“Məhşər divanı: Yalanın 17 anı” sənədli romanının təqdimatı keçirilib
Bu gün Bakı Kitab Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanının təqdimat mərasimi baş tutub. Təqdimat mərasimində tanınmış şəxslər: dövlət qurumları təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı Qulu Məhərrəmli kitabın ümumi süjeti və mahiyyətindən bəhs edib. Daha sonra o, çıxış üçün sözü qonaqlara verib.
Millət vəkili Fazil Mustafa bu tip kitabların dünyada tanıdılmasının vacibliyini qeyd edib: “Bu cür kitablarla mübarizə ənənəsi artıq dünya dillərində də nəşr olunmalı, tanıdılmalıdır. Yəni auditoriyanı böyütmək lazımdır. Hansı ki sözügedən kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulub”.
Deputat, akademik Ziyad Səmədzadə bu gün üçün informasiya müharibəsi anlayışının aktual olmasından və bu kitabın da informasiya vasitəsi kimi yaxşı vəsait olduğunu vurğulayıb: “Bu kitab bizim hamımızı informasiya müharibəsinə səfərbər edən əsas amillərdən biridir. Kitabda o qədər zəngin faktlar var ki, bütün bunlar erməni vəhşiliyini göstərir”.
Dünyada artıq soyqırımı hadisələrinin xüsusi araşdırma istiqamətinin formalaşdığını deyən A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri üzrə elmlər doktoru, professor Kərim Şükürov bu hadisənin əhəmiyyətinə toxunub: “Genosidologiya adlı elmi istiqamət formalaşır. Bu baxımdan, Azərbaycan tarixi boyunca başına gətirilən faciələri daha geniş auditoriyaya çatdırmalıdır ki, dünyada fikir formalaşdıra bilsin”.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bu tip kitabların davamının olacağını qeyd edib: “Azərbaycan Dünya Təşkilatını formalaşdırırıq. Orada dövlətə, Azərbaycana, turançılığa yönəlik addımlar atacağıq və bu kitab sonuncu deyil”.
Xalq yazıçısı Çingiz Abdullayev kitabda adları çəkilən erməni qəsbkarlarının vəhşiliyi məsələsinə toxunub: “Kitabda Azərbaycan xalqına qarşı törədilmiş faciələrin əsas baiskarlarının məhkəməsi qurulub. Amma mən bu siyahıya Sarkisyanı, Koçaryanı, Seyran Akoryanı da əlavə edərdim. Çünki adlarını çəkdiklərim özləri etiraf ediblər: “Biz Xocalıda sübut etdik ki, dinc əhalini də öldürə bilərik”.
Yazıçı Varis də hazırkı mübarizənin informasiya tərəfinin aktuallığını diqqətə çatdırıb: “Kitabı nə qədər dünyaya yaysaq, nə qədər tanıtsaq, bir o qədər effektiv olacaq. Bizim müharibəmizin ikinci mərhələsi məhz bu cür aparılmalıdır”.
Sonda müəllif Adəm İsmayıl Bakuvi kitabın yazılması tarixçəsindən danışıb: “Mən uşaq olanda nənələrimiz, babalarımız elə faktlar danışırdı ki, o faktları heç vaxt unutmaq olmaz. Məsələn, biri mənim yadımdadır ki, deyirdilər, Şamaxının yuxarısındakı məscidin içində yanan insanların qoxusu Ağsuya qədər çatırdı. Bu tip faktları biz uşaq olanda eşidə-eşidə altşüurumuzda saxlamışdıq. Və bütün bu faciəvi məsələlərin yekununda bu kitab ərsəyə gəldi”.
Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır. Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Viktoroviç Mixaylovdur (Rusiya).
445 səhifəlik sənədli romanda eyni millətin (erməni) nümayəndəsi olan 17 nəfərə Böyük Divan qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilərə məhkəmə qurulur, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də baş hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.
Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər. Əsərin daha 4 dildə – türk, rus, ingilis və erməni dillərində çapı nəzərdə tutulur ki, artıq rus dilində nəşri hazırda çapa hazırlanır.