ABŞ və Britaniya Rusiyanın Mariupolda kimyəvi silahdan istifadəsinə reaksiya veriblər
Birləşmiş Ştatlar Rusiya qoşunlarının Ukraynada iğtişaşları yatırması vasitələrini diqqətlə izləyir və təsdiqini axtarır. Lakin Pentaqon Rusiya qoşunlarının Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbərləri hələlik təsdiqləməyib.
Bu barədə CNN xəbər verib.
“Mariupoldan gələn xəbərlər, əgər doğrudursa, dərin narahatlıq doğurur və Rusiyanın Ukraynada kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qaz da daxil olmaqla, iğtişaşlara nəzarət üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi ilə bağlı narahatlığımızı əks etdirir”, – Pentaqonun mətbuat xidmətinin məlumatında deyilir.
Böyük Britaniya isə tərəfdaşları ilə birlikdə aprelin 11-də axşam saatlarında Mariupolda kimyəvi silahdan istifadə ilə bağlı məlumatları yoxlayır. Bu barədə xarici işlər naziri Elizabet Trass bildirib.
“Rusiya qoşunlarının Mariupol sakinlərinə hücum etmək üçün kimyəvi maddələrdən istifadə etdiyi bildirilir. Təfərrüatları yoxlamaq üçün təcili olaraq partnyorlarla işləyirik”, – o, tvit hesabında yazıb.
Nazir vurğulayıb ki, kimyəvi silahdan istifadə münaqişənin daha da genişlənməsinə səbəb olacaq.
“Biz Putin və onun rejimini hesaba çəkəcəyik”, – Trass əlavə edib.