Fransadan gələn şok etiraf – “Ərdoğana uduzduq”
“Contrepoints” nəşri Ukrayna-Rusiya danışıqlarında Fransanın vasitəçilik rolunu Türkiyəyə uduzduğunu yazıb.
Məqalədə Moskva ilə Kiyev arasında İstanbulda başlayan danışıqların münaqişəyə həllin tapılması baxımından sevindirici olduğunu, amma bunun həm də Fransanın Türkiyə qarşısında məğlubiyyəti sayıldığını bildirilib.
“Biz təəssüflənə bilərik ki, Fransa və Avropa İttifaqı (Aİ) ölkələri diplomatik təsirlərini itiriblər”, – fransız nəşri qeyd edib.
Coğrafi mövqeyinin Türkiyəyə Avrasiyada mühüm rol oynamağa imkan verdiyinə və bunun Rusiya və ABŞ tərəfindən diqqətdən kənarda qalmadığına diqqət çəkilən məqalədə Ankaranın hər iki tərəfin dəstəyi ilə regional gücünü artırmaq üçün təşəbbüslər irəli sürdüyü vurğulanıb.
Məqalədə Türkiyənin regional mövqeyinə görə NATO və ya Rusiya ilə məhdudlaşmaq istəmədiyi diqqətə çatdırılıb, Türkiyənin Rusiya ilə turizm və karbohidrogen sahəsində güclü iqtisadi əlaqələrinin olduğu xatırladılıb.
Türkiyənin Ukrayna ilə də çox yaxın münasibətləri olduğunu və müharibədən əvvəl “Bayraktar” pilotsuz təyyarələrinin Ukraynaya satıldığını xatırladan nəşr bu mövqeyin Ankaranı siyasi, iqtisadi və sivilizasiyaların kəsişmə nöqtəsinə çevirdiyini bildirib.
Məqalədə qeyd edilib:
“Bu, Türkiyəyə Ukrayna və Rusiyanın etimadını qoruyub saxlamağa imkan verdi və hətta müharibənin başlamasından bir neçə gün sonra Rusiya lideri Vladimir Putin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Yəni dialoq məkanı kimi Türkiyənin seçilməsi təəccüblü deyil.
Türkiyənin vasitəçilik nümunəsi göstərdi ki, həm NATO üzvü olub, həm də müharibə edən hər iki ölkə – Ukrayna və Rusiya ilə güclü əlaqələr qurmaq mümkündür. Əslində bu vasitəçi rolunda uzun müddətdir Fransa dayanmışdı”.
Məqalədə diqqətə çatdırılıb ki, hazırda ictimai rəy NATO və rusiyapərəstlər arasında bölünüb və bu, Fransanın vasitəçi kimi yenidən masaya qayıtmasına mane olur./teleqraf.com