Cəlilabadın icra başçısı Şaxta babanı Novruz mərasiminə gətirtdi – FOTO
Sosial şəbəkələrdə Cəlilabad rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdən maraqlı fotoşəkil paylaşılıb.
Modern.az xəbər verir ki, Fotoşəkildə diqqət çəkən əsas məqam Novruz tonqalı ətrafında Şaxta babanın olmasıdır.
Şəkildən görünür ki, Novruz tonqalı ətrafında dövrə vuranlar arasında özünə yer edən Şaxta baba Keçəlin əlindən tutub rəqs edir. Halbuki, biz Keçəlin yanında həmişə Kosanı görməyə adət etmişik.
Axı Novruzun əsas personajları Keçəl və Kosadır.
Yeri gəlmişkən, Novruz tonqalı ətrafında tədbirə tamaşa edən və əl çalanlar arasında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov da var. Deyilənə görə, Şaxta babanın mərasimə çağırılması da elə onun ideyasıdır.
Xatırladaq ki, R.Cəlilov 14 sentyabr 2021-ci il tarixində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Bəs ilin-günün bu vaxtında Şaxta baba hara, ucqar Cəlilabad rayonu hara…
Cəlilabad rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək mümkün olmadığından, belə düşünürük ki, bölgə rəsmiləri hazırda havaların adət etmədiyimiz soyuq, şaxta və qarla müşayiət olunduğunu nəzərə alaraq, Şaxta babanı zarafatla Novruz mərasiminə dəvət ediblər…
Yoxsa Şaxta babanın Keçəlin yanında Kosanı əvəz etməsinin başqa nə anlamı ola bilər?/modern.az