Sülhməramlılar erməni deputatları Qarabağa buraxmadı
Rusiya sülhməramlıları bu gün 10 müxalif erməni deputatın Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə Laçın yolundan keçərək gəlməsinə icazə verməyib.
Bu barədə Ermənistan parlamentinin müxalif “Ermənistan” blokundan olan deputat Vahe Akopyan bildirib.
Onun sözlərinə görə, Laçın yolunun girişində rus sülhməramlılarına qanunsuz səfərə cəhd edəcək şəxslərin siyahısı verilib və onların buraxılmaması istənilib. Eyni zamanda yolun girişində Ermənistan MTX-nin əməkdaşları da buna nəzarət edir.
Akopyan rus sülhməramlıları ilə uzun-uzadı müzakirə apardığını və səfər qadağasının səbəbini öyrənməyə çalışdığını da qeyd edib.
“Rus sülhməramlıları heç bir əsas göstərmədilər, sadəcə, buraxmadılar. Biz Rusiya səfirliyi ilə əlaqə saxladıq. Rusiya səfirliyindən bildirildi ki, səfirliyin rus sülhməramlılarına heç bir aidiyyəti yoxdur”.
Akopyan iddia edib ki, bu, rəsmi İrəvanın qərarıdır, Ermənistan hakimiyyəti rəsmi Bakı ilə ciddi kontaktdadır və yenicə formalaşmağa başlayan əlaqələrə zərər vermək istəmir.
Qeyd edək ki, erməni müxalif deputatlar Xankəndiyə “dördgünlük səfərə” gəlmək istəyiblər. Onların əsas məqsədi Qarabağdakı ermənilərin qanunsuz “milli şurasının iclasında” iştirak etmək olub./axar.az