Fransada həyəcan pik həddə – Ölkənin yeni prezidenti kim olacaq?
“Emmanuel Makronun yenidən Fransa prezidenti seçiləcəyi ehtimalı daha böyükdür”.
Bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert Fransada keçirilən prezident seçkiləri ətrafındakı gəlişmələri şərh edib:
Fransada keçirilən seçkilərin yekun nəticələri bəlli olub. Səslərin 100 faizi sayıldıqdan sonra Makronun 27.6 faiz səs topladığı bildirilib. İkinci yerdə gələn Marin Lö Pen isə 23.41 faiz səs toplayıb. Jan-Lük Melanşon seçicilərin 21.95 faizinin etimadını qazana bilib.
İkinci turda Makron və Lö Pen rəqabət aparacaq. Jan-Lük Melanşon da daxil olmaqla solçu və sağ mərkəzçi namizədlərin Makronu dəstəklədiklərini nəzərə alsaq, Fransanın fəaliyyətdə olan dövlət başçısının yenidən bu ölkənin prezidenti seçiləcəyi ehtimalı daha böyükdür.
Seçkilərin ilkin nəticəsi bəlli olduqdan sonra, Lö Penə qarşı ən sərt çağırışı Jan Lük Melanşon səsləndirib. Tərəfdarlarına müraciət edən Melanşon bəyan edib ki, Lö Pen onların bir səsini belə qazanmamalıdır. Fransa respublikaçılarının təmsilçisi, sağ mərkəzçi Valeri Pekres də tərəfdarlarını Makrona səs verməyə çağırıb. Hazırda Melanşon və Pekres də daxil olmaqla, tərəfdarlarını indiki prezidentə səs verməyə çağıranların sayı dördə çatıb.
Birinci turda seçicilərin 7.05 faiz səsini toplayan ifrat sağçı Erik Zemmur və 2.07 faiz səslə 9-cu sırada yer alan “Ayağa qalx, Fransa” sağçı partiyasının sədri Nikolya Dyüpen-Enyan tərəfdarlarını Lö Penə səs verməyə çağırıblar.
Emmanuel Makronu dəstəkləyən namizədlər – Jan-Lük Melanşon seçicilərin 21.95, Valeri Pekres 4.79, Yannik Jado 4.58, Ann İdalqo 1.74 faizinin səsini toplayıb. 2.31 faiz seçici səsini toplayan Fransa kommunistlərinin lideri Fabyen Rassel Makronu dəstəklədiyini bəyan etməsə də, tərəfdarlarını Lö Penə səs verməməyə çağırıb”.
Elçin Mirzəbəyli bildirib ki, solçuların ikinci turda Marin Lö Penə səs verəcəkləri tamamilə istisna olunur:
“Amma Makronu dəstəklədiyini bəyan edən sağçı Valeri Pekresin tərəfdarlarının bir hissəsinin Lö Penə səs verə biləcəkləri istisna olunmur.
Birinci turun nəticələrini əsas götürsək, Emmanuel Makron ikinci turda 52-57 faiz səs toplaya bilər. Mövcud şərtlər daxilində, radikal sağçıların təmsilçisi Lö Penin ikinci turda qalib gəlmək ehtimalı çox azdır. Radikal sağçılar bu seçkilərdə son 30 ilin ən böyük nəticəsini qazanıblar və ikici turda sağ və sağ mərkəzçi qüvvələrin mərkəzçi Makronu dəstəkləyəcəyi ehtimalı daha böyükdür.
Makronun qurucusu olduğu “İrəli, Respublika” partiyasının liberalizm, sosial-liberalizm, iqtisadi liveralizm, neoliberalizm, avroatlantizm və avropaçılıq ideyalarının sintezindən ibarət ideoloji platforması mahiyyət etibarilə həm solçuların, həm də radikallar istisna olmaqla, sağ və sağ mərkəzçilərin ideoloji baxışlarına daha yaxındır”.