Dünyada gübrənin bahalaşması Azərbaycana necə təsir edir?
Rusiya-Ukrayna müharibəsi fonunda qlobal gübrə bazarında yaranmış tədarük çatışmazlığı bu məhsulun qiymətini rekord həddə çatdırıb.
Son 1 ildə əmtəə birjalarında təkcə azot gübrəsinin 1 tonu 250 ABŞ dollarından 650 ABŞ dollarına qədər bahalaşıb, bu isə 2,6 dəfə qiymət artımı deməkdir.
Digər gübrələrin də qiymətləri yerində saymayıb. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, son vaxtlar ammonyak gübrəsinin qiymətində 3,3 dəfə, karbamid gübrəsinn qiymətində isə 2 dəfə artım olub. Gübrə istehsalında istifadə olunan ammonyak, azot, nitrat, fosfat, kalium və sulfat isə 30%-ə qədər bahalaşıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ötən il Rusiya dünyada azot gübrəsinin I, kalium və fosfor gübrələrinin isə II ən böyük ixracatçısı olub. Ukrayna ilə müharibəyə görə qonşu ölkədən gübrə ixracı tam dayanmasa da, tədarük zənciri ciddi şəkildə pozulub. Nəticədə gübrə bazarında 14% paya malik olan Rusiyadan məhsul idxal etmək çətinləşib. Gübrəni kəskin bahalaşdıran digər amil isə son vaxtlar dünyada, o cümlədən Avropada təbii qazın qiymətinin xeyli artmasıdır. Gübrə istehsalında “mavi yanacaq” önəmli rol oynayır.
Bəs dünyada gübrənin bahalaşması Azərbaycana necə təsir edir?
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 milyon ABŞ dolları dəyərində 8,9 ton gübrə idxal edib. Başqa sözlə, 1 ton gübrənin idxal dəyəri 565 dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 1 il bundan əvvəl ölkəyə 13,05 milyon dollar dəyərində 56,9 min ton gübrə gətirilmişdi (tonu 230 dollara).
Onun sözlərinə görə, hazırda yaranmış problemi Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun hesabına aradan qaldırmağa çalıışırlar: “Bu yaxınlarda zavodun direktorunun, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinin iştirakı ilə iclas keçirdik. Fermerlərin daha çox aldığı 40 kiloqramlıq torbalarda satılan karbamidin gündəlik istehsal həcmini 500-600 tondan 700-800 tona çatdırmağı təklif etdik. Zavodun rəhbərliyi söz verdi və sözünə əməl edir. Onlar həm də daxili bazarda gübrəni xeyli ucuz – tonu cəmi 420 manata (250 dollara) satırlar. Halbuki, dünya bazarında qiymət 600 dollardan aşağı deyil. Bunun üzərinə logistika xərclərini gələndə 1 ton gübrənin Azərbaycana gəlib-çıxması 1 200 manatdan baha başa gəlir. Bir sözlə, yerli istehsal yaramızı 60% sağaldıb. Nə yaxşı ki, ölkə rəhbərliyi vaxtında bu cür zavodun tikilməsi ilə bağlı qərar verib”.
Ə. Abdullayev onu da qeyd edib ki, bəzi gübrələri mineral və üzvi gübrələrlə əvəz etmək üçün iş aparılır: “Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların xətti ilə fermerlər arasında müəyyən maarifləndirmə işləri aparırıq ki, mineral və üzvü gübrələrin hesabına boşluğu doldursunlar. Bununla da, məhsuldarlığın aşağı düşməsinin qarşısını almaq istəyirik. Yaxın zamanlarda nazirlik rəsmilərinin , “Aqroservis” ASC-nin nümayəndələrinin və böyük idxalçıların iştirakı ilə görüş təşkil etmək istəyirik. Fərqli baxışlar var kimin əlindən nə gəlirsə onu etməlidir, çünki iqtisadi baxımdan səmərəli olan bitkilərin yetişdirilməsinə, təlabatın ödənilməsinə dəstək verməliyik. Bu istiqamətdə yol axtarmalıyıq”./report.az