İrəvandan Bakıya ilk zəng – Ermənistan artıq Moskvadan imtina edir?

 

“Azərbaycan xarici işlər nazirinin birbaşa Ermənistan XİN rəhbəri ilə telefon əlaqəsi yaratması çox müsbət haldır”.

Bunu açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Ermənistanın konstruktiv mövqeyə gəlməsi gələcəkdə Avropa iqtisadi məkanına daha rahat inteqrasiyasına şərait yaradacaq:

“Artıq iki ölkə arasında birbaşa təmaslar yaranır. Bildiyiniz kimi, buna qədər daha çox Rusiya üzərindən və son dövrlər isə Avropa İttifaqı üzərindən təmaslar keçirilirdi. Əlbəttə ki, biz üçüncü tərəflərin müdaxilə etdiyi məsələlərdə o qədər də çox sürətli irəliləyiş hiss etmirdik. Amma Aİ-nin moderatorluğu ilə baş tutan görüşlərdə, – bundan əvvəlki görüşdə Zəngəzur dəhlizinin dəmiryolu ayağı, iki raundda isə həm delimitasiya-demarkasiya məsələləri, həm də sülh prosesinə aparan yolun başlanğıcı, – ən azından xarici işlər nazirliklərində sülh komissiyasının yaradılması ilə bağlı qərarlar alındı. Bu da o deməkdir ki, müsbət haldır. Artıq biz bunun davamını görürük…

İndi xarici işlər nazirləri öz aralarında münasibət yaratsa, bölgədə üçüncü qüvvələr iki ölkənin münaqişəsindən təxribat yaratmaq üçün istifadə edə bilməzlər, bölgə ölkələrini təzyiq vasitəsi kimi istifadə edə bilməzlər. Ermənistan yeganə çıxış yolu Türkiyə ilə, Azərbaycanla barışıb, birgə sülh, əminamanlıq, iqtisadi rifah içərisində iqtisadi əlaqələri bərpa edərək mehribancasına yaşamaqdır.

Ermənistanın bu şəkildə konstruktiv mövqeyə gəlməsi Azərbaycanla münasibətlərdə bu qədər, birbaşa xarici işlər nazirlərinin bir-birləri ilə telefonla danışacaqları qədər münasibətlərinin normallaşması gələcəkdə həm Azərbaycanın, həm Ermənistanın Avroatlantik məkana, Avropa iqtisadi məkanına daha rahat inteqrasiyasına şərait yaradacaq. Əlbəttə ki, bu, erməni xalqının da, Azərbaycan xalqının da gələcəyi, rifahı üçün çox böyük ümid vəd edir. Ona görə də düşünürəm ki, Ermənistan gərək bu dəfə onları Azərbaycan əleyhinə qızışdıran xarici qüvvələrin tələsinə düşməyə və daha çox yüzillik qonşuları ilə mehriban qonşuluq əlaqələri qurmağa çalışa”.

Qeyd edək ki, ötən gün ilk dəfə olaraq Ceyhun Bayramovla Ararat Mirzoyan heç bir vasitəçi olmadan birbaşa telefon əlaqəsi yaradıblar. Ermənistan və Azərbaycan XİN rəhbərləri iki dövlətin liderləri səviyyəsində (Brüssel görüşünün ikinci raundu – 6 aprel görüşündə) əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password