Vətən müharibəsindən sonra üzə çıxan erməni vəhşiliyi: Qandonduran hesabat
May ayında açıqlanan “Közlər alovlananda – 2020-ci il Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquq və insan haqlarının pozulması” birgə hesabatına əsasən, erməni hərbçilərinin əsir götürülmüş iki yaralı azərbaycanlı döyüşçünü qanunsuz olaraq edam etdiklərinə dair ilkin faktlar var.
Bu barədə Beynəlxalq İnsan Haqları Təşkilatı olan IPHR/Truth Hounds QHT-nin 2021-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistana aid olan hissəsində bəyan edilib.
Bildirilir ki, sübut iki videodan ibarət olub. IPHR/Truth Hounds hesabatda videoların həqiqiliyini təsdiq edə bilmədiklərini qeyd edib, bununla belə, bu qətllərin, əlavə araşdırmalarla təsdiqlənərsə, beynəlxalq humanitar hüquq normalarının, həmçinin Cenevrə Konvensiyalarının ciddi şəkildə pozulduğunun göstəricisi olacağını vurğulayıb.
“Yaralı əsgərlərin öldürülməsi Avropa İnsan Hüquqları Konvensiyası üzrə yaşamaq hüququnun, eləcə də Ermənistan Konstitusiyası və Cinayət Məcəlləsinin kobud şəkildə pozulmasıdır”, – deyə hesabatda bildirilir.
Məlumatda deyilir ki, aprelin 24-də AR Baş Prokurorluğu Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel qəsəbəsində 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülən azərbaycanlıların məzarlarının axtarışına başlayıb.
“Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 mülki azərbaycanlının meyitlərinin qalıqları aşkar edilib. İyun ayında daha üç meyit, avqustun 30-da isə içində çoxsaylı qalıqlar olan daha bir məzar tapılıb. 2020-ci ilin noyabrında atəşkəs əldə edildikdən sonra Ermənistanın əvvəllər nəzarət etdiyi Azərbaycan ərazilərində mina partlayışları zamanı yeddi azərbaycanlı hərbçi və 29 mülki şəxs həlak olub; Azərbaycan Baş Prokurorluğunun dekabrın 9-da verdiyi məlumata görə, daha 109 hərbçi və 44 mülki şəxs yaralanıb”, – deyə sənəddə bildirilir.
IPHR/Truth Hounds keçmiş azərbaycanlı əsirlərlə müsahibələrə və əsirlərdən birinə qarşı zorakılığı əks etdirən videoya əsaslanaraq bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin əsirliyində olan ən azı yeddi azərbaycanlı hərbçi işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarlara məruz qalıb.
Hesabatda həmçinin qeyd olunub ki, əlavə üç pis rəftar hadisəsi videoya çəkilib. Videoda əks olunan hallardan birində işgəncənin qurbanın ölümü ilə nəticələnə biləcəyi vurğulanıb.
Məlumatda qeyd olunur ki, Ermənistan qüvvələri tərəfindən sistemli döyülmələr, qeyri-insani saxlanma şəraiti, tibbi yardımdan və digər zəruri ehtiyaclarla təminatdan imtina, şahidlər tərəfindən təsvir edilən, yaxud videoya çəkilən qəddarlıq və alçaldılma “işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın pozulmasına bərabərdir… Hesabatda həmçinin qeyd olunub ki, iddia edilən davranış Ermənistanın da Cinayət Məcəlləsinin pozulmasıdır.
Eyni hesabata görə, sosial şəbəkələrdə yayılan səkkiz videoda Ermənistan Silahlı Qüvvələrinin üzvləri tərəfindən öldürülən Azərbaycan əsgərlərinə qarşı pis rəftar və yağmalanma əks olunub. Videolar müstəqil şəkildə yoxlanılmayıb, onların nümayiş etdirdikləri davranış isə əlavə araşdırma tələb edir. Buna baxmayaraq, hesabatda videolar Ermənistan qüvvələrinin çoxsaylı cinayətlərinin ilkin sübutu kimi təsvir edilib.
“Ölənlərin yağmalanması ilə bağlı bütün etibarlı iddialar əlavə araşdırma tələb edir. Deyilənlər tətbiq olunan standartlara uyğun olaraq sübut olunarsa, bu davranış beynəlxalq humanitar hüququn normalarının, həmçinin Ermənistanın Cinayət Məcəlləsinin pozulması deməkdir”, – deyə hesabatda bildirilir.
Hökumətin məlumatına görə, hakimiyyət 2020-ci ilin dekabrında elə həmin ilin payızında gedən döyüşlər zamanı erməni hərbçilərinin davranışlarını araşdıraraq “silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının ciddi şəkildə pozulması” ittihamı ilə altı cinayət işi açıb. Altı işdən dördü qətl, işgəncə və qeyri-insani rəftarla, biri qətl və işgəncə ilə, biri isə ehtimal olunan qətllə bağlı olub. Hökumət iyunun 22-də bütün altı işi bir cinayət prosesində birləşdirib.
Beynəlxalq fotojurnalistlər minlərlə fotoşəkillə Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla Azərbaycan qəbiristanlığının dağıdılmasını sənədləşdiriblər. Qəbirlər təhqir edilib və bəzi hallarda qəbir qarətinə dair sübutlar – məsələn, ayrı-ayrı qəbirlərdə qazılmış çuxurlar tapılıb; digər ərazilərdə ağır texnika ilə dağıdılma və ekshumasiya sübutları görünüb. Ağdamda Şəhidlər xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə meyitlərin dəfn olunduğu çuxurların fotolarını çəkiblər; qəbiristanlıqda bir sınıq başdaşı qalıb. Bir çox qəbirlərdə başdaşıları çəkic və ya oxşar alətlərlə məhv edilib. Bundan əlavə, azərbaycanlıların qəbirlərindən meyitlər çıxarılaraq, qızıl dişləri sökülüb. Kəllə və sümüklər qəbiristanlığa səpələnib. Beynəlxalq fotomüxbirin sözlərinə görə, erməni məzarları, demək olar ki, toxunulmaz qalıb./oxu.az