Yerli istehsal olan spirtli içki və siqaretlərin də qiyməti qalxacaq
Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların və siqaretlərin aksiz dərəcələri artırılıb. Bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Bəs, bu qərar yerli məhsulların qiymətinə təsir göstərəcəkmi?
İqtisadçı-ekspert Asif İbrahimov açıqlamasında bunu qaçılmaz hesab edir. Amma o bunun alıcılıq qabiliyyətinə təsir edəcəyini düşünmür:
“Hər bir məhsulun öz alıcısı var. Xaricdən gətirilən və ya yerli istehsal olunan həmin spirtli içkilərin, tütün məhsullarının hər birinin öz alıcısı var. Alıcılıq qabiliyyətinə təsir edəcəyini düşünmürəm”.
A.İbrahimov qeyd edib ki, xaricdən gətirilən məhsulların aksiz vergisi qalxdıqca digər məhsulların da qiyməti artır:
“Artan mütənasibə əsasən yerli istehsalın da qiymətləri qalxacaq. Yəni, xaricdən gətirilən məhsulların aksiz vergisi qalxdıqca digər məhsulların da qiyməti artır. Bu günə qədər olan təcrübə bunu aydın şəkildə göstərir.
Yerli istehsal dediyimiz məhsulların da hamısı burada olmur. Onların tərkibindəki inqridiyentlər onsuz da xaridən gətirilir. Buna görə də hər hansı bir məhsulun qiymətinin ucuzlaşmasında söhbət gedə bilməz. Əksinə, bu günə qədər praktika onu göstərir ki, həmin məhsulların qiyməti artdıqca düz mütənasib şəkildə yerli istehsal da artır”.
İqtisadçı Elmir Səfərli isə deyir ki, Azərbaycan aksiz məhsullarını daha çox Ukrayna və Rusiyadan aldığı üçün müharibənin də prosesə təsiri oldu:
“Birmənalı şəkildə xaricdən gətirilən aksizli malların yəni içki, fermedləşdirilmiş, qızdırılma nəticəsində istehlak olunan bütün aksiz vergi tələb edən məhsulların Azərbaycana gətirilməsi əslində yerli məhsulun istehsalının artırılmasına təşviq oluna bilər. Çünki aksiz məhsullarını daha çox aldığımız ölkələr Ukrayna və Rusiyadır. Orada gedən müharibənin də bizə təsiri oldu”.
E.Səfərli qeyd edib ki, qərar daxili istehsalı gücləndirəcək: “Gömrüyün miqdarı qalxdığı üçün avtomatik olaraq yerli istehsala tələbat daha çox olacaq. Həm tütün, həm də içki məhsullarının hamısına tələbat yüksələcək. Bu daxili istehsalının gücləndirilməsi üçün əla təşviq ola bilər”./yenisabah.az