzluğa məruz qalan Rusiya oradan diqqətini yayındırmaq üçün növbəti cəbhəni Azərbaycanda – Qarabağda aça bilərmi?
– Rusiyanın sülhməramlılarının Qarabağda zorakılığa məruz qalmasına dair məndə heç bir inandırıcı sübut yoxdur. Mənim fikrimcə, II Qarabağ müharibəsindən sonra bu, tamamilə əksinə idi. Düşünürəm ki, Rusiya üçün Azərbaycanda sabitliyin davam etməsi vacibdir. Diqqəti Ukraynadan Azərbaycana yayındırmaq mümkün deyil. Hər kəs Putinin Ukraynada nə edəcəyini izləyir.
Bütün dünya – televiziyalar, qəzetlər, sosial media hər gün Ukraynadan yazır. Putin Ukraynanı itirmək istəmir, hətta 1 neçə ay əvvəl biz gördük ki, Qazaxıstan prezidenti rus qoşunlarını orada baş verən iğtişaşları yatırmaq üçün çağırmışdı, sonra yenidən Putin dönəcəkdi, çünki bütün diqqəti Ukraynada idi.
– Ümumiyyətlə, Rusiyanın Ukraynada üzləşdiyi durumu necə qiymətləndirirsiniz: o bu prosesdən necə çıxacaq?
– Rusiya Ukraynada çoxsaylı itkilərlə üzləşir. Rusiya qalib gəlməyəcək, Putin bunu dərk etmir. İndi rus hücumu orijinal məqsədə qayıdır. Mən həmişə Rusiyanın Donbasda nəzarətini gücləndirəcəyi və Ukraynanın ərazisindən Donbas və Krım arasında quru körpü və ya əlaqə yaradacağını düşünürdüm.
Rusiyanın qalib gələcəyi dəqiq deyil, çünki əsgərlər ruh düşkünlüyü yaşayır, ölkə iqtisadi baxımdan geriləyib. Rusiya, əlbəttə, bütün növ silahlardan istifadə edə və Ukraynanı məhv edə bilər. Amma bu, qələbə olmaz, çünkiRusiya beynəlxalq iqtisadiyyatdan təcrid olunacaq və bütün Rusiya vətəndaşları yoxsul vəziyyətə düşəcəklər. Bu müharibəyə qədər bunlar yox idi.
Prezident Putin rusofobiya haqqında danışmaq istəyir. İndi günahsız ukraynalılara qarşı hərbi cinayət səbəbiylə Rusiyaya güclü nifrət yaranıb./teleqraf.com